Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bir ilin uğurları

30 iyun 2008

 

Bir ilin uğurları

 

DVAEM-in Dərman vasitələrinin analitik ekspertiza şöbəsi qısa müddət ərzində xeyli iş görüb

 

Ə.NURİ

 

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) fəaliyyətə başlamasının bir ili tamam olur. Əlbəttə, “Əczaçılıq xəbərləri”nin bütün saylarında DVAEM-in gördüyü işlər barədə oxucularımıza məlumat vermişik. Amma hesab edirik ki, bir ilin tamamında bəzi məqamlara bir daha diqqət yetirməyə dəyər.

 

Sözün düzü, DVAEM-in indiyədək gördüyü bütün işləri bir məqalədə əhatə etmək mümkün deyil. Ümumiləşdirilmiş şəkildə yalnız onu söyləmək olar ki, sözügedən qurum bu qısa müddətdə ölkəmizin əczaçılıq bazarında ciddi nizam-intizam yaratmağa nail olub: Əvvəlki illərdən fərqli olaraq, indi apteklərdə qeydiyyatdan keçməyən, sertifikatsız, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərmanlara nadir hallarda rast gəlinir. Artıq bütün əczaxanalarda qeyri-ixtisas sahiblərinin, heç bir tibbi təhsili olmayan şəxslərin dərmanların buraxılışında iştirakına son qoyulub. Bu səhifədə sizə təqdim etdiyimiz şəkillərdə gördüyünüz kimi, nəinki paytaxtda, eləcə də bir sıra rayonlarda bütün əczaxanalar müvafiq tələblərə uyğunlaşdırılıb, dərmanlar adi vitrinlərdə yox, aptek mebelində, qapalı şkaflarda, xüsusi əczaçılıq soyuducusunda saxlanılır. Bir sözlə, açıq-aşkar görünür ki, bir neçə il bundan əvvəl intizamsızlıq, məsuliyyətsizlik, hərc-mərclik hökm sürən əczaçılıq bazarında nəhayət “sular durulmağa başlayıb”.

 

Təbii ki, DVAEM-in indiyədək əldə etdiyi nailiyyətlər təkcə bunlarla məhdudlaşmır, uğurların siyahısını xeyli uzatmaq da olar. Amma ötən saylarımızda bu barədə ətraflı məlumat verdiyimizi nəzərə alaraq, onları bir daha sadalamağa ehtiyac görmürük. Bu yazıda isə oxucularımızı DVAEM-in Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin (DVAEŞ) fəaliyyəti ilə tanış edəcəyik.

 

Öncə onu qeyd edək ki, bu şöbə respublika ərazisində fəaliyyət göstərən pərakəndə və topdansatış əczaçılıq müəssisələrində dərman vasitələrinin idxalı, alınması, saxlanılması və satışı üzərində nəzarəti daha da gücləndirmək və bu sahədəki çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə yaradılıb. Regionlarda fəaliyyət göstərən əczaçılıq müəssisələrinə nəzarəti daha da gücləndirmək, əhalinin şikayətlərinə tez və operativ baxmaq üçün DVAEŞ-in Xaçmazda Şimal reginal bölməsi, Gəncə şəhərində isə Qərb regional bölməsi fəaliyyət göstərir. Təsadüfi deyil ki, bu şöbə indiyədək Bakı şəhəri ilə yanaşı, sözügedən regional bölmələrinin əhatəsində olan 21 rayonda da bütün apteklərin pasportlaşmasını həyata keçirib.

 

Ötən bir il ərzində DVAEŞ tərəfindən ölkə üzrə 1175 aptekdə yoxlama aparılıb. Bunlardan 158-i qeyri-qanuni fəaliyyət göstərdiyi üçün bağlanıb. Reydlər nəticəsində apteklərdən Səhiyyə Nazirliyinin icazəsi olmadan respublikaya idxal edilən və yararlılıq sertifikatı olmayan 9051 adda (35786 qutu), həmçinin istifadə müddəti bitmiş 873 adda dərman vasitəsi müsadirə olunaraq məhv edilib. Bundan başqa, xüsusi razılıq sənədi (lisenziya) olmadan qeyri-qanuni əczaçılıq fəaliyyəti ilə məşğul olan 53 aptekə inzibati xətalar haqqında protokollar tərtib edilərək, qərar çıxarılması üçün Səhiyyə Nazirliyinə göndərilib. Bunladan 19-u Bakı şəhərinin, 3-ü Şimal bölməsinin, 31-i isə Qərb bölməsinin payına düşür.

 

Sözügedən şöbənin gördüyü mühüm işlərdən biri də reyd keçirilən aptek təşkilatlarının proqramlaşdırılmış bazasının yaradılmasıdır. Həmin bazada apteklərin ilk və təkrar yoxlamalar zamanı çəkilən fotoşəkilləri, dərmanların buraxılışında iştirak edən işçilərin ixtisasları barədə və aptek təşkilatına aid zəruri informasiyalar yerləşdirilib.

 

Onu da qeyd edək ki, ölkə ərazisinə idxal olunan dərman vasitələrinə nəzarətin gücləndirilməsi, saxta, keyfiyyətsiz və yararsız dərman preparatlarının idxalının qarşısının daha effektiv alınması məqsədi ilə bu şöbənin mütəxəssislərinin gömrük xidməti əməkdaşları ilə birgə iş vaxtı və bundan əlavə xüsusi qrafikə əsasən gecə növbələri təşkil edilib.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Dərman vasitələri haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi haqqında 1 oktyabr 2007-ci il tarixli Fərmanına əsasən, bu il mart ayının 1-dən etibarən dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin respublika ərazisinə idxalı qadağan edilib. Hazırda bir qutu da olsun qeydiyyatsız dərman vasitəsinin ölkəyə idxalına imkan verilmir. Halbuki, 2-3 il bundan əvvəl əczaçılıq bazarındakı preparatların 73 faizini dövlət qeydiyyatından keçməmiş dərmanlar təşkil edirdi. Amma indi qeydiyyatdan keçmiş dərman vasitələrinin dövlət reyestri yaradılıb. DVAEŞ-dən aldığımız məlumata görə, bu günə kimi 3530 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq satışına icazə verilib.

 

Sonda onu da qeyd edək ki, ötən bir il ərzində DVAEŞ-in mütəxəssisləri müvafiq laborator yoxlamalar aparmaq üçün idxalçı təşkilatlar tərəfindən ölkəyə gətirilən dərman preparatlarının 31160 seriyasından nümunələr götürüblər.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013