Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2003-2008-ci illər ərzində görülmüş işlər barədə HESABAT

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən

2003-2008-ci illər ərzində görülmüş işlər barədə

HESABAT

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarından, onun ölkə səhiyyəsində islahatlar aparılmasının zəruriliyi barədə göstərişindən, müəyyənləşdirdiyi prioritetlərdən çıxış edərək, bu gün respublikanın səhiyyə sistemində yeniləşmə gedir.  Səhiyyə sistemində ab-havanın sağlamlaşdırılması, əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyəyə qaldırılması, dağıdılmış sistemin daha yüksək səviyyədə yenidən bərpası, korrupsiya ilə mübarizə, səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma, saxta dərmanlarla mübarizə və digər məsələlər görülən işlərin başlıca istiqamətlərini təşkil edir.  

 

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. 2003-cü ildə səhiyyə ehtiyaclarına 69,0 milyon manat ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 557.8 milyon manat olmuşdur ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2007-ci illə müqayisədə 2008-ci ildə səhiyyənin büdcəsi 20% artmışdır.

 Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə  tam gücü ilə işləməyən, özünü doğrultmayan,  binaları bərbad vəziyyətdə olan, köhnəlmiş və yararsız cihaz və avadanlıqla təchiz olunmuş, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi,  çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.    

Belə ki, Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınaraq, əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanmışdır. 

 

Qeyd olunan məsələ 20 oktyabr 2008-ci il tarixdə Səhiyyə Nazirliyi  Kollegiyasında geniş müzakirə olunmuş və hazırda  Respublikanın şəhər və rayon tibb müəssisələri şəbəkəsi və strukturu yenidən hazırlanır.

 

Son illər ərzində dövlət rəhbərinin təşəbbüsü və bilavasitə dəstəyi ilə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir:

 

- “Şəkərli diabet üzrə Dövlət Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2005-ci il tarixli 101 nömrəli Qərarı);

- “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı il tarixli 211 nömrəli Qərarı);

- “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2006-cı il tarixli 61 nömrəli Qərarı);

- “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 15 nömrəli Qərarı);

- “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 179 nömrəli Qərarı);

- “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli, 177 nömrəli Qərarı);

- “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 178 nömrəli Qərarı).

 

Bundan əlavə hər yeni doğulan uşağa dövlət hesabına onun peyvənd, müayinə və müalicəsində böyük yardımçı olacaq  plastik sağlamlıq kartlarının, eləcə də  tibbi müayinə kartlarının tətbiqi  qaydaları da hökumət tərəfindən təsdiq edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 və 143 nömrəli qərarları).

 

Proqramların reallaşması üçün ilk dəfədir ki, dövlət tərəfindən maliyyə vəsaitlərin ayrılması nəzərdə tutulmuşdur.  

 

Səhiyyə Nazirliyinin  əmri ilə “Dövlət Proqram­larına daxil edilmiş xəstəliklərin ilkin aşkarlanma hallarının qeydiy­yatı vərəqi” -vahid registr forması və “Dövlət Proqramlarına daxil edilmiş xəstəliklərin ilkin aşkarlanma hallarının qeydiyyatı vərəqinin doldurulmasına dair təlimat” təsdiq edilmişdir.

 

Ötən illər ərzində bu proqramların həyata keçirilməsi uğurla davam etdirilmişdir.

 

“Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış,  qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artmış və 100 minə çatmışdır.  Əsas səbəblərdən biri xəstələrə pulsuz dərman və qlükometrlərin paylanmasıdır.  

 

Ana və uşaqların  sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biridir.   Bildiyiniz kimi   respublikanın 7 şəhər və rayonunda (Bakı, Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Sabirabad) perinatal mərkəzlərin yaradılması və onların ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur.

 

Artıq Gəncə şəhərində ən müasir avadanlıqla təchiz olunmuş Perinatal Mərkəz bu günlərdə açılaraq istifadəyə verilmişdir.    Bakıda - Respublika Doğum Evində  də mərkəz bu yaxınlarda istifadəyə veriləcək.

 

Sözügedən Tədbirlər Planı çərçivəsində doğuşayardım müəssisələrinin pasportlaşdırılması işi sona çatdırılmışdır.

  

 Regionlarda doğuşayardım xidmətini gücləndirmək və nəzarəti artırmaq məqsədi ilə 14 “zona mərkəzi” təşkil edilmişdir.

Azərbaycan Respublikasının “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.

 

UNİCEF-in dəstəyi ilə “Yenidoğulmuşların reanimasiyası”, “Yenidoğulmuşlara effektiv qulluq”, “Hamiləliyin hipertenziyası” üzrə klinik protokollar hazırlanmışdır.

Doğuşayardım xidməti göstərən tibb müəssisələri  müasir rabitə vasitələri ilə (internet, faks, telekommunikasiya) təmin edilmişdir.

 

Görülən tədbirlərin nəticəsində uşaq və ana  ölümü   göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir. Belə ki, 2000-ci ildə   uşaq ölümü göstərici 16,7 promilli olmuşdusa, 2008-ci ildə 12,0-yə enmişdir. Ana ölümü əmsalı isə ( 100 min diridoğulana) müvafiq olaraq, 37,6-dan 26,1-ə enmişdir.

 

Əhalinin rifahının və sosial təminatının yüksəlməsinin  təzahürü kimi doğum və təbii artım göstəriciləri də yaxşılaşmışdır.

 

Son illər ərzində əhaliyə göstərilən hematoloji yardım və qan xidmətinin inkişafına dövlət səviyyəsində yüksək diqqət yetirilir.  

