Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Balıqlardan gələn xəstəlik təhlükəsi

30 iyun 2008

 

Dəniz məhsullarından anizakidoza yoluxmaq olar

 

Dəniz heyvanlarının paraziti olan anizakidlər dünyanın bütün okean və dənizlərində, o cümlədən Xəzərdə müxtəlif növ balıq və digər canlılar arasında geniş yayılmışdır. Son illərdə bir tərəfdən dünya əhalisinin çoxalması, intensiv miqrasiya, turizmin inkişafı, digər tərəfdən isə qida məhsullarının hasil və emalının sənayeləşməsi, bazarın qloballaşması və s. səbəblər anizakidozun insanlar arasında yayılma ehtimalını kəskin artırmışdır. Lakin Azərbaycanda tibb işçilərinin böyük əksəriyyətinin bu parazitoz barədə az məlumatlı olmasını və Xəzərin bir çox balıq növlərində (qarabal, qara siyənək, xəsəm, nərə, uzunburun, şişqarın balıqlarında) parazitin sürfələrinin aşkar olunmasını (T.K.Mikayılov və K.İ.Bünyadova, 2002) nəzərə alaraq, hesab edirik ki, xəstəliyin vacib aspektləri (patogenezi, klinikası, diaqnostikası, müalicə və profilaktikası) ilə praktiki həkimləri tanış etməklə, respublikada əhali arasında bu xəstələrin vaxtında aşkar edilməsinə və onların müalicəsinin düzgün aparılmasına imkan yaranar.

 

Qeyd etmək lazımdır ki, 1960-cı illərin əvvəllərində Hollandiyada insanlarda ağır, bəzən ölümlə nəticələnən və etiologiyası məlum olmayan bir xəstəlik qeyd olunmuşdu. Aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin Anizakidae ailəsinə mənsub olan helmint sürfələrinin olması müəyyən edilmişdi. Sonrakı tədqiqat işləri göstərdi ki, anizakidlərin yetkin fərdləri dünyanın bütün okean və dənizlərində yaşayan məməlilər: suiti, delfin, dəniz donuzu, balina və s. (son sahiblər) arasında geniş yayılıb. Parazitin sürfələri isə 120 növdən artıq dəniz heyvanında – xərçəng, ilbiz, krevet və kalmarlarda, eləcə də siyənək, xəsəm, nərə, somqa, qayalıq və s. balıqlarda, həmçinin balıqla qidalanan quşların (aralıq və əlavə sahiblər) daxili boşluqlarında və əzələ toxumalarında yerləşərək, parazit həyat keçirir.

 

İnsanın anizakidozla yoluxması qidalanmada helmintin sürfələri ilə invaziya olmuş ilbiz, xərçəng, krevet, balıq və s. aralıq və əlavə sahiblərə aid olan canlıları çiy və ya tam bişirilməmiş, az duzlanmış, eləcə də az turşuda olmuş halda istifadə etdikdə baş verir. Sakit okeanda aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, kalmarların 28%-i anizakid sürfələri ilə yoluxub. Eyni zamanda, tədqiqatlar göstərir ki, müxtəlif dəniz və okeanlarda aralıq və əlavə sahib orqanizmləri helmint sürfələri ilə 25%-dən 100%-dək yoluxmuş olur. Balıqlar tutulduqdan sonra onların bədənində olan sürfələrin bir hissəsi fəal miqrasiya edərək, başqa üzvlərə (əzələ, küri və kiçik vəzilərə) keçir. Odur ki, bu üzvləri balıq tutulduqdan sonra dərhal təmizləyib, qidalanmada istifadə etdikdə, yoluxma ehtimalı kəskin azalır.

