Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2009-cu il ərzində görülmüş işlər barədə Hesabat

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən

2009-cu il ərzində görülmüş işlər barədə

HESABAT

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarından, onun ölkə səhiyyəsində islahatlar aparılmasının zəruriliyi barədə göstərişindən, müəyyənləşdirdiyi prioritetlərdən çıxış edərək, bu gün respublikanın səhiyyə sistemində yeniləşmə gedir.  Səhiyyə sistemində ab-havanın sağlamlaşdırılması, əhaliyə göstərilən tibbi xidmətin yüksək səviyyəyə qaldırılması, korrupsiya ilə mübarizə, səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma, saxta dərmanlarla mübarizə və digər məsələlər görülən işlərin başlıca istiqamətlərini təşkil edir.

 

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. 2003-cü ildə səhiyyə ehtiyaclarına 59,0 milyon manat ayrılmışdırsa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olmuşdur ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə səhiyyənin büdcəsi 50%-dən çox artmışdır.

Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə  tam gücü ilə işləməyən, özünü doğrultmayan,  binaları bərbad vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi,  çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində islahatlar həyata keçirilmişdir. Bu məqsədlə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınaraq, əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanmışdır.      

Aparılan islahatlar nəticəsində respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55%, stasionarların sayı 50%-dək azaldılmışdır.

 Son zamanlar  Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respubli­ka­sında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” məlum  Fərmanı səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.

 

Təsdiq olunmuş Dövlət Proqramına əsasən müasir səhiyyə obyektlərinin tikintisi 2009-cu ildə daha yüksək templə davam etdirilmiş və 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilmişdir.   

Bunlardan Respublika Talassemiya Mərkəzinin, Milli  Oftalmologiya Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Yevlax rayon 25 çarpayılıq uşaq xəstəxanasının, Hacıqabul Uşaq Tibb Mərkəzinin, Göygöl Rayon Mərkəzi Xəstəxanasının,  Naxçıvan şəhərində Respublikası Doğum Mərkəzinin və Şahbuz rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsində,  eləcə də Şəki rayonunda 100 çarpayılıq xəstəxananın təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

 Səhiyyənin prioritet sahələri üzrə qəbul edilmiş Dövlət Proqramlarında nəzərdə tutulmuş  tədbirlər  həyata keçirilmişdir.  Bu proqramların reallaşması üçün dövlət büdcəsindən 2008-ci ildə 47,5 milyon manat, 2009-cu ildə isə 49,9  milyon manat xərclənmişdir.  

 

Ana və uşaqların  sağlamlığının qorunması dövlət proqramı çərçivəsində nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü (Bakı, Naxçıvan, Gəncə, Lənkəran) artıq istifadəyə verilmişdir.   

 

Azərbaycan Respublikasının “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 fevral tarixli 163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Elmi-tədqiqat Pediatriya İnstitutunun, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarından ibarət səyyar briqadalar yaradılmış, respublikanın  regionlarında, xüsusən qaçqın və məcburi köçkünlər məskunlaşdığı ərazilərdə 300 mindən artıq uşaq tibbi müayinələrdən keçirilmiş, xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunmuşlar.  

 

Diaqnostik çətinlikləri olan, müxtəlif patologiyalı xəstə uşaqların  

yüksək ixtisaslı mütəxəssislər tərəfindən  birgə konsultasiyalarla təmin etmək məqsədilə Bakı şəhərində Respublika Uşaq Konsultasiya Mərkəzi yaradılmışdır.

dir.

 

Görülən tədbirlərin nəticəsində uşaq və ana  ölümü   göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir. Belə ki, 2000-ci ildə   uşaq ölümü göstərici 16,7 promilli olmuşdusa, 2009-ci ildə 11,4-ə enmişdir. Ana ölümü əmsalı isə (100 min diridoğulana) müvafiq olaraq, 37,6-dan 23,7-ə enmişdir.

 

“Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2009-cu ildə 2 dəfədən çox artmış və 117 mini  keçmişdir. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin olüm göstəricisi 21,7-dən 9,2-yə (hər 100 000 nəfər əhaliyə) düşmüşdür.

 

2009-cu ildə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan bütün şəkərli diabet xəstələrinə pulsuz olaraq özünənəzarət vasitələri olan qlükometrlər və dərman preparatları verilmişdir.   