 

“Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində qan xidməti müəssisələri qan torbaları, qanı yoxlamaq üçün reaktivlərlə təmin olunmuş,   Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdindəki Mərkəzi Qan Bankı əsaslı təmir edilərək, müasir avadanlıqla təchiz edilmişdir.

 

Bakı şəhərində yerləşən bütün müalicə-profilaktika müəssisələrinin qanköçürmə şöbələrində tədarük edilən qanın yoxlanılmasının mərkəzləşdirilmiş qaydada   Mərkəzi Qan Bankında həyata keçirilməsi təmin edilmişdir ki, bu da öz növbəsində hepatit, HİV/AİDS və başqa infeksiyalara qanla yoluxma riskini, demək olar ki, aradan qaldırmışdır.

 

Görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artmışdır. Yalnız 2008-ci il ərzində 124 könüllü qanvermə aksiyası keçirilmiş və bu aksiyalarda 40 minə yaxın insan iştirak etmişdir. Beləliklə, pullu donorlara ehtiyac aradan götürülüb.

 

2003-ci illə müqayisədə 2008-ci ildə qanvermələrin sayı 2 dəfəyə yaxın artmışdır. Beləliklə də, 2007-ci ildə 10 tona yaxın qan tədarük olunmuşdur, 2008-ci ildə isə bu rəqəm 17 tona çatdırılmışdır. Bu da respublikanın qana olan ehtiyacını tam ödəməyə imkan verir.

 

Hemofiliya və talassemiyalı xəstələrin qanın laxtalanması faktorları preparatları ilə,  dəmirqovucu preparatlar, elektron pompalar, şprislər, kəpənək tipli iynələrlə tam pulsuz təmin olunması davam etdirilmişdir. 

 

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə tikilmiş Talassemiya Mərkəzinin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Bu Mərkəzdə sümük iliyinin köçürülməsi əməliyyatlarının həyata keçirilməsi də mümkün olacaqdır.

 

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunmuşdur.       

Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz  ən müasir tibbi texnika ilə, o cümlədən  mobil diaqnostik komplekslə də təchiz edilmişdir ki,   bu səyyar qurğu bölgələrdə onkoloji xəstələrin aşkar edilməsi üçün   geniş imkanlar yaradır. 

 

Bu  Mərkəzin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  təməli qoyulmuş yeni korpusunun tikintisi də başa çatmaq üzrədir. 

 

Azərbaycan Tibb Universitetinin ən müasir tibb avadanlığı ilə təchiz olunmuş onkoloji klinikası istifadəyə verilmişdir. 

 

Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem aradan qaldırılmışdır.

Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər bu xəstəliklərdən ölüm azalmışdır.

 

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların  hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapıb.

 

Hazırda Respublikada 16 dializ mərkəzi fəaliyyət göstərir.  

 

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200-ə yaxın xəstə dövlət hesabına hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. 

Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində hemodializ mərkəzləri istifadəyə verilmişdir. Yaxın vaxtlarda, Sumqayıt, Şamaxı,  Bərdə,  Tovuz, Quba və Cəlilabad şəhərlərində belə mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulur. Bu günlərdə “Azərsutikinti” xəstəxanasında ən iri hemodializ mərkəzi fəaliyyətə başlayacaqdır.

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamına əsasən, Respublika Klinik Uroloji Xəstəxanasında yaradılan Böyrəkköçürmə Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək.  

Respublikada vərəmlə mübarizə işinə xüsusi diqqət yetirilir.  Artıq bir neçə ildir ki, Ümumdünya Səhiyyə Təşkilatının  tövsiyəsinə uyğun olaraq birinci qrup vərəm preparatları ilə müalicə üzrə DOTS proqramı müvəffəqiyyətlə həyata keçirilir.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bazasında   Milli İstinad Laboratoriyası tikilmişdir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

 

2008-ci ildə ilk dəfə olaraq Bakı şəhəri 4 saylı Vərəm Əleyhinə Dispanserdə təşkil olunmuş xüsusi şöbədə multirezistent vərəm xəstələrinin müalicəsinə artıq başlanmışdır.

Bütün bunların nəticəsində son bir neçə ildə vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, vərəmin aşkarlanması artmış, bu xəstəlikdən ölənlərin sayı isə azalmışdır.  

Azərbaycan Respublikasının HİV/AİDS epidemiyasına qarşı mübarizə beynəlxalq tələblərə uyğun qurulmuşdur. Respublikamızda bu məsələyə son dərəcə ciddi münasibət olduğu üçün Azərbaycan  QİÇS-in yayılmasına görə gərginlik olan ölkələr sırasına daxil deyil.

 

Bu xəstəliyə qarşı epidemioloji nəzarət sistemi gücləndirilmiş, HİV-ə müayinələrin sayı və keyfiyyəti artmışdır.

 

Donor qanının təhlükəsizliyini təmin etmək məqsədi ilə Respublikada tədarük edilən  qanın hamısı HİV-ə yoxlanılır.

 

Təcili və təxirəsalınmaz cərrahi xidmətin optimal təşkili və işinin yaxşılaşdırılması səhiyyə qarşısında duran ən mürəkkəb problemlərdəndir.   Bu səbəbdən də bu növ cərrahi yardım göstərən tibb müəssisələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilir. Bakı Şəhər Klinik Tibbi Mərkəzin və Sumqayıt şəhər təcili yardım xəstəxanalarının rekonstruksiya və əsaslı təmirindən sonra   ən müasir tibbi avadanlıqlarla təchizatı və əhalinin xidmətinə verilməsi də məhz bu kompleks tədbirlər sisteminə aiddir.   

