Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

90 yaşlı səhiyyəmiz

30 iyun 2008

Ü.FAZİLQIZI

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaranmasından düz 90 il ötür. Bu tarixi hadisə ərəfəsində geridə qoyduğumuz zamanın önəmini anlamaq üçün səhiyyə tariximizi vərəqlədik. Vərəqlədik ki, bu illər ərzində xalqımızın sağlamlığının qorunmasında nələrə nail olduğumuzu, keçən illərin bizlərə bu yolda kimləri və nələri qazandırdığını yada salaq.

 

Əslində, Azərbaycanın tibb tarixi qədim zamanlardan başlayır. Ancaq elmi təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin II yarısında atılıb. Bu həmin dövrdə Rusiyanın və digər ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin sayəsində mümkün olub. Belə mütəxəssislərdən biri Mirzə Kazım bəydir. 1887-ci ildə «Ürəyin innervasiyasına dair materiallar» mövzusunda dissertasiya müdafiə edərək, doktorluq dərəcəsi almış Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olub.

 

Ölkəmizdə ambulator xidmətin ilk təşkilatçısı isə M.Vəkilovdur. O, Bakıda ilk pulsuz müalicəxananı (poliklinikanı) yaradıb və daha sonra onların sayının artırılması barədə məsələ qaldırıb. Bakı şəhərində 6 müalicəxana açılmasına nail olub. İ.Rəhimov ilk azərbaycanlı psixiatr, M.İ.Şərifov ilk sanitar həkim, Ə.Axundov ilk ruhi xəstəliklər klinikasının təşkilatçısı olub. Azərbaycan təbabətinin inkişafında, səhiyyə ocaqlarının, elmi-tibbi müəssisələrin təşkilində Nəriman Nərimanovun böyük rolu olub. Mirzə Məmmədqulu Qayıbov, Əbdülkərim Mehmandarov, Xudadat bəy Rəfibəyli Azərbaycan elmi cərrahlığının bünövrəsini qoyublar.

 

XX əsrin əvvəllərində azərbaycanlı gənclərin çox az hissəsi Rusiyada və digər xarici ölkələrdə təhsil ala bilirdi. İ.Mehmandarov, K.Mehmandarov, X.Rəfibəyov, M.Axundov, M.Sultanov, M.Mirqasımov, S.Ağamirzəyev və başqaları məhz bu şansı qazanmış tibb mütəxəssisləri idilər. Ancaq təəssüf ki, belə insanların sayı çox deyildi. 20-ci əsrin əvvəllərində Azərbaycanda elmi təbabət, kütləvi tibbi xidmət yeni-yeni təşəkkül tapırdı. Müalicə ocaqları, milli tibb kadrları çatışmadığı üçün səhiyyənin inkişafı ləngiyirdi. Təkcə onu demək kifayətdir ki, 1913-1914-cü illərdə Azərbaycanın ambulatoriya və müalicəxanalarında ümumilikdə 45 həkim çalışırdı və onlardan cəmi 11 nəfəri azərbaycanlı mütəxəssis idi. Yalnız Bakı və Gəncə şəhərlərində müstəqil sanitar xidməti fəaliyyət göstərirdi. Əhalinin böyük əksəriyyətinin tibb təhsilli əsl həkim əvəzinə ara həkimlərinə, dəlləklərə, hətta falçılara, mollalara, cadugərlərə müraciət etdiyi bir dövrdə ölkəmizdə səhiyyənin inkişafı üçün çalışan fədakar ziyalılarımız həm müalicə işi ilə, həm də cəmiyyətin maarifləndirilməsi ilə məşğul olurdular. Bu işdə azərbaycanlı tibb kadrları ilə yanaşı, digər millətlərdən olan həkimlərin də xidmətləri böyükdür.

 

Qeyd edək ki, səhiyyəmizin inkişafı istiqamətində göstərilən səylər 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası (ADR) yaradıldıqdan sonra daha çox artdı. Buna Xalq Cümhuriyyəti Hökumətinin 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı qərarı xüsusi təkan verdi. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri yaradıldı.

 

Müstəqil Azərbaycanın səhiyyə naziri vəzifəsinə ilk təyin edilən 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy Rəfibəyov oldu. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının, laboratoriyaların tikintisinə başlanıldı və lazımi avadanlıqlar alındı, yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görüldü.

 

ADR dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının yüksək olmasına baxmayaraq, ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir edirdi. Bu amil səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərirdi. Belə ki, 1919-cu ildə səhiyyə naziri vəzifəsinə Y.Y.Gindes təyin olundu. Azərbaycanda pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə yaxın elmi əsərin müəllifi, Azərbaycanın əmək qəhrəmanı olub. Onun nazir olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açıldı, pediatriya sahəsi inkişaf etdi. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi sanatoriyası tikdirdi. Azərbaycan Demokratik Respublikasının sonuncu səhiyyə naziri isə M.Rəfiyev oldu.

