Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda əhalinin 90-95 faizində kariyes var

16 fevral 2008

H.İSABALAYEVA

 

Dünyada 3 yaşlı uşaqların 75 faizində diş-çənə anomaliyaları aşkarlanır

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Son 10 ildə parodontoz xəstəliyi 20 faiz artıb. Dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. Dişlərin itkisi ilə nəticələnən diş əti xəstəliyinə planet sakinlərinin təqribən 15 faizində rast gəlinir. Diş-çənə anomaliyaları isə çənə-üz xəstəlikləri arasında birinci yeri tutur və bu problem 3 yaşlı balacaların 75 faizində aşkarlanır.

 

Sadalanan xəstəliklər Azərbaycandan da yan keçmir. Təkcə onu demək kifayətdir ki, aparılan elmi-tədqiqat işləri Azərbaycanda da son illər diş-çənə anomaliyalarının artmasını təsdiqləyir. Respublikada stomatologiya üzrə ilk qadın tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Ümumi stomatologiya kafedrasının müdiri, professor Tamara Hüseynova ilə söhbətimizə ölkədə daha çox yayılan diş xəstəliklərindən başladıq:

 

- Hazırda bütün dünyada ən geniş yayılmış diş xəstəliyi dişlərin sərt toxumalarının dağılması – kariyesdir. Ona görə də bir çox ölkələrdə ona qarşı çox ciddi profilaktik tədbirlər aparılır. Hazırda Azərbaycanda da əhalinin 90-95 faizində kariyes var. Sərt toxumaların dağılması dişin kanalında olan özəyə çatır və iltihab prosesi başlayır. Bu zaman bərk diş ağrısı yaranır. Vaxtında yardım göstərilməyəndə isə diş ətrafında iltihab, məhdud iltihab - abses, sepsis, fleqmona, irinli iltihab və s. əmələ gələ bilər. Təəssüf ki, gec müraciət ediləndə bəzən biz hətta xəstələri itiririk. Bundan başqa, müasir dövrdə ağız boşluğu selikli qişasının çoxlu xəstəlikləri var. Bura xərçəngönü xəstəliklər və son zamanlar artmış ağız boşluğu xərçəngi də daxildir. Təəssüf ki, bəzi həkimlər bu xəstəlikləri ayırd edə bilmirlər. Halbuki əsas səbəbi aradan qaldıran kimi zədələnmələr də çəkilib gedir. Bu səbəblər dağılmış dişlərin iti kənarları, düzgün olmayan protezlər, pis vərdişlər, alkoqol və narkotik maddələrdən istifadə və s. ola bilər. Körpüvari protezlərin hazırlanmasında xətalar, koronkaların kobud, yaxşı cilalanmamış tərəfləri dili, incə selikli qişanı zədələyir və belə daimi mexaniki travmatik zədələnmə toxuma və hüceyrələrin atipik vəziyyətinə gətirə bilər. Ona görə də ağız boşluğunda lazımi səviyyədə sanasiya aparılmalı və bu səbəblər aradan götürülməlidir.

 

- Kariyes nədən əmələ gəlir?

 

- Mən Azərbaycanın qədim sakinlərinin kəllə sümüklərini öyrənmişəm. Araşdırmalar göstərib ki, b.e-dan qabaq I əsrdən eramızın VII əsrinə qədər olan dövrdə qədim insanlarda kariyes çox az olub. Əgər indi 95 faizdirsə, o zaman 30-40 faiz idi. Çünki qədim insanlar indiki qidalarla deyil, daha sərt qidalarla qidalanırdılar və onların diş-çənə sistemində güclü çeynəmə prosesi gedirdi. Ancaq VII əsrdən kariyesin faiz göstəricisi çoxalıb. Bunu onunla əlaqələndirmək olar ki, insanlar buğda, arpa ilə qidalanmağa başlayıblar, un məmulatı ilə qidalanma artdıqca kariyes də çoxalıb. İndiki zamanda da nəzəriyyələr bunu təsdiqləyir. Ümumiyyətlə, hesab edilir ki, kariyes çoxsəbəbli xəstəlikdir. Onlardan 1-cisi karbohidratların artıq dərəcədə qəbuludur. Şirniyyata güclü həvəs nəticəsində uşaqlarda kariyes daha çox müşahidə edilir. Bu xəstəliyin qarşısını almaq üçün qəbul edilən qidaların tərkibi zəngin olmalı, orada meyvə-tərəvəz üstünlük təşkil etməlidir.