 

Patogenez. İnsanın mədə-bağırsaq sisteminə düşmüş anizakid sürfələr udlaqdan düz bağırsağadək selikli və selikaltı qişaya keçərək, iltihabi proseslərə səbəb olur. Əsasən mədənin divarında və nazik bağırsaqda aşkar olunan sürfələrin daxil olduğu yerlərdə iltihabi proses, eozinofilli infiltrasiya, şişmələr, yaralar və hemorragiyalar baş verir. Xəstəliyin sonrakı mərhələsində eozinofilli qranuolma, nekroz və bağırsaq divarında perforasiya da (deşilmə) qeyd edilə bilər. Bu vaxt qarın boşluğunda olan başqa üzvlərdə də patoloji dəyişikliklər baş verir. İltihabi proseslər və bədənin sinir-reflektor reaksiyası xəstələrdə bağırsaq keçməməzliyi ilə nəticələnə bilir. Bəzən anizakid sürfələri miqrasiya edərək, öd kisəsinə, qaraciyər və mədəaltı vəziyə keçir, bu üzvlərdə iltihabi proseslərin və qranulomaların əmələ gəlməsinə səbəb olur. İnsan bədənində anizakidlər cinsi yetkin fərdlər mərhələsinə kimi inkişaf edə bilmir və beləliklə, insan orqanizmi anizakidlər üçün «bioloji sədd» rolunu oynayır. Anizakidlərin insan orqanizmində yaşama müddəti bir neçə həftədən 2-3 aya qədərdir. Lakin sürfələrin insan orqanizmində toksiko-allergik təsiri, eləcə də insanda qranulomaların əmələ gəlməsi ilə əlaqədar olaraq, xəstələrdə bəzən ağır kliniki əlamətlər aylarla, hətta bir il davam edir.

 

Klinika. Anizakidoz kəskin allergik kliniki əlamətlərlə, mədə-bağırsaq traktının selikli qişasında əmələ gələn eozinofilli qranulomalarla, bağırsaq keçməməzliyi, kəskin tutma xarakterli qarın sindromu, bağırsaq divarının deşilməsi, peritonit və bəzən ölüm ilə nəticələnən zoonoz xəstəlikdir. Anizakidozun klinikası kəskin, yarım kəskin və xroniki gedişli olur (Amin O., 2000).

 

Bir çox klinistlər anizakidozu mədə-bağırsaq traktının eozinofilli fleqmonası adlandırırlar. Xəstəliyin inkubasion dövrü bir neçə saatdan 14 günə kimidir və kliniki əlamətlər əsasən sürfələrin yerləşdiyi üzvlərdən asılı olur. Sürfələr bağırsaq boşluğunda olduqda, kliniki əlamətlər adətən az qeyd edilir. Sürfələrin mədə divarında lokalizasiyasında isə (ən çox təsadüf edilən forma) xəstələrdə epiqastral nahiyədə kəskin ağrılar, öyümə, qusma və bəzən qan ilə qusma baş verir. Xəstələrdə adətən subfebril və febril hərarət, allergik reaksiya (məxmərək, kvinke şişməsi) qeyd edilir. Sürfələrin retroqrad (əks) miqrasiyası, yəni mədədən yemək borusuna keçməsi xəstələrin boğazında qıcıqlanmalar, boğulma və bəzən kəskin öskürək şəklində təzahür edir. Bağırsağın anizakidozunda xəstələr göbək nahiyəsində və sağ böyründə kəskin tutma şəkilli ağrılardan, qarın boşluğunda qurultulardan və meteorizmdən narahat olduqlarını bildirirlər. Bəzən onlarda qeyd edilən kəskin tutma xarakterli ağrılar appendisiti və ya bağırsaq keçməməzliyini xatırladır. Müəyyən edilmişdir ki, Avropa irqli adamlarda anizakidozla yoluxma zamanı əsasən nazik bağırsaqda dəyişikliklər baş verir və xəstənin qarın boşluğunda tutma xarakterli kəskin ağrılar, yüksək hərarət, bağırsaq keçməməzliyi ilə müşayiət olunur. Vaxtında tibbi yardım göstərilmədikdə, perforativ peritonit və nəticədə ölüm də baş verə bilər.