 Son illər ərzində   qan xidmətinin inkişafına dövlət səviyyəsində yüksək diqqət yetirilir. 

 

“Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində qan xidməti müəssisələri qan torbaları, qanı yoxlamaq üçün reaktivlərlə təmin olunmuşdur.   

Görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artmışdır. Yalnız 2009-cu il ərzində 148  könüllü qanvermə aksiyası keçirilmiş və bu aksiyalarda 41 mindən artıq insan iştirak etmişdir ki, bu da pullu donorlara ehtiyacın  aradan götürülməsinə imkan vermişdir.  

 

Qanvermə aksiyaların artırılması nəticəsində 2008-ci ildə 16,7 tona qarşı,  2009-cu ildə 18 tona yaxın qan tədarük edilmişdir.

 Hemofiliya və talassemiyalı xəstələrin qanın laxtalanması faktorları preparatları ilə,  dəmirqovucu preparatlar, elektron pompalar, şprislər, kəpənək tipli iynələrlə tam pulsuz təmin olunması davam etdirilmişdir. 

 

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə tikilmiş Talassemiya Mərkəzi istifadəyə verilmişdir.  Bu Mərkəzdə talassemiyalı xəstələrin ən müasir səviyyədə müayinə və müalicəsi üçün şərait yaradılmışdır. 

 

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunmuşdur.      

Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən  mobil diaqnostik komplekslə də təchiz edilmişdir

Bu  Mərkəzin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  təməli qoyulmuş yeni korpusunun tikintisi də başa çatdırılaraq istifadəyə verilmişdir.    

 

Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem aradan qaldırılmışdır. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdırsa, 2009-cu ildə bunların sayı 52-ə çatdırılmışdır.

 

Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər bu xəstəliklərdən ölüm azalmışdır.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların  hemodializ müalicəsi ilə təmin olunması da yaxşılaşmışdır.

 

Hesabat ilində əlavə olaraq 60 süni böyrək aparatı ilə təchiz olunmuş 4 dializ mərkəzi istifadəyə verilmişdir ki, nəticədə daha 360 xəstə hemodializ seansları ilə təmin olunacaqdır. Beləliklə, hazırda Bakı şəhəri ilə bərabər, Naxçıvanda, Gəncə şəhərində, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala, Qəbələ, Şamaxı,  Bərdə, Tovuz, Quba və Cəlilabad rayonlarında fəaliyyət göstərən 19 mərkəzdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1400-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Respublika Klinik Uroloji Xəstəxanasında aparılan əsaslı təmir işləri artıq tamamlanmışdır və istifadəyə hazırdır. 

 

Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Artıq bir neçə ildir ki, ÜST-nın tövsiyəsinə uyğun olaraq DOTS proqramı müvəffəqiyyətlə həyata keçirilir.

 

2009-cu ildə  Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bazasında   Milli İstinad Laboratoriyası tikilmiş və istifadəyə verilmişdir. Bundan əlavə Bakı şəhəri 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə təşkil olunmuş xüsusi şöbədə multirezistent vərəm xəstələrinin müalicəsinə artıq başlanmışdır.

 

Bütün bunların nəticəsində son bir neçə ildə vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, 2003-cü illə müqaisədə vərəmin erkən aşkarlanması 22,5% artmış, bu xəstəlikdən ölənlərin sayı isə 53,6%  azalmışdır. 

 

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatının yaxşılaşdırılması istiqamətində də işlər görülmüşdür.

Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə Hazırda Bakı şəhəri üzrə 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi yaradılmışdır ki, bunlar Bakının bütün xəstəxanaların təchizatını mərkəzləşdirilmiş qaydada həyata keçirirlər.

 

Aparılan tədbirlər, yəni tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artmışdır. Əgər 2003-ci ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2009-cu ildə bu rəqəm 175,1-yə bərabər olmuşdur. Beləliklə, bu illər ərzində çarpayıların fəaliyyətinin səmərəlilik göstəricisi 2 dəfədən də yuxarı artmışdır.  

 

Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin və həmçinin əczaçılıq bazarı iştirakçılarının fəaliyyətlərini müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin daha da gücləndirilməsi istiqamətində iş aparılmışdır.