 

2-ci səbəb mikroelement flüorla bağlıdır. Diş səthinin bərkiməsinə bu elementin çox böyük təsiri var. Flüor insan orqanizminə əsasən suyun tərkibində daxil olur. Azərbaycanda flüor Abşeronun quyu sularında çoxdur. Normaya görə, bir litr suda flüor bir milliqram olmalıdır. Bizdə quyu sularında o, normaya uyğundur, hətta artıq olanı da var. Flüor 2 milliqramdan artıq olanda da bu, dişlər üçün yaxşı deyil, amma lazımi miqdarda olanda dişlərin toxumaları çox bərk olur. Belə dişlər çox yaxşı inkişaf etmiş, parıltılı olur. Təəssüf ki, Bakı suyunda flüor azdır. Flüorun çox böyük əhəmiyyəti olduğunu nəzərə alan əksər ölkələrdə içməli su hökumət səviyyəsində flüorlaşdırılır. Çox zəhmət və məsrəf tələb edən bir iş olduğundan hər ölkə bunu edə bilmir.

 

Kariyeslə bağlı 3-cü amil dişlərə lazımi səviyyədə qulluqla bağlıdır. Bu, sadə bir şey kimi görünsə də, çox böyük əhəmiyyəti var. Dişlər diş pastası ilə düzgün təmizlənməli, fırça üst çənədə üstdən aşağı, alt çənədə altdan yuxarı dişlərin arasında olan qidaları çıxartmalıdır. Hər dişin ətrafı bir neçə saniyə təmizlənməlidir. Dişlər ancaq görünən tərəfdən deyil, bütünlüklə fırçalanmalı, damaq, dil də təmizlənməlidir. Çünki qida qalıqları, ağız boşluğunun nəmliyi, orqanizmin istiliyi və qaranlıq mikrobların inkişafı üçün yaxşı şəraitdir. 4-cü amil orqanizmin ümumi vəziyyəti və irsi xəstəliklərdir. Bu 4 amil kariyesin inkişafına təkan verir.

 

- Parodontozun geniş yayılmasına səbəb nədir?

 

- Diş ətrafı toxumaların xəstəliyi olan parodontoz həmişə olub. Gigiyenaya riayət edilməyəndə, diş pası çox olanda, koronkalar pis olanda və dərin taxılanda və s. hallarda bu xəstəlik əmələ gələ bilər. İmmunitetdən də çox şey asılıdır. Deyə bilərəm ki, bu xəstəlik orqanizmin ümumi vəziyyətinin göstəricisidir. Ümumi bir xəstəlik olanda parodontda da dəyişikliklər baş verir. Hazırda diş ətrafı xəstəliklər artıq dərəcədə yayılıb. Əvvəl diş ətində qızartı, iltihab, şişkinlik, gicişmə hissiyyatı olur. Bəzən diş əti altında daşlar, diş boynunda gözəgörünən diş ətləri olur ki, onlar da xarici cisim kimi daim diş ətini qıcıqlandırır. Bundan başqa, ümumi xəstəliklər nəticəsində alveolyar diş yuvacığında sorulma prosesi gedir. Ona görə də dişlər əvvəlcə az, sonra isə daha çox tərpənməyə başlayır. Xəstəliyin 3 və 4-cü mərhələlərində isə dişləri artıq xilas etmək olmur, çünki alveolyar çıxıntıda sümüyün tamamilə sorulması nəticəsində dişin fiksasiyası pozulur. İlkin mərhələdə müraciət edən belə xəstələrə çox ciddi, kompleks şəkildə yerli və ümumi faktorlar üzrə müalicə aparılmalıdır. Bu zaman diş hüceyrələrinin qidalanmasını artırmaq üçün orqanizmdə maddələr mübadiləsi prosesi gücləndirilməlidir. Ona görə də vitamin və mineral maddələrlə zəngin qida qəbul edilməlidir. Ağız boşluğunun sanasiyasına çox ciddi riayət olunmalı, iltihabi proseslərə qarşı müalicə, diş ətlərinin masajı aparılmalıdır. Proses kəskin formadan xronikiyə keçdikdən sonra da xəstələr mütəmadi nəzarətdə olmalı və onlara vaxtaşırı müalicə aparılmalıdır.

