Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 

 

QƏRAR

 

 

№ 143

 

 

12/06/2006 il

 

 

"Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" 7.3.10-7.3.12-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. "Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il

12 iyun tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" 7.3.10-7.3.12-ci bəndlərinə əsasən hazırlanmışdır və “Elektron sağlamlıq kartı” (bundan sonra – sağlamlıq kartı) sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir.

1.2. Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir.

1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir.

1.4. Sağlamlıq kartı sisteminə daxil edilmiş informasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir.

1.5. Kartda olan informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir.

1.6. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

 

2. Sağlamlıq kartı sisteminin strukturu

 

2.1. Sağlamlıq kartı sistemi Mərkəzi İnformasiya Bazasının və müvafiq tibb müəssisələrinin proqram təminatlarından, müəssisənin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğulardan və mikroprosessorlu çip ilə təchiz edilmiş, saxtalaşdırılması mümkün olmayan elektron kartlardan ibarətdir.

2.2. Tibb müəssisəsinin rəhbəri tərəfindən sağlamlıq kartı sisteminin proqramı ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq, kart sahibinin kartında əməliyyatlar aparır. Aparılmış əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur.

2.3. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə İnformasiya Mərkəzinə göndərilir.

 

3. Sağlamlıq kartı sisteminin registrinin yaradılması və aparılması

 

3.1. Vətəndaşların sağlamlıq vəziyyətinin qeydiyyatının aparılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində sağlamlıq kartı sisteminin elektron registrinin bankı yaradılır.

3.2. Registrə və sağlamlıq kartına aşağıdakı məlumatlar daxil edilir:

- şəxs haqqında;

- tibb müəssisəsi haqqında;

- immunlaşdırma haqqında;

- qanunvericiliklə müəyyən olunmuş digər tibbi məlumatlar.

 

4. Sağlamlıq kartlarının hazırlanması və onların verilmə qaydaları

 

4.1. Sağlamlıq kartları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş, xüsusi avadanlıqlarla təmin olunmuş müəssisələr tərəfindən hazırlanır və fiziki şəxslərə verilməsi üçün tibb müəssisələrinə paylanılır.

4.2. Sağlamlıq kartı sistemi tibb müəssisələri tərəfindən təqdim edilmiş məlumatlar əsasında tərtib edilir.

4.3. Müayinə nəticələrini tibb müəssisəsi yerində yeniləşdirə bilmədiyi təqdirdə, bu dəyişiklik İnformasiya Mərkəzinə göndərilir və kart sahibinin kartına tibb müəssisəsi tərəfindən sonradan daxil edilir.

4.4. Sağlamlıq kartını itirən və ya kartı zədələnmiş şəxslər üçün yeni kart hazırlanır və İnformasiya Mərkəzində saxlanılan informasiya yeni kartın yaddaşına yazılır. İtirilmiş və ya zədələnmiş kartlar istifadəsi qadağan olunmuş kartlar siyahısına daxil edilərək, İnformasiya Mərkəzinə göndərilir və bloklanır.

 

5. Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və onun məxfiliyi

 

5.1. Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədi ilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər.

5.2. Qanunla müəyyənləşdirilmiş konfidensial məlumatların yayılması qadağandır.

 

6. Sağlamlıq kartı sisteminin təchizatı və maliyyələşdirilməsi

 

6.1. Sağlamlıq kartı sisteminin fəaliyyəti üçün tibb müəssisələri avadanlıqla və digər ləvazimatlarla təchiz olunurlar.

6.2. Sağlamlıq kartı sisteminin tətbiqi üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsinin “səhiyyə” bölməsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013