Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Astmanın astar üzü

16 fevral 2008

Ü.FAZİLQIZI

 

Dünya elminin ilbəil daha çox inkişaf etməsi səhiyyə sahəsində də ciddi uğurların qazanılmasına səbəb olub. Ancaq tibb elminin nəzərəçarpacaq səviyyədə yüksəlişi, müxtəlif xəstəliklərin müalicəsinin tapılması və ya yeni üsulların tətbiqi, ən müasir aparat və avadanlıqların istehsalı, təəssüf ki, heç də həmişə insanların ayrı-ayrı xəstəliklərə tutulmasının qarşısını almağa imkan vermir. Bunu müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların sayının gündən-günə artması bir daha sübut edir. Lakin qazanılan uğurlar əvvəllər bir çox xəstəliklər üçün istifadə edilən «çarəsi yoxdur» deyimini bizlər üçün yad ifadəyə çevirib. Bu gün bronxial astma da qorxulu xəstəliklər siyahısından çıxıb. Bunu, əlbəttə ki, mən yox, mütəxəssislər deyirlər. Belə mütəxəssislərdən olan əməkdar elm xadimi, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya xanım Əyyubova ilə həmsöhbət olduq.

 

- Son illər bronxial astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır. Bu xəstəlik daha çox uşaqlar arasında artmaqdadır. Ona görə də hazırda bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab edilir. Buna baxmayaraq, astma xəstəliyindən qorxmaq deyil, onu müalicə etdirmək lazımdır. Çünki bu mümkundür.

 

- Xəstəliyin yaranmasına, qeyd etdiyiniz kimi, son dövrlər sürətlə artmasına səbəb nədir?

 

- Bronxial astma xəstəliyinin yaranmasında bir çox amillər rol oynayır. İlk növbədə qeyd edim ki, astmaya meyillilik irsi olaraq keçir. Valideynləri sağlam olan uşaqlara nisbətən, ata-anası allergiyadan əziyyət çəkənlərdə astmaya 2-3 dəfə artıq rast gəlinir. Bronxların həssaslıq reaksiyası irsi meyilliliklə bağlıdır, hazırda isə irsiliyə müdaxilə edib onu dəyişmək mümkün deyil. Digər bir səbəb isə iqlim şəraitidir. Çox soyuq, rütubətli iqlim də xəstəliyin yaranmasına səbəb olur. Bundan başqa, ekoloji vəziyyət də mühüm amillərdəndir. Son dövrlər atmosferin zərərli tullantılarla, müxtəlif kimyəvi maddələrlə daha çox çirklənməsi astma xəstəliyinin artmasına gətirib çıxarır. Ancaq qeyd edilən səbəblər yalnız irsən bu xəstəliyə meyilli olan uşaqlara mənfi təsir edir. Deməli, bronxial astma xəstəliyinin yaranması bu xəstəliyə irsi meyilliliyi olan uşaqların doğulduğu, yaşadığı şəraitdən, qidalanmasından çox asılıdır. Uşaqlara süni qidaların erkən verilməsi də xəstələnməyə şərait yaradır. Çünki süni qidalarda olan inək südü uşaqlara allergen kimi təsir edir. Xəstəliyə irsən meyilli olan uşaqlara sitrus meyvələrinin (naringi, portağal, banan və s.) və onların şirələrinin verilməsi də məsləhət deyil. Bu, allergik reaksiyaya səbəb olur.

 

- Bronxial astma xəstəliyinin əlamətləri hansılardır?

 

- Bronxial astmanın xarakterik əlamətləri təngnəfəslik, xışıltılı tənəffüs, sinənin sıxıntısı və nəhayət, öskürək, boğulma tutmasıdır. Astma tutması zamanı bronxların borusu daralır, divarları qalınlaşır, ödəm əmələ gəlir, bronxlar daxilində selikli tıxac yaranır. Hava ciyərlərə çox çətinliklə gedir, xəstə öskürür və boğulur, sinəsində ağırlıq və sıxıntı hiss edir, dodaq üçbucağı göyərir.