 

- Nə üçün breketlərdən istifadə halları artıb?

 

- Dişlərin əyri, anormal yerləşməsi bir tərəfdən kosmetik, estetik, digər tərəfdən funksional qüsurdur. Çünki çənələr düz deyilsə, çeynəmə prosesi də pozulur. Bu qüsur çox vaxt genetik, anadangəlmə olur. O, valideynin çənə quruluşuna bənzəməkdən də irəli gələ bilər, həmçinin bəzən hamiləlik dövründə hansısa patoloji hala görə yaranır, yəni hamilə qadının xəstələnməsi, qidasına riayət etməməsi, onun zərərli peşəsi, ekoloji problemlər və s. buna təsir edir. Ancaq əksər hallarda çənə anomaliyaları pis vərdişlərdən əmələ gəlir. Uşaq anadan olanda təbiətin yaratdığı qayda ilə ana südü qəbul eləməlidir. Həkimlər bunun vacibliyini təkcə ana südünün tərkibinə görə demirlər. Analar öz qulaq dincliklərinə görə, uşağın səsini kəsmək üçün ona əmzik verirlər, körpə də ona elə öyrəşir ki, bu, pis vərdişə çevrilir. Bəzi uşaqlar 3-4 yaşına qədər əmzik sorurlar, o isə incə diş qövsünü zədələyir, üstəlik çənə artıq dərəcədə distal, yəni önə inkişaf edir. Əsəbi uşaqların barmaqlarını sorması, qələmi ağzına salması da belə pis vərdişlərdəndir. Burunda artıq ətin olması nəticəsində ağızla nəfəsalma da çənə anomaliyasına səbəb olur. Burunla nəfəsalmanın çətinləşməsi nəticəsində uşaqlar ağzıaçıq yatırlar. İllər boyu davam edən bu proses çənənin qabağa gəlməsinə səbəb olur, uşaqda "adenoidli üz" deyilən xüsusi sima əmələ gətirir. İnsan ağzını bağlayanda dodaqlar bir-birinin üstündə olmalıdır, bu halda isə bağlanmır. Bu, anomaliyadır.

 

Lazımi səviyyədə və vaxtında aparılırsa, çənə anomaliyalarının müalicəsində breketlərin çox yaxşı effekti olur. Breketlər çənənin diş sırasına təzyiq göstərərək, dişləri lazımi səviyyədə normaya salmağa imkan verir. Onları 7 yaşından sonra qoymaq olar və nə qədər erkən qoyulsa, o qədər effektivdir. Təəssüf ki, bizim yanımıza 20-30 yaşında gələnlər də olur, əksəriyyəti də qadınlar gəlir. Onlara breketlərin gəzdirilməsi üçün uzun müddət lazımdır. Çünki artıq sümüklər bərkiyib, çənə tam formalaşıb. Breketlərin əksər hallarda alt çənədə daha uzun müddət gəzdirilməsi tələb olunur. Çünki onu geri qaytarmaq çətin olur. Elə qüsurlar da var ki, breketləri 6-7 ay gəzdirmək lazımdır. Qüsuru 2 yaşında görəndə isə qövsdən istifadə etməklə onu düzəltmək olur. Breketlər dişlərin sərt toxumasına təzyiq göstərir. Onların təsiri isə uşağın ümumi vəziyyəti, dişlərin bərkliyi, sərt toxumanın vəziyyətindən də asılıdır. Bəzən təzyiq nəticəsində sərt toxumada distaloji deşiklər, yumşalma prosesi və s. ola bilər. Breketlərdən istifadə zamanı lorinqoloqların da köməyi olmalıdır ki, nəfəsalma normada olsun. Onların qoyulmasından əvvəl xəstə dişlər müalicə olunmalı, diş ətinə qulluq, nəzarət edilməlidir. Qeyd edim ki, bəzən diş və çənələrində anomaliya olan uşaqların fəqərələrində də qüsur olur. Ümumiyyətlə, ağız boşluğu, diş-çənə sistemi orqanizmin ümumi vəziyyəti ilə sıx bağlıdır.

 

- Dişlərin ağardılması zərərlidirmi? Bu proses hansı hallarda aparılmalıdır?

