Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nərimanov rayonunda fəaliyyət göstərən 6 saylı Uşaq Poliklinikasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Nərimanov rayonunda fəaliyyət göstərən 6 saylı Uşaq Poliklinikasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

 

2007-ci ildə həyata keçirilən səhiyyə günləri çərçivəsində təmir-tikinti işləri bir sıra tibb müəssisələrində artıq yekunlaşıb. Bu gün Nərimanov rayonunda fəaliyyət göstərən 6 saylı Uşaq Poliklinikasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi. Açılışda iştirak edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva və səhiyyə naziri Oqtay Şirəliyev poliklinikaya baxış keçirdilər.

 

Nazir Oqtay Şirəliyev bu tibb müəssisəsinin 13 min nəfərdən artıq uşaq əhalisinə xidmət etdiyini, onun təmirdən əvvəl çox acınacaqlı vəziyyətdə fəaliyyət göstərdiyini dedi. Bunu nəzərə alaraq, uşaqlara yüksək səviyyədə tibbi xidməti təmin etmək üçün poliklinikanın yenidən qurulduğunu bildirdi.Sonra Mehriban xanım Əliyeva peyvənd otağında bir neçə uşağın peyvənd edilməsində iştirak etdi.

 

Daha sonra elektron sağlamlıq kartı sisteminin tətbiqi ilə bağlı prezentasiya nümayiş olundu. Nazir bu kartların Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən «Elektron Azərbaycan» Dövlət Proqramına əsasən hazırlandığını nəzərə çatdırdı. Bunun Avrasiya məkanında tətbiq ediləcək ilk milli elektron sağlamlıq kartı olduğunu qeyd etdi: «Respublika üzrə bütün uşaq poliklinikalarında olan məlumatlar informasiya sisteminə salınacaq. Bunun üçün informasiya sisteminə qoşulan tibb müəssisələri artıq kompüter avadanlıqları ilə təchiz edilib və burada uşaqların tibbi qeydləri əsasında məlumat bazaları yaradılır. Qeydiyyata alınan körpələr haqqında məlumatlar doğum evlərindən uşaq poliklinikalarına göndəriləcək. Yeni doğulmuş uşaqlara bu poliklinikalarda elektron sağlamlıq kartları veriləcək. Burada mütəmadi şəkildə məlumatlar toplanacaq. Bundan sonra elektron sağlamlıq kartı olan uşaqların sağlamlığı ilə bağlı informasiyanı istənilən vaxt əldə etmək mümkün olacaq». Oqtay Şirəliyev ölkəmizdə fəaliyyət göstərən 300-ə qədər uşaq tibb müəssisəsinin bu sistemlə əhatə ediləcəyini vurğuladı. Nazir 2008-ci ilin sonunadək bütün yenidoğulanların elektron sağlamlıq kartı ilə təmin olunacağını qeyd etdi.

 

Qeyd edək ki, ilin sonunadək daha bir neçə tibb müəssisəsinin – Nardaran qəsəbəsində 8 saylı, Maştağa qəsəbəsində 7 saylı, Sabunçu qəsəbəsində 3 saylı xəstəxanaların, Qaradağ rayonu Təcili Tibbi Yardım Stansiyasının, Mərdəkan qəsəbəsində Vərəm sanatoriyasının, Səbayıl rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin açılış mərasimləri keçiriləcək.

 

 

Mətbuat Xidmətinin Məlumatı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013