 

Xəstəliyin 3 mərhələsi var. Birinci, yəni immunoloji mərhələdə allergenlə orqanizmdə ona qarşı yaranan anticisimlər təkrar təmasda olur və birləşərək immunokompleks əmələ gətirir. Bundan sonra xəstəlik ikinci, yəni patoloji kimyəvi mərhələyə keçir. Bu zaman bioloji aktiv maddələr ifraz olunur. Həmin maddələr toxumada, hüceyrədə müəyyən reaksiya verərək onu zədələyir. Artıq allergik reaksiyanın 3-cü – patofizioloji mərhələsi başlayır. Hər hansı hüceyrədə, toxumada, orqanda allergik iltihab prosesi gedir. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, boğulma, öskürək, nəfəs çatışmazlığı ilə özünü büruzə verir. Təəssüf ki, xəstəliyi erkən, yəni 1-ci və ya 2-ci mərhələdə müəyyən etmək, ona diaqnoz qoymaq mümkün olmur. Xəstəlik əvvəl gizlin keçir, yalnız 3-cü mərhələdə özünü göstərir. Ancaq bu mərhələdə, patoloji proses başladığı zaman həkimə nə qədər tez müraciət edilsə, o qədər yaxşıdır. Çünki xəstəliyi xroniki formaya keçmədən, bronxlarda, ağciyərdə genişlənmə yaranmadan müalicə etmək nisbətən asandır. Həmçinin qeyd edim ki, xəstəliyin müalicəsi onun hansı mərhələdə olmasından daha çox, insan orqanizminin reaktivliyindən, fərdi xüsusiyyətlərindən asılıdır.

 

- Bu gün uşaqlarda astma xəstəliyinin hansı növü daha çox yayılıb?

 

- Ümumiyyətlə, astma xəstəliyinin allergik və qeyri-allergik formaları var. Lakin onun allergik növü daha çox yayılıb. Biz əvvəllər bronxial astmaya qeyri-allergen amillərin (soyuq, infeksiya, kəskin qoxular, əsəbi gərginlik, stress, fiziki amillər və s.) səbəb olduğunu bilmirdik. Ancaq elmi araşdırmalar nəticəsində bu faktorların da təsiri müəyyənləşib. Onu da qeyd edim ki, qeyri-allergen amillərin təsirindən yaranan astmaya az təsadüf edilir. Xəstəliyin hər bir forması müxtəlif cür müalicə olunur.

 

- Xəstələrdə bronxial astma tutmalarının yaranmasına səbəb olan amillər hansılardır?

 

- Xəstəliyin allergik formasında bronxial astma tutmalarına təsir edən allergenlər 4 əsas qrupa bölünür: tozcuqlar, məişət, epidermal və qida məhsulları.

 

Tozcuq allergenlərinə bitkilərin tozcuğu (ot, kol, ağac çiçəkləri və s.), kif və göbələklər aiddir. Havada tozcuqlar çox olduqda belə xəstələrə qapı-pəncərələri bağlamaq və otaqda olmaq lazımdır. Bitkilər çiçək açan dövrlərdə meşəyə, çəmənliyə, bağa getmək olmaz.

 

Məişət allergenlərinə isə ilk növbədə ev və kitab tozları aiddir. Ev tozlarının başlıca allergiya komponenti ev gənəsidir. Onu gözlə görmək mümkün deyil. Onlar balış tükündə, xalçalarda, yun örtüklərdə, yumşaq mebellərdə, bir sözlə, toz yığan əşyalarda olur. Bunların allergik təsirinə qarşı mübarizə aparmaq üçün döşəməni, divarları hər gün yaş əski ilə silmək, mənzilin havasını dəyişmək, kitab rəflərinə şüşə saldırmaq, mənzildə tozyığan əşyaların az olmasına çalışmaq lazımdır.

 

Ev heyvanlarının (it, pişik, şimal siçovulu və s.) kəpəyindən, tükündən isə epidermal allergenlər əmələ gəlir. Əgər bu heyvanlar mənzildə saxlanılırsa, onları yataq otağına buraxmaq lazım deyil. Evdə tarakan və s. həşəratlar da epidermal allergen mənbəyi ola bilər.

 

Qeyd edim ki, bəzən təngnəfəslik tutmalarına səbəb olan amil qida allergenləri olur. Allergen qidalara ilk növbədə balıq, süd, yumurta, buğda, sitrus meyvələri və s. aiddir. Orqanizmə eyni vaxtda bir neçə allergen daxil olarsa, bu, ağır klinik halın yaranmasına səbəb ola bilər.

 

Tünd tamlı ədviyyatlar və bəzi tərəvəz növləri (turp, soğan və s.) allergen kimi təsir etməsə də, kimyəvi qıcıqlandırıcılar kimi allergik reaksiyaları ağırlaşdıra bilir. Ona görə də hipoallergen pəhriz saxlanılmalı, hər cür tünd ədviyyatdan tam imtina edilməlidir. Xəstənin yeməyində çox miqdarda süd, yumurta, həmçinin qoz-fındıq, istiot, xardal, mayonez olması məsləhət deyil. Xəstəliyin ağırlaşma dövründə pəhriz saxlamaq çox vacibdir. Ancaq bununla belə, qidada kifayət qədər yağ, zülal və karbohidratlar olmalıdır.