 

- Dişlər anadangəlmə ya ağ, ya da sarımtıl rəngdə olur. Amma onun rəngi sonradan dəyişə bilər. Gigiyenaya riayət edilməyəndə, dişlərdə uzun müddət ərp qalanda onlar bozumtul, hətta tünd rəngə çala bilər. Çoxlu antibiotik vurulan və qəbul edən adamlarda da dişlər bəzən tündləşir. Siqaret çəkəndə, çoxlu alkoqol, kofe, çay içəndə də dəyişiklik ola bilər. Müasir xüsusi ultrasəsli aparatlar bunları çox gözəl təmizləyir və diş toxumasının öz rəngi yerində qalır. Bəzi kimyəvi vasitələrlə ağartma üsullarının isə çox mənfi təsiri də olur. Əgər insanın anadangəlmə dişlərinin rəngi ağdırsa, onu qoruyub saxlamalısan. Bu rəng anadangəlmə sarıdırsa, onu ağartmağın heç mənası da yoxdur. Süni ağartma müvəqqəti olur və dişin sərt toxumasına da sirayət edir.

 

- Hazırda diş pastaları da dişləri tam ağartmaq adı ilə reklam olunur…

 

- Pastalar ərpin yaxşı təmizlənməsinə kömək edir. Bəzən yazırlar ki, hansısa diş pastası kariyesin tam qarşısını alır. Əlbəttə, ola bilər ki, müəyyən təsiri olsun, amma daha 100 faiz ona ümid olmaq olmaz. Əgər hər gün adi diş pastası ilə dişlərin arasından qida, üstündən ərp təmizlənirsə, onda da dişlər parıltılı və təmiz our.

 

- Dişlərə qaş qoydurulmasının hansı fəsadları ola bilər?

 

- Bu bizdə geniş yayılmasa da, amma hərdən dişinə brilyant qaş qoydurmaq istəyənlər olur. Ümumiyyətlə, bu, ağla batmayan şeydir. Qaşı qoymaq üçün gərək dişin sərt toxumasında yer hazırlayasan. Ona görə də onu oymalı, yəni minanı zədələməlisən. Onsuz da xəstəliklərə çox meyilli olan dişin sərt toxumasına belə münasibət düzgün deyil.

 

- İmplantların tətbiqi hansı hallarda zəruridir? Bunun üçün yaş məhdudiyyəti qoyulurmu?

 

- İmplantların taxılması çox mürəkkəb məsələdir. Onların çox göstəriş və əks göstərişləri var. Bunlara isə riayət edənlər azdır. Amma əsl mütəxəssis ona çox ciddi yanaşmalıdır. Uşaqlarda onun tətbiqi yaramaz. İnsanların dişsizlik problemi adətən 40 yaşından sonra olur. Bu yaşda çox adamda yaşla, hormonal dəyişikliklərlə bağlı, ekologiyanın, digər amillərin təsiri nəticəsində ümumi xəstəliklər artır. Ona görə də yalnız həm ümümilikdə orqanizm, həm də xüsusi olaraq ağız boşluğu müayinə edildikdən sonra implantasiya edilə bilər. Xüsusilə qadınlarda 40 yaşdan sonra orqanizmdə müəyyən hormonal dəyişikliklər nəticəsində sümüklərdə yumşalma - osteoparoz prosesi gedir. Belə hallarda implantasiya çox pis nəticə verir. Ona görə də sümük sisteminin ümumi vəziyyəti nəzərə alınmalıdır. Göstərişlərə ciddi riayət edilərsə, əks göstərişlər diqqətlə nəzərdən keçirilərək, nəzərə alınarsa, implantasiya effektiv bir üsuldur. Bunun üçün əvvəl çənədə yer hazırlanır. 6 ay keçəndən sonra oraya vint taxılır və üstünə dişin tac hissəsi yerləşdirilir. İmplantasiyada ayrı-ayrı dişlərin yerindən başqa çox vaxt dişsiz çənəyə dayaqlar edilir ki, protez yaxşı fiksasiya olunsun. Buna uzun müddət nəzarət lazımdır. Təəssüf ki, mənfi nəticələr, orqanizmin implantı qəbul etməməsi də olur.