 

Ümumilikdə respublika üzrə 654 aptekə baxış keçirilmiş  52 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmış və onların fəaliyyətləri  dayandırılmışdır.

 

Keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1085 seriya (11005 qutu), istifadə müddəti bitmiş 569 seriya dərman preparatları aşkar olunaraq müsadirə edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə sertifikatsız dərman vasitələrinin sayının 10 dəfə azaldığı müşahidə edilir.

 

2009-cu il ərzində 30 minə yaxın seriya dərman vasitəsitəsi müvafiq laborator müayinələrdən keçirilmiş,  900-ə yaxın seriyada dərman vasitəsinin pərakəndə və topdan satışına, saxlanılmasına və istifadəsinə qadağa qoyulmuşdur.

 

“Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində də xeyli işlər görülmüşdür.  

 

2009-cu il ərzində respublikada xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərdən poliomielit, məxmərək, qızılca xəstəlikləri  qeydə alınmamış, tetanus və   göyöskürək xəstəliyi sporadik halda aşkar edilmişdir.

 

Ötən il olduğu kimi 2009-cu ildə də respublikamızda Avropa İmmunlaşdırma Həftəsi yüksək səviyyədə həyata keçirilmiş, Milli peyvənd təqviminə əsasən hər hansı səbəbdən peyvənddən kənarda qalmış uşaqlar bu həftə ərzində immunlaşdırılmışdır. 

 

Malyariya xəstəliyinə qarşı qazanılmış nailiyyətləri saxlamaq və gələcəkdə malyariyanın ləğv edilməsi məqsədilə 2008-2013-cü illər üçün qəbul olunmuş  Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilmişdir. Malyariya ilə xəstələnmə səviyyəsi stabilləşərək 2009-cu ildə 80 hadisə olmuşdur.

 

A/H1N1 virusu qripinə görə epidemioloyi vəziyyətin gərginliyini nəzərə alaraq xəstəliklə mübarizə və profilaktika məqsədilə  Səhiyyə Nazirliyi tərəfindən qrip xəstəliyinin diaqnostikası üçün müasir laboratoriya, xəstələrin müalicəsində zəruri olan  ET Ağciyər Xəstəlikləri institutunda mənfi təzyiqli bokslar təşkil edilmiş, xəstəliyin müalicəsində istifadə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılmışdır.

 

Xəstəliyin aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 3 minə yaxın laboratoriya müayinəsi  aparılmış və 14 nəfərin A/H1N1 virusuna yoluxması təsdiq edilmişdir. Xəstələr tam müalicə olunaraq sağalmışlar.   

 

Qrip və kəskin respirator infeksiyalarının profilaktikası məqsədi ilə 2009-cu ilin noyabr ayında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ali və ümumtəhsil müəssisələrində birdəfəlik kütləvi dezinfeksiya tədbirləri həyata keçirilmişdir.

 

Tibb işçilərinin işə qəbulu bütün tibb müəssisələrində yaradılan komissiyalar tərəfindən və yalnız mətbuatda elan verməklə  müsabiqə əsasında Əmək Məcəlləsinin tələblərinə uyğun  keçirilir.  

 

Kadr potensialından səmərəli istifadə etmək, onların fasiləsiz peşə təhsilinə, professional hazırlığına diqqət yetirmək məqsədilə respublikanın bütün müəssisələrində çalışan həkim və orta tibb işçiləri üçün kompyuter qeydiyyat reyestri yaradılmışdırdır.  

 

Azərbaycan Tibb Universitetinə və orta tibb məktəblərinə  tələbə qəbulu Respublikada ixtisaslar üzrə həkimlərə və orta tibb işçilərə tələbatı nəzərə alınaraq    Azərbaycan Tibb Universitetinə tələbə qəbulu son 4 ildə 1150 nəfərdən 940 qədər azaldılmışdır. Tibb məktəblərinə isə qəbul 2730-dan 1800-ə endirilmişdir.

 

Respublikanın regionlarında kadr çatışmazlığının aradan götürülməsi, gənc mütəxəssisləri işlə təmin etmək məqsədilə Azərbaycan Tibb Universitetini bitirən məzunlar iş yerlərinə təyinat alaraq, səhiyyə idarələrinin nəzdinə yox, bilavasitə vakant yerlərə əsasən tibb müəssisələrinə göndərilirlər. Universitetin 2006-cı il məzunların 63%, 2007-ci ildə - 72%, 2008-ci il üzrə 83 %, 2009-cu il üzrə isə 84,7% təyinatla Respublikanın regionlarına işə göndərilmişdirlər.

