Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. üç ay müddətində:

 

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.1.3. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.1.4. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.1.5. həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

 

1.1.6. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmini və keyfiyyət standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

 

1.1.7. həmin Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmini, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısını və miqdarını, habelə bu preparat və vasitələrlə təminat qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.1.8. həmin Qanunun 6.7-ci maddəsində nəzərdə tutulan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

3. Müəyyən edilsin ki:

 

3.1. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.7-ci və 7.0.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

3.2. həmin Qanunun 4.1-ci və 6.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

3.3. həmin Qanunun 6.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2012-ci il.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013