 

Bronxial astma tutmalarına səbəb olan qeyri-allergen amillərə isə soyuq, isti, infeksiya, kəskin qoxular, əsəbi gərginlik, stress, fiziki amillər və s. aiddir. Bunlar da xəstədə təngnəfəslik yarada bilir.

 

- Bronxial astma xəstəliyi olanlara siqaret tüstüsü və s. kimi müxtəlif kəskin qoxuların təsiri barədə nə deyə bilərsiz?

 

- Bəli, belə xəstələrə siqaret tüstüsü də zərərlidir. Siqaret tüstüsü uşaqlarda allergiyanın törənməsinə və bronxial astmanın ağırlaşmasına səbəb olur. Uşaqları xəstə olan valideynlər, xüsusən uşaq olan otaqda siqaret çəkməməlidirlər. Uşağı siqaret çəkilən ictimai yerlərə aparmaq da olmaz. Ağac yandırılan zaman çıxan tüstü də bronxları qıcıqlandırır. Tünd iyli sabunlardan, losyonlardan, şampunlardan, ətirlərdən və s. istifadə etmək də məsləhət görülmür.

 

Soyuqdəymə və respirator virus infeksiyaları da bronxial astma tutmalarını törədə bilər. Bu əsasən uşaqlarda baş verir. KRVİ üçün məqbul hesab edilən profilaktik vasitələrdən istifadə etmək, bədəni möhkəmlətmək, orta ağır və ağır astma ilə xəstələnənlərə hər il qrip əleyhinə profilaktik peyvənd etmək lazımdır. Soyuqdəymənin ilkin simptomları aşkara çıxan kimi astma tutmasının qarşısını vaxtında almaq üçün həkimə müraciət etmək məsləhətdir.

 

- Bu gün astma xəstəliyinə dəqiq diaqnozun qoyulmaması və yanlış müalicənin aparılması faktlarının olması danılmazdır. Mövcud problemlərin ortaya çıxmasına səbəb bu sahədə yetəri qədər kadrların olmamasıdır, yoxsa...?

 

- Ölkəmizdə hər bir sahədə olduğu kimi bu sahədə də yüksək səviyyəli mütəxəssislərimiz, savadlı həkimlərimiz var. Bronxial astma xəstəliyini müalicə etmək üçün kadr baxımından problemimiz yoxdur.

 

Ancaq bu heç bir çatışmazlığın olmaması demək deyil. Bəzən valideynlər 8-10 həkimə müraciət etdiklərini, ancaq heç bir faydası olmadığını deyirlər. Təəssüf ki, bu sahədə mütəxəssis olmayan həkimlər astma xəstəliyini müalicə etməyə çalışırlar. Hətta cərrahın, göz həkiminin bronxial astmanı “müalicə etməsi” kimi dəhşətli faktlarla da qarşılaşmışıq. Qoy hər həkim öz sahəsi ilə məşğul olsun. Yalnız bu halda ağır, müalicəyə təslim olmayan xəstələr azalar.

 

Digər bir problem isə xəstəyə düzgün diaqnozun qoyulmamasıdır. Doğrudur, bronxial astmaya diaqnoz qoymaq o qədər də asan deyil. Bu xəstəliyi yalnız xüsusi hazırlığı olan allerqoloqlar müalicə edə bilər. Çünki uşaqlarda astmayabənzər digər xəstəliklər də (məsələn, qrip, KRVİ xəstəlikləri və s.) müşahidə olunur. Bu xəstəliklərin törədiciləri adətən viruslardır. Viruslar isə tez bir zamanda bronxlarda şişkinlik və bronx mənfəzinin daralması kimi ilkin əlamətlərin yaranmasına səbəb olur. Nəticədə xəstədə təngnəfəslik, xışıltılı, səsli tənəffüs meydana çıxır. Çünki bronxlarda abstruksiya, tıxac əmələ gəlir. Məhz bunun nəticəsidir ki, bu gün uşaqlar arasında abstruktiv bronxitlər geniş yayılıb. Təəssüf ki, həkimlərimiz bəzi hallarda bronxial astmanı yuxarıda qeyd etdiyim xəstəliklərdən ayıra bilmir. Bu isə xəstəliyin daha çox ağırlaşmasına səbəb olur.

 

- Bəs, xəstəyə necə düzgün diaqnoz qoymaq, onun bronxial astma olub-olmadığını müəyyənləşdirmək olar?

