Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa dair bələdçi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.4-cü bəndinin icrası məqsədilə hazırlanmışdır

 

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

 

Qanuna uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yüksək effektli inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin olunmaq, müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq, psixoloji yardım almaq, sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq, ailənin planlaşdırılması məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq, Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri istisna olmaqla, istənilən iş yerlərində işləmək, pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək hüquqları vardır. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunla müəyyən edilmiş qaydada təyin edilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.

 

9 aprel 2012-ci il tarixdə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

Bu Fərmana əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli 25 sentyabr 2012-ci il tarixli Qərarı ilə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası” və “Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı”, 278 nömrəli 5 dekabr 2012-ci il tarixli Qərarı ilə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiq edilmişdir.

 

13 noyabr 2012-ci il tarixdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Dövlət Proqramında Proqramın məqsədi, Proqramın maliyyələşdirilməsi, Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, Proqramın həyata keçirilməsindən gözlənilən nəticələr öz əksini tapmışdır. Proqram çərçivəsində “Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, “Dağınıq skleroz xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası”, “Kadr hazırlığı” və “Dağınıq skleroz xəstəliyinə dair maarifləndirmə” kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013