 

Diaqnostika. Epidemioloji anamnez topladıqda qidalanmada dəniz və okean balıq məhsullarından istifadə edilməsi, xəstəliyin xarakter kliniki əlamətləri, qanda yüksək eozinofiliya və mədənin qastroskopiyasının nəticəsinə əsasən anizakidoz diaqnozunu aydın etmək olur. Belə ki, mədə-bağırsaq traktının qastroskopla müayinəsi və ya cərrahi əməliyyat nəticəsində mədənin və bağırsağın rezeksiya edilmiş hissəsinin müayinəsi nəticəsində parazitin sürfələri (2-3 ədəd) aşkar edildikdə diaqnoz təsdiq olunur. Fibroqastroduodenoskopiya ilə sürfələrin daxil olduğu selikli qişada şişmə və çoxlu eroziyalı nöqtələr müşahidə edilir. Nəcisin müayinəsində anizakid yumurta və sürfələri aşkar edilmir. Anizakidozun differensial diaqnostikasında əsasən mədə və 12-barmaq bağırsağın xorası ilə, qastrit, pankreatit, xolisistit və şişlər ilə müqayisə edilir. Xəstəliyin bağırsaq formasında appendisit, divertikulit, şişlər, kolit və enterit istisna edilməlidir. Diaqnoz düzgün müəyyən edilmədikdə, pasiyentlərin mədə şişi, mədə xorası, kəskin appendisit, bağırsaq keçməməzliyi, terminal ileit və s. diaqnozlarla cərrahiyyə əməliyyatı edildiyi hallar olub (Kapmanov İ.B., Plaşkova B.B. və başqaları, 2002; Amin O.M., Eidelmam W.S., 2000).

 

Müalicə. Xəstəliyin müalicəsində spesifik antihelmint preparatlardan istifadə edilir. Hamiləlik və uşaq əmizdirmə müddətində bu preparatlar təyin edilə bilməz.

 

Epidemiologiya. Son onillikdə anizakidoz tibbi helmintologiyanın aktual problemlərindən biri olaraq, hazırda dünyanın bir çox ölkələrində insanlar arasında qeyd edilir. Son illər anizakidozun davamlı artma tendensiyasını insanların qidalanmasında çiy və tam bişirilməmiş balıq, eləcə də başqa dəniz məhsullarından geniş istifadə edilməsi və xəstəliyin diaqnostikasının effektivliyinin artması ilə izah etmək olar. Onu da qeyd etmək lazımdır ki, Yaponiya, Çin, Koreya və digər Cənub-Şərqi Asiya kulinariyasında balıq və digər dəniz məhsulları çox vaxt çiy və ya tam bişirilməmiş halda geniş istifadə edilir. Bu isə əhali arasında anizakidozun yayılmasında əhəmiyyətli rol oynayır. Yaponiyada hər ildə insanlar arasında 3000-dən çox anizakidoz aşkar olunur və araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qidalanmada əsasən çiy balıq, ilbiz, kalmar, xərçəngdən hazırlanmış müxtəlif delikates yeməklər xəstəliyin yayılmasında mühüm rol oynayır. Bizdə də müvafiq mətbəxlərin xörəkləri təqdim olunan restoranlar var. Hesab edirik ki, Uzaq Şərq kulinariyası həvəskarları anizakidoz təhlükəsini nəzərdən qaçırmamalıdırlar.

 

Son illər Xəzər dənizində balıqların anizakid sürfələri ilə yoluxma hallarının müəyyən edilməsi də Azərbaycanda əhalinin anizakidozla yoluxma ehtimalını artırır. Doğrudur, bizdə insanlar arasında bu xəstəlik hələ aşkar edilməyib. Bununla belə, balıq və başqa dəniz canlılarından qidalanmada istifadə etdikdə anizakidozla yoluxma hallarının mümkünlüyünü daim nəzərdə tutmaq və şübhə yaradan hallarda bu xəstəliyin olub-olmamasını mütləq müəyyənləşdirmək lazımdır.

 

Profilaktika. Əhali arasında anizakidozun yoluxma yolları barədə səhiyyə maarifi tədbirlərini gücləndirmək, dəniz balıqlarından hazırlanmış yeməkləri, eləcə də ilbiz, krevet, kalmar, xərçəng və s. canlıları çiy və tam bişirilməmiş halda qidalanmada istifadə etməməklə anizakidozla yoluxmaların qarşısını almaq mümkündür.

 

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun baş elmi işçiləri t.e.d. İ.NƏCƏFOV, t.e.n. T.ƏLİYEVA

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013