 

Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyənin bütün istiqamətlərdə inkişafını sürətləndirmək üçün tədbirlər görüldü. Hökumət əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün hərtərəfli planlar işləyib hazırladı, qərarlar qəbul etdi və Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoydu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.

 

ADR hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli təbabət kadrlarının hazırlanması idi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərildi. Lakin bu, əlbəttə, kifayət etmirdi. Ancaq ADR hökumətinin 1919-cu ildə sentyabrın 1-də Bakı Dövlət Univeritetinin təsis olunması haqqında qərarından sonra vəziyyət dəyişdi. Demək olar ki, Azərbaycanda tibb elminin inkişafı Bakı Dövlət Universitetinin açılması ilə sürətləndi. Universitetdə tarix-filologiya və tibb fakültələri açıldı. Bakı Dövlət Universitetinin ilk rektoru, görkəmli cərrah, professor V.İ.Razumovski, tibb fakültəsinin ilk dekanı isə professor İ.İ.Şirokoqorov oldu. Onlar qısa müddətdə Bakıda yaşayan tibb kadrlarının ən istedadlılarını BDU-da işə cəlb etdilər. Tibb fakültəsini bitirənlər arasında gələcəyin görkəmli alimləri yetişdi. Universitetin ilk məzunlarından akademik C.Əfəndiyevin, professorlar K.Balakişiyevin, Ə.Sultanovun, A.Tahirovun, A.Qarayevin, A.Sadıqovun və başqalarının adını xüsusi vurğulamağa dəyər. Qeyd edək ki, artıq bir neçə ildən sonra universitetdə ilk azərbaycanlı elmlər doktorları – M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, S.Vəlixan, A.Cəfərov var idi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş ənənələrdən AXC-nin süqutu və ölkədə sovet hakimiyyətinin qurulmasından sonra yeni yaranan Xalq Səhiyyə Komissarlığı və onun səhiyyə orqanları da bəhrələndi. Yeni Komissarlığın ümdə vəzifəsi respublikada geniş yayılmış vəba, çiçək, malyariya, qarın yatalağı, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizə aparmaq idi. Bu və digər sahələrdə islahatlar aparmaq üçün səhiyyə komissarı (səhiyyə naziri) vəzifəsinə 1921-ci ilin 28 noyabrında M.Qədirli təyin edildi. Onun səhiyyə komissarı kimi fəaliyyət göstərdiyi dövrdə vahid tibbi-səhiyyə sistemi yaradıldı, kadr hazırlığına, kənd səhiyyəsinin yüksəldilməsinə, əhalinin dərman təminatının yaxşılaşdırılmasına, qadın və uşaqlara tibbi xidmətin inkişafına xüsusi fikir verildi. Bir çox qəza mərkəzlərində, böyük yaşayış məntəqələrində xəstəxanalar, ambulatoriyalar, apteklər və digər tibb müəssisələri təşkil olundu. Xalq Komissarları Sovetinin təşkili, apteklərin milliləşdirilməsi, uşaqlara pulsuz yeməklərin paylanması və əhaliyə pulsuz tibbi xidmətin göstərilməsi ilə bağlı ilk dekretlər həyata keçirildi.

 

Bərpa illəri dövründə milli tibbi kadrlara, tibbin ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış elmi-tədqiqat institutlarına ehtiyac olduğunu nəzərə alaraq, Azərbaycan xalq səhiyyə komissarı M.Qədirlinin, dövlət sanitar-epidemioloji müfəttişi A.Əlibəyovun rəhbərliyi ilə 1922-ci ildə sanitar-epidemioloji təşkilat yarandı. Sonralar onun əsasında Virusologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutu təşkil edildi. 1923-cü ildə Bakıda Dəri-Zöhrəvi Xəstəlikləri institutu, bundan 3 il sonra Mərkəzi Dəri-Zöhrəvi Dispanseri yaradıldı. 1927-ci ildə Ana və Uşaqları Mühafizə, 1931-ci ildə Tibbi Parazitologiya və Tropik Xəstəliklər, 1935-ci ildə Kurortologiya və Fizioterapiya, 1941-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutları açıldı. Qeyd edək ki, Azərbaycanın səhiyyə tarixində mühüm yeri olan Əziz Əliyev də bu sahədə çox ciddi fəaliyyət göstərmiş ictimai xadimdir. Belə ki, bu tədbirlərin bir çoxu onun Xalq Səhiyyə Komissarlığında – əvvəl müalicə şöbəsinin müdiri, sonra isə xalq səhiyyə komissarı kimi fəaliyyətinin nəticəsidir. Onun 1932-ci ildə əsasını qoyduğu təkmilləşdirmə kursu 1935-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna çevrildi. Hazırda Ə.Əliyevin adını daşıyan İnstitut o zaman ixtisaslı tibb kadrlarının hazırlanmasında və onların təcrübələrini artırmasında böyük rol oynadı.