 

Cərrahi əməliyyatların və eləcə də təxirəsalınmaz  əməliyyatların sayı ilbəil artmış, əməliyyatdan sonra ölənlərin sayı isə azalmışdır.

 

Müasir cərrahiyyənin strategiyası kimi qəbul edilən miniinvaziv cərrahiyyə ölkəmizdə böyük vüsət almaqdadır və ildən-ilə artan xətlə inkişaf edir. Laparoskopik xolesistektomiya və appendektomiya istər planlı, istərsə də təxirəsalınmaz cərrahiyyədə adi əməliyyata çevrilməkdədir. Digər tərəfdən, endoskopik əməliyyatlar qaraciyər, mədəaltı vəzi, döş qəfəsi və qarın boşluğunun digər üzvlərinin cərrahiyyəsində də tətbiq edilməkdədir.

 

Uzun illər fəaliyyətsiz qalan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kardiocərrahiyyə şöbəsinin maddi-texniki və dərman təchizatının əsaslı şəkildə yaxşılaşdırılması onun işinin yenidən canlanmasına təkan verdi və icra edilən əməliyyatların sayı xeyli artmağa başladı. Hazırda həmin Mərkəzdə əsaslı təmir işləri aparılır və sona çatmaqdadır.  

 

Nəqliyyat vasitələrinin sayının çoxalması, avtomobil yollarında hərəkətin intensivliyinin artması nəticəsində son illərdə yol-nəqliyyat hadisələrinin, bu hadisələr zamanı ağır travmaların və ölüm hallarının sayı durmadan artır.

 

Yollarda avtomobil qəzaları zamanı zərərçəkmişlərə tibbi yardımın vaxtında göstərilməsi, bununla da ölüm hallarının və travmadan sonrakı şikəstliyin azaldılması məqsədi ilə Nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsi yaradılmışdır və hazırda onlar uğurla fəaliyyət göstərirlər.   

 

Yol hərəkəti iştirakçılarının, ilk növbədə sürücülərin tibbi-sanitar maariflənməsi, onların özünə və qarşılıqlı ilk tibbi yardım göstərmək qaydalarını mənimsəməsi məqsədilə “Özünə və qarşılıqlı ilk tibbi yardım qaydaları”, “Avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi” və “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması məktəblərində tədris olunmaq üçün vəsait” hazırlanmışdır. 

 

Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə Respublika Prezidentinin   Sərəncamı ilə ayrılmış vəsait hesabına müasir tibb avadanlıqları ilə təchiz olunmuş 150 ədəd “Mercedes” markalı avtomaşın alınmış və Bakı şəhərinin təcili yardım xidmətinin parkı yeniləşdirilmişdir.

 

Bu işin davamı olaraq  cari ilin dekabr ayında Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərinə həmin markalı daha 40 avtomaşın verilmişdir.

Ölkə Prezidentinin  Sərəncamına əsasən, təcili və təxitəsalınmaz tibbi yardım xidmətində çalışan işçilərin vəzifə maaşları 2 dəfə artırılmışdır.

 

Bu illər ərzində əhalinin və tibb müəssisələrinin dərman preparatları ilə təminatı da  yaxşılaşmışdır. Səhiyyə Nazirliyinin əmri ilə  ən vacib dərman preparatlarının siyahısı təsdiq edilmiş və ilbə-il bu preparatların sayı və çeşidi genişləndirilir.

 

Uzun illər ərzində tibb müəssisələrinin böyük əksəriyyətində müasir tələblərə cavab verməyən avadanlıqlardan istifadə olunurdu ki, bu da öz növbəsində müalicə-diaqnostika prosesinin təşkilinə mənfi təsir göstərirdi.  Son illər bu vəziyyət kökündən dəyişmişdir. Səhiyyə Nazirliyi bu istiqamətdə siyasətini ən müasir, bu günün və sabahın tələblərinə cavab verən cihaz və avadanlıqların alınmasına yönəltmişdir. 

 

Yeni tikilmiş və təmir olunmuş tibb müəssisələri ən müasir tibbi texnika və avadanlıqla təmin olunur.

 

Uzun illər ərzində xəstəxanalarda müalicə olunan xəstələrin yeməklə təminatı yox dərəcəsində idi.

 

Xəstələrin qidalanması, ərzaq mallarına ayrılan büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada alınması, xörəklərin hazırlanması və hazır məhsulların istifadə yerlərinə çatdırılması təşkil edilmişdir. Bu da xəstələrin qidalanmasında olan problemlərin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərmişdir.  

 

Aparılan tədbirlər, yəni tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artmışdır. Əgər 2003-ci ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2008-ci ildə bu rəqəm 172-yə bərabər olmuşdur. Beləliklə, bu illər ərzində çarpayıların fəaliyyətinin səmərəlilik göstəricisi 2 dəfədən də yuxarı artmışdır ki, bu da Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə qeyd olunur.

 

Bununla bərabər, 2003-cü illə müqayisədə 2008-ci ildə xəstəxanalarda müalicə olunan xəstələrin sayı 32 %, təcili tibbi yardım göstərilən xəstələrin sayı 29 %, ambulator   müraciətlərin  sayı  27 % artmışdır.

 

Səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, 2005-ci ildə “Azərbaycan  Respublikasının əhalisinə zəmanətli  tibbi yardımın təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin əmri imzalanmışdır. Bu əmrlə əhaliyə göstərilən zəmanətli  tibbi yardımın növləri və həcmi, eləcə də terapevtik xəstələrin müalicəsi, təxirəsalınmaz əməliyyatlar və doğuş zamanı işlədilən  ən vacib dərman preparatlarının və  sarğı materiallarının  kifayətləndirici  siyahısı müəyyənləşdirilmişdir.  2008-ci ilin fevral ayının 1-dən isə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilmişdir.

