Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Belarus

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Belarus Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq nazirliklərimiz arasında imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.

 

Belə ki, 14-17 aprel 2008-ci il tarixlərində Belarus Respublikası Səhiyyə Nazirinin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin rəsmi səfəri zamanı iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın perspektivləri, tibb mütəxəssislərinin mübadiləsi və Belarus istehsalı olan tibbi avadanlıq və ləvazimatlarının alınması ilə bağlı müzakirələr aparılmışdır. Belarus Respublikasının Səhiyyə Nazirliyində iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində Anlaşma sənədi imzalanmışdır. Belarus Respublikasının Sənaye Nazirliyində nazir və digər rəsmilərlə görüşlər olub, Belbiofarm Dövlət Konserninin təqdimatı zamanı ölkənin tibbi ləvazimat və dərman maddələri istehsalçıları ilə konkret müzakirələr aparılmışdır. Səfər proqramında Belarus Respublikasının Baş Naziri ilə görüş də nəzərdə tutulmuşdu. Belarus Respublikasının Baş Naziri ilə görüşdə 28.03.2007 –ci ildə imzalanmış ölkələrimiz arasında 2015-ci ilədək uzunmüddətli sosial-iqtisadi əməkdaşlıq Proqramı çərçivəsində səhiyyə və tibb elmi sahəsində əlaqələrin perspektivləri müzakirə edilmişdir.

 

Diplomdan sonra təhsil və gənc tibb mütəxəssislərinin ixtisasartırma üzrə Belarus Tibb Akademiyasında və Belarus Dövlət Tibb Universitetində keçirilmiş görüşlərdə tibb elminin inkişafı, həkimlərin diplomdan sonrakı təkmilləşdirilməsi, tibbi təhsilin və kadr siyasətinin əhalinin sağlamlığının qorunmasında həlledici rolu, hər iki ölkənin alimlərinin birgə elmi tədqiqat işlərinin aparılmasının əhəmiyyəti barədə danışılmışdır.

 

Belə ki, razılaşmaya görə onlarla gənc azərbaycanlı mütəxəssis Belarus Respublikasının qabaqcıl klinikalarında təcrübə keçmək üçün təlim kurslarına göndərilmişdir. Əlaqələrimizin davamı olaraq Azərbaycan tərəfinin dəvəti ilə Belarus respublikasının Səhiyyə Naziri cənab Vasili Jarko 31 iyul-3 avqust 2008-ci il tarixlərdə ölkəmizə rəsmi səfər etmişdir.

 

Belarus Nazirinin səfəri zamanı 31.07.2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Belarus Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Saziş sənədi imzalanmışdır. 9 maddədən ibarət Saziş sənədi ilkin səhiyyə və tibbi sanitar xidmətlərinin inkişafı, səhiyyənin prioritet sahələrinə aid birgə layihə proqramların hazırlanması, tibbi, tibbi pedaqoji və elmi kadrların hazırlanması, əczaçılıq sahəsində əməkdaşlıq, birgə elmi tədqiqat işlərinin aparılması, infeksion xəstəliklərə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı əks etdirir. Qeyd edək ki, bunlardan əlavə hər iki ölkənin elmi tədqiqat mərkəzləri və elmi praktiki mərkəzləri arasında birbaşa əlaqələr də mövcuddur. Belə ki, Azərbaycan Respublikasında Sümük iliyinin transplantasiyası və Talassemiya mərkəzi yaradılarkən Belarus Respublikasından mütəxəssislər Azərbaycana dəvət olunmuşlar və müqabil tərəfin təcrübəsi öyrənilmişdir. Bundan əlavə, 10-12 sentyabr 2009-cu il tarixlərdə Belarus Dövlət Tibb Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Vasili Rudenok Azərbaycana səfər etmiş və tibbi təhsil sahəsində əməkdaşlığa dair təkliflərini Azərbaycan tərəfinə təqdim etmişdir. Ölkələrimiz arasında əczaçılıq sahəsində də əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. Belə ki, 24 adda Belarus istehsalı olan dərman preparatları Azərbaycanda Dövlət qeydiyyatından keçmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013