 

Azərbaycanın ilk qadın səhiyyə naziri professor Kübra Fərəcova 1938-1939-cu illərdə xalq səhiyyə komissarı, 1947-50-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olub. Tədqiqatları pediatriyanın aktual məsələlərinə həsr olunan Kübra xanım 1950-1980-ci illərdə Ana və Uşaqları Mühafizə İnstitutuna rəhbərlik edib.

 

Böyük Vətən Müharibəsinə qədərki dövrdə Azərbaycanda sanitariya xidmətinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb, sanitar-epidemioloji stansiyalar yaradılıb. İlk belə stansiya 1938-ci ildə Gəncədə təşkil olunub.

 

Böyük Vətən Müharibəsi illərində Azərbaycanın səhiyyə orqanları, müəssisələri, həmçinin ali və orta məktəblərinin, elmi-tədqiqat müəssisələrinin işi yenidən qurulub və hər şey cəbhənin tələbatını ödəməyə yönəldilib. İxtisaslaşdırılmış hospitalların fəaliyyətində yüksək göstəricilərin əldə edilməsində azərbaycanlı alimlərin böyük rolu olub. Onlardan M.Topçubaşov, M.Mirqasımov, İ.Şirokoqorov, Ü.Musabəyova və başqaları xüsusilə fərqləniblər. Tibb İnstitutun professorları, dosentləri (B.Mahmudbəyov, N.Bünyadov, X.Hacıyev, A.Tahirov, Q.Səlimxanov, H.İsazadə, C.Axundov, M.Qarayev) döyüşən orduda, həmçinin hospitallarda baş mütəxəssis kimi işləyiblər. Ağır müharibə illərində mərkəzi və periferik sinir sisteminin travmatik zədələnmələrində (prof. M.Topçubaşov), döş qəfəsinin zədələnmələrində (prof. F.Əfəndiyev) və s. Azərbaycan alimlərinin təklif etdiyi cərrahi metodlar tətbiq edilib.

 

Böyük Vətən müharibəsindən sonra müharibə əlillərinin reabilitasiya məsələləri çox aktual idi. Bunun üçün 1946-cı ildə Ortopediya və Bərpa Cərrahiyyəsi Elmi-Tədqiqat İnstitutu yaradıldı.

 

50-ci illərdə respublikada geniş yayılan yatalaq, brusellyoz, göbələk kimi xəstəliklərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi tərəfindən plan hazırlandı, profilaktik tədbirlər həyata keçirildi.

 

Azərbaycan səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstərirdilər. Azərbaycan səhiyyəsi qeyd edilən mərhələlərdən keçə-keçə inkişaf edirdi.

 

Tibb tariximizin sonrakı dövrlərində tibb elminə müstəsna töhfələr verən Məhbubə Mahmudbəyova, Tamerlan Əliyev, Zəhra Quliyeva, Böyükkişi Ağayev, Mirməmməd Cavadzadə, Zərifə Əliyeva, Adilə Namazova, İbrahim Topçubaşov və adını qeyd etmədiyimiz onlarla ziyalı özünəməxsus yer tutub.

 

60-cı illərin sonu – 70-ci illərin əvvəllərində, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyə və mədəniyyətdə ciddi inkişaf dövrü başladı. Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı.

 

Qısa vaxt ərzində ölkədə ulu öndərin bilavasitə iştirakı ilə bir sıra səhiyyə ocaqları, o cümlədən Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz, Ailə Planlaşdırması Mərkəzi və sair tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı.

 

Yeni tipli, müasir avadanlıqlarla təchiz edilmiş bu tibb müəssisələrində çalışmaq üçün yüksək ixtisaslı tibb kadrları tələb olunduğunu bilən uzaqgörən siyasətçi milli tibb kadrlarının hazırlanmasına da çox böyük səy göstərirdi. 1970-1980-ci illərdə o, bir qrup gənc Azərbaycan həkim və alimlərinin Moskva və digər şəhərlərə aspirantura və doktoranturaya göndərilməsinə nail oldu.

 

Heydər Əliyevin əsasını qoyduğu işlərin bir hissəsi müvəqqəti olaraq təxirə salınsa da, o öz ideyalarını 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra yenidən həyata keçirməyə başladı.

 

Həmin ildən səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi. 1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar («Əhalinin sağlamlığının qorunması haqqında», «Qan və onun komponentlərinin donorluğu haqqında», «İnsanın immunçatışmazlığı virusunun törətdi xəstəliyin (AİDS) qarşısının alınması haqqında», «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» və s.) qəbul edildi.

 

Ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hal-hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir.

 

Səhiyyə Nazirliyinin yaradılmasının 90 illiyi münasibətilə səhiyyə tariximizi vərəqlədik. Vərəqlədik ki, səhiyyəmizin bu səviyyədə inkişafına nail olmaq üçün hansı yollardan keçdiyimizi xatırlayaq. Xatırlayaq və unutmayaq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013