 

Ölkə rəhbərinin təşəbbüsü ilə atılan bu addım əhali və tibb işçiləri tərəfindən çox böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.

 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası   Qanununun icrası ilə  əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə aidiyyəti nazirliklərin rəhbər işçilərindən ibarət Koordinasiya Şurası yaradılmış və Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiq edilməsi üzrə sənədlər toplusu  hazırlanaraq Nazirlər Kabinetinə göndərilmişdir.

 

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinın 11 avqust 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi   sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq iş aparılır.

 

Bundan əlavə Dünya Bankı tərəfindən Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlara kömək məqsədilə ayrılmış  kredit hesabına Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron rayonlarında ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə 50 milyon ABŞ dolları dəyərində pilot layihə həyata keçirilir.

 

Bu qlobal layihəyə hökumət əlavə olaraq 28,3 milyon dollar, layihəni maliyyələşdirən digər təşkilat ABŞ Beynəlxalq İnkişaf Agentliyi 8 milyon dollar, YUNİSEF 470 min dollar, Ümumdünya Səhiyyə Təşkilatı isə 35 min dollar ayıracaqdır.

 

 Bu layihə çərçivəsində qeyd olunan rayonlarda tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir tibb avadanlığı ilə təchiz olunması, səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin yeni formalarının, tibbi sığorta prinsiplərinin, ilkin yardımın mütərəqqi forması olan ailə təbabəti sisteminin tətbiqi və s. nəzərdə tutulur.

 

Respublikada əlilliyin müəyyən olunmasına nəzarətin gücləndirilməsi istiqamətində   Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə  məqsədyönlü tədbirlər həyata keçirilir.

 

İlbəil əlilliyin azalması dinamikası nəzərə çarpır.  2003-cü illə müqayisədə ilkin əlillik təxminən 2 dəfə azalmışdır.

 

10 avqust 2007-ci il tarixdə Azərbaycan Respublikasının  Əmək və Əhalinin  Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin Respublikada əlilliyin müəyyən olunmasına nəzarətin gücləndirilməsi barədə birgə  kollegiya iclası  keçirilmiş və bu sahədə görüləcək işlərin istiqaməti müəyyənləşdirilmişdir.

 

2008-ci ildə özəl sektorun inkişafı   davam etdirilmişdir. Son 5 ildə     özəl  tibb fəaliyyəti ilə məşğul olmaq üçün 499 və  əczaçılıq fəaliyyətilə məşğul olmaq üçün - 977  lisenziya verilmişdir.     

 

Yeni yaradılan tibb müəssisələrinin, o cümlədən özəl müəssisələrin müasir standartlara cavab verməsini təmin etmək məqsədilə   beynəlxalq təcrübə nəzərə alınaraq, Səhiyyə Nazirliyi tərəfindən “Lisenziyalaşdırma işinə dair tələblər” hazırlanmışdır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi respublikanın bütün bölgələrində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə göstərilən tibbi yardımın yaxşılaşdırılması istiqamətində, eləcə də “Qaçqınların və məcburi köçkünlərin problemlərinin  həlli üzrə” Dövlət Proqramının icrası ilə bağlı məsələlərin həllində məqsədyönlü iş aparır.

 

Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən qaçqınlar arasında xəstəliklərin diaqnostikası və müalicəsi məqsədilə onların məskunlaşdığı rayonlara mütəmadi olaraq elmi-tədqiqat institutlarının və aparıcı klinikaların  mütəxəssislərdən ibarət briqadalar göndərilir.

 

Aşkar olunmuş xəstələr yerli tibb müəssisələrində,   mürəkkəb cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr isə Bakı şəhərinə gətirilərək, müvafiq tibbi yardımla təmin olunurlar.   

Azərbaycanda əhalinin sanitariya-epidemioloji salamatlığının qorunması işini yaxşı­laşdırmaq istiqamətində məqsədyönlü iş aparılır.

 

Son illərdə aparılmış islahatlar nəticəsində sanitariya-epidemioloji xidmətinin idarə olunmasında olan təkrarlanmanın, paralelliyin  aradan qaldırılması, xidmətin güc və ehtiyatlarının prioritet sahələrə yönəldilməsi  onun  fəaliyyətinə müsbət təsir göstərmişdir. 

 

Yoluxucu xəstəliklərlə mübarizə işi Səhiyyə Nazirliyinin prioritet sahəsi kimi irəli çəkilərək,  irimiqyaslı kompleks Milli  Proqramların həyata keçirilməsi nəticəsində bəzi yoluxucu xəstəliklərin praktik ləğvinə, digərlərinin isə dinamik şəkildə azalmasına nail olunmuşdur.

 

Bu nailiyyətlərin davamlığının təmin edilməsi məqsədilə «Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»  işlənib hazırlanaraq    Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdur.   

Qısa vaxtda poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan hazırda bu xəstəlikdən azad diyara  çevrilmiş və bu statusu saxlamaq üçün Səhiyyə Nazirliyi  mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

 

Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə mübarizə işində beynəlxalq və qeyri-hökumət   təşkilatları ilə  yaradılan  işgüzar  əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirir.

Son illər profilaktik peyvənd təqviminə daxil olmayan idarəolunan xəstəliklər, o cümlədən epidemik parotit və məxmərəklə  xəstələnmənin nisbətən yüksək səviyyədə olmasını nəzərə alaraq Rostropoviç-Vişnevskaya Fondu ilə aparılmış danışıqlar nəticəsində profilaktik peyvənd təqviminə qızılca vaksini əvəzinə üç komponentli  - qızılca, parotit və məxmərək əleyhinə vaksin daxil edilmişdir. 