 

- Qadınlarda hamiləlik dövründə diş xəstəlikləri artır. Bu nə ilə izah olunur?

 

- Ümumiyyətlə, hamiləliyə hazırlaşan qadının ağız boşluğu sağlam olmalıdır. Çünki körpə ananın bətnindən qidalanır, onun orqanizmi lazım olan bütün maddələri, o cümlədən kalsiumu anadan alır. Əgər ananın immuniteti, əsəb sistemi, ümumiyyətlə, orqanizmi zəifdirsə, onun toxumalarında dəyişikliklər gedəcək. Onun bədənində kalsium çatışmırsa, bu özünü dişlərdə büruzə verir, belə qadınlarda kariyes daha çox olur. Tədqiqatlar göstərir ki, ilkin doğuş edən hər qadında orta hesabla 10 diş, çox doğuş edən hər qadında isə 12 diş kariyes nəticəsində dağılır, plomblanır və ya çəkilir. Hamilə qadınların, demək olar ki, 50 faizinin diş toxumaları, diş əti ətrafında dəyişikliklər gedir. Dəmirlə kalsiumun əlaqəsi də çox maraqlıdır. 590 hamilə qadın arasında araşdırma aparılıb, müəyyən olunub ki, onların 50 faizində anemiya var. Anemiya zamanı hamilə qadına adətən dəmir preparatları yazırlar. Lakin bunu ancaq qanda dəmirin miqdarını öyrəndikdən sonra təyin etmək olar. Əks halda artıq dəmir kalsiumla təmasda olub onu azaldır ki, bu səbəbdən də dişlər dağılır.

 

- Ağıl dişinin çıxması hər kəs üçün vacib hesab edilsə də, əksər hallarda bu, müşahidə edilmir. Bu dişin nə kimi rolu var?

 

- Ağıl dişi axırıncı – üçüncü çeynəmə dişidir. Əksər hallarda çənədə ona yer məhdud olur. Maraqlıdır ki, qədim sakinlərdə çənə o qədər geniş idi ki, orada ağıl dişindən sonra hələ bir çeynəmə dişi üçün də yer var idi. Bizim eraya yaxınlaşdıqca isə çənədə diş sıralarının yeri məhdudlaşıb.

 

Ümumiyyətlə, bu dişdə anomaliyalar çox olur, əksər hallarda onun çıxması problemə çevrilir. Ağıl dişinin ya istiqaməti düz olmur, ya çıxmaq istəyəndə üstdəki selikli qişa örtüyü onu buraxmır. Bu zaman örtük çərtilir, ağıl dişi buraxılır və o bundan sonra çeynəmə prosesində də iştirak edir. Amma çox vaxt pərdənin altına infeksiya yığılır və iltihab prosesi yaranır. Dişin çıxmadığı hallar da var. Deməli, o, çənədə qalıb. Bu diş ya çənədə inkişaf edib, ya da inkişafdan qaldığı üçün çıxmır. Düzgün olmayan istiqaməti ilə digər dişlərə təzyiq göstərdikdə onu cərrahi müdaxilə ilə çıxarırlar. Bəziləri hesab edir ki, ağıl dişi gərəksizdir, ondan can qurtarmaq lazımdır. Doğrudur, bu diş problemlidir, tez xarab olur, amma bu o demək deyil ki, ağıl dişləri müalicə olunmamalıdır. Bəzən görürsən ki, insan dişlərini tez çıxartdırıb, ümid elə ağıl dişinə qalıb. Bəzi cərrahlar onu implant kimi çıxan dişin yerinə də qoyurlar. Bu, göstərişlərə, həkimin bacarığına baxır. Ümumiyyətlə, normada ağıl dişi çıxmalıdır. Çünki anatomiyaya görə, insanda 32 diş olmalıdır.

 

- Ümumiyyətlə, dişlərin, damaqların sağlam olması üçün bir ümumi qayda varmı?

 

- Dişləri, damaqları təmiz saxlamaq və işlətmək lazımdır. Görürsən ki, uşağın 6-7 yaşı var, hələ də ona sıyıq, sürtgəcdən keçirilmiş yeməklər verirlər. Çənə gərək işləsin ki, qan dövranı çənənin inkişafına kömək eləsin. Çeynəmə prosesi az olanda isə ərp də olur, dişlərin inkişafı da zəif gedir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013