 

Səhiyyə Nazirliyinin müraciəti əsasında respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasını həvəsləndirmək, tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar verilmişdir.

 

 Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə dövlət təminatının gücləndirilməsi və yüksək səviyyədə təşkil edilməsi, tibb işçilərinin bilik və peşə bacarıqlarının qiymətləndirilməsi məqsədilə  Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən sertifikasiyaya aid normativ sənədlərin hazırlanmasına başlanılmışdır.

 

 “Təhsil haqqında” Qanunun qəbulu ilə əlaqədar olaraq həkimlərin  didiplomdan sonrakı hazırlığını müasir standartlara uyğunlaşdırmaq məqsədilə rezidentura təhsilinin tətbiqi qaydaları hazırlanmış və   Nazirlər Kabinetinə təsdiq üçün təqdim olunmuşdur.  

 

Azərbaycanda bir sıra beynəlxalq təşkilatlar səhiyyə layihələri və proqramlarını həyata keçirir.

 

Azərbaycan səhiyyəsinin beynəlxaq aləmdə nüfuzu getdikcə artmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa üzrə Regional Komitəsinin 14-17 sentyabr 2009-cu il tarixlərində Danimarka Krallığının Kopenhagen şəhərində keçilən 59-cu sessiyasında Azərbaycan Daimi Komitəyə üzv seçilmiş, habelə Komitə ÜST-nın Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyasının 12-15 sentyabr 2011-ci il tarixlərdə Bakıda keçirilməsi haqqında 16 sentyabr 2009-cu il tarixli qərar qəbul etmişdir.

 

ÜST Azərbaycanda bir sıra proqramlar həyata keçirir. Bunlar ilkin səhiyyə xidmətinin imkanlarının gücləndirilməsinə, səhiyyənin maliyyələşdirilməsi və əczaçılıq siyasətində islahatlar prosesinin layihələşdirilməsi və həyata keçirilməsində Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsinə, tibb təhsili, planlaşdırma və keyfiyyətin təminatı sahəsində islahatlar yolu ilə insan resurslarının mütənasibliyi və keyfiyyətinin təkmilləşdirilməsinə, səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına və fövqəladə vəziyyətlərə hazırlığın gücləndirilməsinə, eləcə də səhiyyəyə dair məlumatların keyfiyyətinin yüksəldilməsi və yoluxucu xəstəliklərin müşahidəsinin gücləndirilməsinə yönəldilmişdir.

 

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlardan biri də BMT-nin Əhali Fondudur.    Təşkilatın səhiyyədə əsas əhatə sahələri reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ailə təbabətinin inkişafı, ilkin səhiyyə xidmətlərində ailə həkimlərinin rolunun artırılması, cinsi yolla yayılan xəstəliklərin qarşısının alınmasıdır. BMT-nin Əhali Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr Bakı, Gəncə, Şəki, Masallı, Qusar, Naxçıvan və s. regionları əhatə edir.

 

BMT-nin Uşaq Fondu ilə səhiyyə sahəsində uşaqların immunizasiyası, duzun yodlaşdırılması, qidalanma və sağlamlıq, “Gənclərin dostu” klinikaları və digər layihələr üzrə birgə iş aparılır.

Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi  Azərbaycanda digər tərəfdaş qurumlarla birgə reproduktiv sağlamlıq və ailə planlaşdırılması, demoqrafik səhiyyə sorğusu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, HİV/AİDS-lə mübarizə tədbirləri, quş qripinin aradan qaldırılması, sağlam həyat tərzinin təşviqi, ana və uşaq sağlamlığı və təcili təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi layihələrini həyata keçirir.

 

AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda bu xəstəliklərin qarşısının alınmasına yönəldilmiş layihələr həyata keçirir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlarla bərabər Türkiyə, İran, Rusiya, Belarus, ABŞ, Yaponiya, Misir, İordaniya, BƏƏ, Litva, Estoniya, Niderland və digər ölkələrin  səhiyyə nazirlikləri ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013