 

Respublikamız Ümumdünya Səhiyyə Тəşkilatının Avropa regionunda qızılca və məxmərəyin 2010-cu ilə kimi eliminasiyası proqramına qoşularaq 2006-cı ilin fevral-mart aylarında Azərbaycanda 7-23 yaşlı əhali arasında Milli İmmunlaşdırma Kampaniyası  keçirilmişdir.

 

Respublika üzrə peyvənd planı hər il təxminən 96-98%  yerinə yetirilmişdir.

 

Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində gızılca xəstəliyi 2003-cü ildə 1950 hadisə,  məxmərək 1058 hadisə olduğu halda 2008-ci ildə bu xəstəliklər qeydə alınmamışdır,  epidemik parotit 2003-cü illə müqayisədə təxminən 12 dəfə azalmışdır.

 

Malyariya xəstəliyinə qarşı geniş miqyaslı təşkilatı, müalicə-profilaktik və kompleks əksepidemik tədbirlərin aparılması və xəstəliklə mübarizədə düzgün strategiyanın seçilməsi nəticəsində malyariya ilə xəstələnmə halları ilbə-il azalaraq 2003-cü illə müqayisədə 2008-ci ildə 6,6 dəfə azalmış və respublikada epidemioloji sabitlik əldə olunmuşdur.

 

Əldə  olunmuş nailiyyətləri saxlamaq və gələcəkdə malyariyanın ləğv edilməsi məqsədilə “2008-2013-cü illər üçün Azərbaycan Respublikasında malyariyanın eliminasiyası üzrə Milli Strategiya” və “Milli Fəaliyyət Planı” işlənib hazırlanmış və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.

 

2006-cı ilin əvvələrində respublikamıza quş qripi xəstəliyinin gətirilməsi ehtimalı olduğunu  nəzərə alaraq, respublika ərazisinə  quş qripi xəstəliyinin gətirilməsi və yayılmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüşdür. 

 

Qabaqlayıcı profilaktik tədbirlərin ləngidilmədən aparılması  üçün köçəri quşlar arasında quş qripi xəstəliyinin fəal aşkar olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidməti tərəfindən Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə  monitorinqin aparılması təşkil edilmişdir.

 

Respublika əhalisinin quş qripi xəstəliyinin profilaktikası sahəsində biliklərinin artırılması məqsədilə geniş maarifləndirmə  işi həyata keçirilmişdir. 

Respublikamızda 2006-cı ilin fevral-mart aylarında ilk olaraq suda üzən çöl quşları, sonra isə insanlar arasında quş qripi xəstəliyi qeydə alınmışdır.

Əhali arasında baş vermiş quş qripi ilə xəstələnmə nəticəsində 8 nəfər xəstələnmiş, onlardan 5-i vəfat etmişdir (4-ü Salyan rayonu sakinləri, 1-i - Tər-tər rayon sakini).

Quş qripinin profilaktikası məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən aparılmış məqsədyönlü profilaktik və əksepidemik tədbirlər nəticəsində xəstəlik ocağı qısa müddətdə lokallaşdırılmış və ləgv edilmişdir. 

“Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən «Bioloji Təhlükənin Azaldılması Proqramı» çərçivəsində Respublika Taun Əleyhinə Stansiyada və onun 4 rayonlararası şöbələrində əsaslı işlər aparılacaqdır. Artıq adı çəkilən müəssisələrin tikinti layihələri başa çatmaq üzrədir və 2009-cu ildə onların inşası planlaşdırılır. Tikinti başa çatdırıldıqdan sonra həmin müəssisələr layihə çərçivəsində müasir laborator avadanlıqları ilə  təchiz olunacaqdır.

 

Səhiyyə Nazirliyi tərəfindən Rostropoviç-Vişnevskaya Fondu ilə əməkdaşlıq çərçivəsində helmintozların profilaktikası üçün Respublikanın 250 min nəfər ibtidai sinif şagirdləri arasında kütləvi dehelmintizasiya tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərin nəticəsində şagirdlər arasında yoluxma dərəcəsi 3,4 dəfə azalmışdır.

 

Yoluxucu xəstəliklərlə mübarizə ilə yanaşı sanitariya-epidemioloji xidmət tərəfindən ətraf mühitin mühafizəsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir.

 

Azərbaycan  Respublikası  Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən  müvafiq tədbirlər görülmüşdür.  

  Ətraf mühit amillərinin əhalinin sağlamlığına olan mənfi təsirinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanması,   Bakı şəhəri üzrə hava hövzəsinin çirklənməsinin öyrənilməsi istiqamətində və əhalinin içməli su təchizatının vəziyyətinin qiymətləndirilməsi sahəsində məqsədyönlü işlər aparılır. 

 

Sanitariya-epidemioloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görülmüşdür.  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin binasının əsas və yardımçı otaqlarında təmir işləri aparılmış, naqilsiz kompyuter şəbəkəsi və internet xidməti yaradılmış, yeni mebel dəstləri alınmış, laboratoriyalar texniki səlahiyyətliliyə və müstəqilliyə görə akkreditasiyadan keçirilmişdir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və Respublika Sanitariya-karantin Müfəttişliyinin ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət üzrə laboratoriyaları müasir avadanlıqla təchiz edilmiş və yeyinti məhsullarının təhlükəsizliyi üzərində dövlət sanitariya nəzarəti gücləndirilmişdir.

 

Səhiyyədə İnformasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi və “Elektron Azərbaycan” Dövlət Proqramının icrası çərçivəsində tədbirlər həyata keçirilmişdir. 50 mindən artıq yenidoğulmuş uşağa “Sağlamlıq Kartı” tərtib edilmişdir. Obliqat qrupların elektron registrini təmin edən “Tibbi müayinə kartı” sistemi yaradılmışdır.