 

- Xəstəliyi müəyyən etmək üçün ilk növbədə dəqiq, geniş anamnez toplayırıq. Bununla biz boğulmaların səbəbini, əsas təsiredici amilləri araşdırır və müəyyənləşdiririk. İkincisi, mütləq uşağın nəslində belə xəstəliyin olub-olmamasını öyrənirik. Çünki istər anamnezin, istərsə də nəsildə astmanın və ya digər allergik xəstəliklərin olmasının xəstəyə diaqnoz qoymaq üçün çox böyük əhəmiyyəti var. Bundan sonra obyektiv müayinə aparırıq, bronxlara, ciyərlərə qulaq asırıq. Daha sonra biz ağciyərlərin hava tutumunu yoxlayırıq. Əlbəttə ki, bronxda spazma olduqda ağciyərlərin hava tutumu çox aşağı səviyyədə olacaq. Müalicə aldıqdan sonra isə göstərici normaya çatır. Bundan sonra isə müxtəlif sınaqlarla xəstəliyin həqiqi bronxial astma olduğu dəqiqləşdirilir. Bunun üçün ümumi hemoqlobin E və spesifik anticisimlər yoxlanılır. Yoxlama məqsədi ilə dəri sınağı aparılır. Ancaq erkən yaşlı uşaqlarda dəri sınağı o qədər də məsləhət deyil. Buna görə də onların qanı analiz edilir. Bu bizə tutmaların səbəbini müəyyənləşdirməyə imkan verir.

 

- Xəstələrdə müxtəlif allergenlərə qarşı həssaslığın azaldılması yolu ilə astmanı müalicə etmək mümkündürmü?

 

- Bəli, bu, bronxial astmanın müalicəsində xüsusi metoddur. Xəstənin məhz hansı toza qarşı allergiyası, həssaslığı olduğu müəyyənləşdirilir, allergen tapılır. Həmin allergen durulaşdırılaraq, ən zəif titrlə xəstəyə verilir. Get-gedə doza artırılır və bədən allergenə öyrəşir. Bu proses xəstənin bu və ya digər allergenə qarşı həssaslığı azalanadək davam etdirilir.

 

- Müalicə vasitəsi kimi tənəffüs gimnastikası haqqında nə deyə bilərsiniz?

 

- Biz uşaqların xüsusi müalicəsini həyata keçiririk və eyni vaxtda onlara nəfəs gimnastikası sahəsində mütəxəssis lazımi təlimatlar verir, tənəffüs qaydalarını öyrədir. Nəfəs gimnastikası da bronxial astmanın müalicə vasitələrindən biri sayılır. Bu müalicə tənəffüs mexanizminin funksiyasını yüksəltməyə xidmət edir. Nəfəs gimnastikasının funksiyası nəfəs əzələlərinin yorğunluğunu və gərginliyini aradan qaldırmaqdan, əzələlərin nəfəs alarkən və verərkən normal işləməsini təmin etməkdən ibarətdir. Bunu yalnız mütəxəssislərin tövsiyəsi ilə etmək lazımdır və bizim də bu sahədə kifayət qədər kadrımız var.

 

Onu da qeyd edim ki, bronxial astma xəstələri həmçinin üzgüçülük ilə məşğul ola bilər. Onlara az sürətlə qaçmaq da məsləhət görülür. Basketbol, voleybol, futbol və s. kimi yüksək fiziki gərginlikli idman növləri ilə isə məşğul olmaq tövsiyə edilmir.

 

- Uşaqlarda bronxial astma xəstəliyinə hansı yaşda daha çox rast gəlinir?

 

- Bu xəstəliyə erkən yaşlı uşaqlarda çox az hallarda təsadüf olunur. Bronxial astmaya 3-10 yaş arasında olan uşaqlar daha çox meyillidir. Xəstəliyin rast gəlinməsinə görə oğlan və qız uşaqlarını müqayisə etsək, onlar arasında oğlanlar üstünlük təşkil edir.

 

- Amaliya xanım, bronxial astma xəstəliyini tam müalicə etmək mümkündürmü?

 

- Bronxial astma xroniki xəstəlikdir. Buna görə də onun tam müalicəsindən söhbət gedə bilməz. 20 faiz halda bu xəstəlik təkrarlanmaya bilər. Belə xəstələrin 100 il də yaşaması mümkündür. Lakin onlar həkim məsləhətinə qulaq asmalı və riayət etməlidirlər. Belə xəstələr müntəzəm olaraq, ildə 1-2 dəfə müayinədən keçməlidirlər. Həkim məsləhətinə etinasız yanaşanda isə xəstəliyin təkrarlanması təhlükəsi həmişə var. Ətraf mühitdəki allergenlər, qıcıqlandırıcı amillər dəf edildikdə, allergiya törədən qidalardan imtina olunduğu halda isə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013