Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AİHA-nın Azərbaycanla əməkdaşlığı inkişaf etdirilir

15 may 2007

 

AİHA-nın Azərbaycanla əməkdaşlığı inkişaf etdirilir

 

Bu günlərdə Səhiyyə Nazirliyində Amerika Beynəlxalq Səhiyyə Birliyinin (AİHA) Azərbaycanla əməkdaşlığının genişləndirilməsinə həsr olunmuş konfrans keçirilib.

 

Konfransda çıxış edən səhiyyə nazirinin müavini Sənan Kərimov ABŞ mütəxəssislərinin AİHA ilə birlikdə həyata keçirdikləri model proqramları haqqında məlumat verdiklərini bildirib və tərəfdaşlıq proqramlarının istiqamətləri barədə danışıb: «İlk istiqamət səhiyyə sisteminin ümumi inkişafını nəzərdə tutur. İkincisi isə ailə təbabəti ilə bağlıdır». S.Kərimov hazırda Azərbaycanın səhiyyə sistemində islahatlar aparıldığı üçün bu istiqamətlərin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, konfransın keçirilməsində başlıca məqsədin əldə olunmuş nəticələri tədqiq etmək və gələcəkdə təcrübədən keçirmək olduğunu vurğulayıb.

 

USAID-in ölkə üzrə əlaqələndiricisi Skott Teylor isə bu günə qədər rayon poliklinikalarında böyük işlər aparıldığını, tibb müəssisələrinin bazasında təhsil mərkəzləri yaradıldığını deyib. Qaçqınların və məcburi köçkünlərin, ana və uşaqların sağlamlığının mühafizəsi, habelə səhiyyənin idarə olunması məsələlərində müəyyən uğurlar qazanıldığını bildirib.

 

Qeyd edək ki, AİHA öz proqramlarını Qafqaz regionunda 1992-ci ildən başlayaraq USAID-in maliyyə dəstəyi ilə həyata keçirir. Bu müddətdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və xidmət sahəsini genişləndirmək məqsədi ilə yerli tibb müəssisələri ilə amerikalı tərəfdaşlar arasında əlaqələr yaradılıb.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013