 

Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən tibbi-informasiya sisteminin tətbiqinə başlanmış və Klinik Tibbi Mərkəzdə bu sistem quraşdırılmışdır.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dispetçer xidmətinin işinin effektivliyi artırılması üçün burada ən müasir rabitə və kompüter sistemləri quraşdırılmışdır və artıq fəaliyyət göstərir.

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respubli­ka­sında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” məlum  Fərmanı səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.

 

Təsdiq olunmuş Dövlət Proqramına əsasən  respublikanın 20-dən artıq şəhər və rayonunda müasir səhiyyə obyektlərinin tikintisi və digər  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və icrası başa çatdırılmışdır. 

 

Belə ki, 20 ildən artıq tikintisi yarımçıq qalmış Elmi-Tədqiqat Oftalmologiya institutunun hal-hazırda yüksək templə inşası aparılır. Milli Onkoloji Mərkəzinin yeni çox mərtəbəli korpusunun tikintisi də böyük sürətlə aparılır. Digər elmi-tədqiqat müəssisələrində də, o cümlədən Elmi Cərrahoyyə Mərkəzində, mamalıq və ginekologiya, hematologiya və transfuzilolgiya, travmatologiya və ortopediya, pediatriya, kardiologiya institutlarında təmir və yenidənqurma işləri görülmüşdür.

 

Azərbaycan Tibb Universitetinin onkoloji, cərrahoyyə və terapiya korpuslarının tikintisi aparılmışdır.

Bakı şəhərində ən iri tibb müəssisəsi olan Klinik Tibbi Mərkəzdə  iri həcmli əsaslı təmir və yenidənqurma işləri aparılmış, ən müasir tibbi avadanlıq və cihazlarda təchiz olunaraq istifadəyə verilmişdir. Xəstəxananın açılışında iştirak edərkən ölkə rəhbəri tərəfindən görülən işlərə yüksək qiymət verilmişdir.

Bakı şəhərinin qəsəbə və kəndlərinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  qəbul olunmuş  Proqram  əhalinin həyat və  fəaliyyətinin bütün sahələrinə,  ilk növbədə səhiyyənin inkişafına öz müsbət təsirini göstərir.  

 

Proqramda 25 tibb müəssisəsinin tikintisi, yenidən qurulması və təmiri nəzərdə tutulmuşdur və bu sahədə işlər başa çatdırılmışdır.

Bu illər ərzində ümumiyyətlə 289 tibb müəssisəsinin  tikintisi və ya əsaslı təmiri həyata keçirilmişdir. Bunlardan 124-ü xəstəxana, 17-si poliklinika, 81-i ambulatoriya, 53-ü feldşer-mama məntəqəsi və digər tibb müəssisəsidir.

 

Müəssisələrin hamısı müasir tibb texnika və avadanlıqla təchiz edilmişdir.

 

Böyük inkişaf mərhələsini yaşayan Azərbaycan səhiyyəsinin bir qolunu da əczaçılıq sektoru təşkil edir. Son 5 ildə ölkə səhiyyəsində baş verən mütərəqqi dəyişikliklər əczaçılıqdan da yan keçməyib. Bunun əsas şərtlərindən biri mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2007-ci il tarixli 528 nömrəli Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanun qüvvəyə mindikdən sonra bu sahədəki boşluqlar ciddi şəkildə aradan qaldırıldı. Bu isə öz növbəsində ölkəmizin əczaçılıq sahəsində əsaslı dönüş yaratmağa böyük təkan verdi.

 

Son bir neçə il ərzində bu qanunla yanaşı, əczaçılıq sektorunu tənzimləyən daha bir neçə qanun və qaydalar qəbul olunub. Bunlardan  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” (28 iyun 2005-ci il), “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları” (13 iyul 2007-ci il), habelə “Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydaları”nı (25 sentyabr 2007-ci il) qeyd etmək olar.

 

Dövlət başçısı cənab İlham Əliyev də 2005-cı ilin yekunlarına dair müşavirədə dərmanların keyfiyyətinə nəzarət və saxta dərmanlarla mübarizə məsələsini ölkə səhiyyəsi qarşısında duran ən vacib vəzifələrdən biri kimi səciyyələndirmiş, saxta dərmanların ölkəyə gətirilməsinin geniş vüsət aldığını bildirmiş, bu saxtakarlığın insan sağlamlığına vurduğu ziyanı nəzərə alaraq, belə dərmanların idxalının qarşısının alınması məsələsini ciddi nəzarətə götürmək barədə tapşırıq vermişdi.

 

Bu istiqamətində atılan ən önəmli addımlardan biri  Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) yaradılmasıdır. Əczaçılıqla bağlı bütün işlər – əczaçılıq sektorunun inkişafı, dərmanların qeydiyyata alınması, sertifikatlaşdırılması, keyfiyyətinə, pərakəndə və topdan satışına nəzarət məhz bu quruma həvalə edilmişdir.

 

Əczaçılıq sahəsində qarşıda duran mühüm vəzifələrdən biri dərman preparatlarının qeydiyyata alınmasıdır. Son 5 ildə qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülmüşdür.  Dərman vasitələrinin qeydiyyatı ilə əlaqədar hazırlanan normativ sənədlər, o cümlədən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydaları” Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur.    Bu günədək 4000-ə yaxın adda dərman vasitəsi Azərbaycan Respublikasının «Dərman vasitələri haqqında» Qanununa müvafiq olaraq dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestri yaradılmışdır. 

 

Ölkəyə idxal olunan dərman vasitələrinə nəzarət də ən vacib məsələlərdən biridir. Ölkəyə gətirilən dərmanlardan nümunə götürülərək  laboratoriyada analizdən keçirilir. Məhz bundan sonra həmin preparatların ölkəyə buraxılıb-buraxılmaması ilə bağlı qərar verilir. Onu da qeyd edək ki, təkcə 2007-ci il ərzində 16 minə yaxın dərman analizdən keçirilmişdir.

 

Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə nəzarət gücləndirilmişdir. Respublika üzrə ümumilikdə 1800-ə yaxın aptekə baxış keçirilmiş, qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmış apteklərin fəaliyyəti dayandırılmışdır.

 

Qeydiyyatdan keçməyən 2500-ə yaxın dərman vasitəsinin pərakəndə və topdan satışına, saxlanılmasına və istifadəsinə qadağa qoyulmuşdur.

 

Tibb texnikası və tibbi ləvazimatın ekspertizası da önəmli məsələlərdəndir. Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal edilən tibbi texnikanın və tibbi ləvazimatların təhlükəsizliyi və keyfiyyəti üzərində nəzarət həyata keçirilmişdir.

 

Son 5 ildə səhiyyə sahəsində əldə edilən uğurlardan biri də narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Azərbaycana idxalına və ölkə ərazisində dövriyyəsinə ciddi nəzarətə nail olunmasıdır. Hazırda transmilli mütəşəkkil cinayətkarlığın geniş yayıldığı bir şəraitdə narkomaniya qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olaraq qalır.

 

Bu istiqamətdə bir sıra mühüm işlər görülüb: narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyinin artırılması, polis və milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə dövlət proqramları və milli fəaliyyət planları qəbul edilmişdir. 

 

2005-ci ildən başlayaraq bütün tibb müəssisələrində  tibb işçilərinin işə qəbulu yalnız mətbuatda elan verməklə  müsabiqə əsasında Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Tibbi kadrlara olan real tələbat nəzərə alınaraq Azərbaycan Tibb Universitetinə və orta tibb məktəblərinə tələbə qəbulu müəyyən qədər azaldılmışdır.

 

2006-cı ildən başlayaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə  təyinatla göndərilməsi sistemi bərpa olunmuşdur.    2006-cı ildə məzunların 63%-i, 2007-ci ildə - 72%-i və 2008-ci ildə - 82%-i təyinatla Respublikanın regionlarına işə göndərilmişlər.

 

Səhiyyə Nazirliyi tərəfindən tibb kadrların peşə biliklərinin artırılması və  təkmilləşdirilməsi məsələsinə diqqət yetirilmişdir.

Özəl ali və orta məktəblərində tədris prosesinin müəyyən olunmuş standartlara cavab vermədiyini nəzərə alaraq, 2006-cı ildən bu müəssisələrin  tibb fakültələrinə qəbul dayandırılmışdır. 

Respublikamızın Səhiyyə sistemində aparılan islahatların əsas məqsədlərindən biri  səhiyyəmizi dünya standartları üzrə inkişaf etdirmək, onun dünyanın qabaqçıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsidir.

 

Bu baxımdan çox vacib və mühüm məsələlərdən biri - ölkəmizdə istifadə olunan həkim ixtisaslarını dünyanın inkişaf etmiş ölkələrində qəbul olunmuş reyestrə və yaxın gələcəkdə qəbul ediləcək Respublikanın Təhsil Proqramına  müvafiq formada uyğunlaşdırmaqdır. Bununla bağlı Səhiyyə Nazirliyi müəssisələrdə istifadə olunan həkim ixtisaslarının yeni siyahısını hazırlamışdır. Yeni hazırlanan siyahıya 40 ixtisas daxildir və bu ixtisaslara uyğun olaraq səhiyyə müəssisələrində çalışan mütəxəssislərin vəzifələrinin nomenklaturası və vəzifələrin tutulmasının ixtisaslar üzrə müəyyənləşdirilməsi verilmişdir.

 

Son 5 il ərzində  Səhiyyə Nazirliyinin tabeliyində olan ali tibb məktəbləri və elmi-tədqiqat institutlarının dissertasiya şuralarında 70-dən artıq doktorluq və 350-yə yaxın namizədlik dissertasiyası müdafiə edilmişdir. İddiaçı doktorluq, iddiaçı-namizədlik  dissertasiyaları üzərində 450-yə yaxın elmi mütəxəssislər işləyirlər.

 

Hazırda ali tibb məktəbləri və elmi-tədqiqat institutlarında 225 elmlər doktoru və 1186 elmlər namizədi fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində inkişaf edən müstəqil Azərbaycan dövlətinin ictimai həyatının bütün sahələri kimi, səhiyyə və tibb elmi də qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb olunmuşdur. Səhiyyəsi daha çox inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif sahələri üzrə konsepsiya və strategiyaların yaradılması, tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, səhiyyədə təşkilatçılıq və tibb müəssisələrinin menecmenti, maliyyə vəsaitlərinin istifadəsi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qaldırılması və bir çox digər sahələrin inkişafı üçün səhiyyədə beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

 

Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Məlumdur ki, XXI əsrdə səhiyyə qloballaşır – dünya səhiyyəsindən çox şeyləri öyrənməklə bərabər, Azərbaycanda aparılan islahatlar da beynəlxalq ictimaiyyətə çatdırılır.

Səhiyyə Nazirliyi bir sıra beynəlxalq təşkilatlarla birgə səhiyyə sahəsində müxtəlif proqramlar həyata keçirir. 

 

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq qurumlardan biri Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvü, 2005-ci ildən isə onun İcraiyyə Komitəsinin üzvüdür.

 

2006-2007-ci illərdə Azərbaycan Respublikasının səhiyyə naziri İcraiyyə Komitəsinin vitse-prezidenti və Beynəlxalq QHT-lərlə iş üzrə Komitənin sədri vəzifələrini icra etmişdir.

2006-cı ilin aprelində ÜST-nin sabiq Baş direktoru Dr. Con vuk Li Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı o, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, Baş nazir cənab Artur Rasizadə ilə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə görüşlər keçirmişdir.

 

Baş direktor Azərbaycanda aparılan səhiyyə islahatlarının ÜST-nin proqramları ilə üst-üstə düşdüyünü vurğulamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin digər əlaqədar qurumlarla birgə quş qripinə qarşı mübarizə tədbirlərini “nümunəvi” kimi qiymətləndirmişdir.

 

2008-ci ilin yanvarında isə yeni seçilmiş Baş direktor Dr. Marqaret Çan ÜST-nin Avropa Regionu üzrə nümayəndə heyəti ilə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Baş direktor ölkə rəhbərliyi və digər aidiyyətli qurumlarla görüşlər keçirmişdir.

 

ÜST Azərbaycanda bir sıra proqramlar həyata keçirir. Bunlar ilkin səhiyyə xidmətinin imkanlarının gücləndirilməsinə, səhiyyənin maliyyələşdirilməsi və əczaçılıq siyasətində islahatlar prosesinin layihələşdirilməsi və həyata keçirilməsində Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsinə, tibb təhsili, planlaşdırma və keyfiyyətin təminatı sahəsində islahatlar yolu ilə insan resurslarının mütənasibliyi və keyfiyyətinin təkmilləşdirilməsinə, səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına və fövqəladə vəziyyətlərə hazırlığın gücləndirilməsinə, eləcə də səhiyyəyə dair məlumatların keyfiyyətinin yüksəldilməsi və yoluxucu xəstəliklərin müşahidəsinin gücləndirilməsinə yönəldilmişdir.

 

29 yanvar 2007-ci ildə ÜST İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı ilə təltif edilmişdir. 2007-ci ilin may ayında Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Assambleyasında mükafat Mehriban xanım Əliyevaya təqdim edilmişdir.

 

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlardan biri də BMT-nin Əhali Fondudur.   Təşkilatın səhiyyədə əsas əhatə sahələri reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ailə təbabətinin inkişafı, ilkin səhiyyə xidmətlərində ailə həkimlərinin rolunun artırılması, cinsi yolla yayılan xəstəliklərin qarşısının alınmasıdır. BMT-nin Əhali Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr Bakı, Gəncə, Şəki, Masallı, Qusar, Naxçıvan və s. regionları əhatə edir.

 

Müstəqilliyimizin ilk günlərindən BMT-nin Uşaq Fondu Azərbaycanda səhiyyə, təhsil və sosial sferanın digər sahələrində uğurla fəaliyyət göstərir. Səhiyyə sahəsində aparılan layihələrdən uşaqların immunizasiyası, duzun yodlaşdırılması, qidalanma və sağlamlıq, “Gənclərin dostu” klinikaları və digərlərini misal göstərmək olar. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlil uşaqların  reabilitasiyası proqramı da fəaliyyət göstərir.

 

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biri də Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyidir. Təşkilat Azərbaycanda digər tərəfdaş qurumlarla birgə reproduktiv sağlamlıq və ailə planlaşdırılması, demoqrafik səhiyyə sorğusu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, HİV/AİDS-lə mübarizə tədbirləri, quş qripinin aradan qaldırılması, sağlam həyat tərzinin təşviqi, ana və uşaq sağlamlığı və təcili təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi layihələrini həyata keçirir. 2007-ci ilin fevralında ABŞ və Azərbaycan hökumətləri arasında səhiyyəyə aid “Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında” və “Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi haqqında” Anlaşma Memorandumları imzalanmışdır.

 

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlardan biri də Türkiyə Cümhuriyyəti Baş Nazirliyi Türk Əməkdaşlıq və İnkişaf Agentliyidir (TİKA). Təşkilat Azərbaycanda “Sümük iliyinin transplantasiyası və Talassemiya Mərkəzinin inşası” layihəsini həyata keçirir. Hemoqlobinopatiyaların müalicəsi və profilaktikası üzrə azərbaycanlı mütəxəssislərin Türkiyədə təkmilləşdirmə kurslarına göndərilməsi sözügedən layihənin əsas komponentlərindəndir. Qurumun səhiyyə sahəsində apardığı layihələrdən biri də Azərbaycanda dərman maddələrinin bioekvivalentliyi laboratoriyasının qurulması layihəsidir.

 

HİV/AİDS və vərəmə qarşı mübarizə tədbirləri Azərbaycanda səhiyyə islahatlarının əsas prioritetlərindəndir. AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda bu xəstəliklərin qarşısının alınmasına yönəldilmiş layihələr həyata keçirir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir sıra ölkələrin səhiyyə nazirlikləri ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq edir. Bunlardan Türkiyə, İran, Rusiya, Belarus, ABŞ, Yaponiya, Misir, İordaniya, BƏƏ, Litva, Estoniya, Niderland və digərlərini misal göstərmək olar.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Avropa Şurası və NATO Birgə Tibbi Komissiyası ilə də məhsuldar əlaqələri vardır.

 

Son illər bir sıra ölkələrin səhiyyə nazirləri, eləcə də səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə səfər ediblər. Bu səfərlər zamanı qarşılıqlı əlaqələr, Azərbaycanda səhiyyənin inkişafi və onun perspektivləri geniş muzakirə olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013