Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Daha 12 qanunsuz aptek!

3 oktyabr 2008

Daha 12 qanunsuz aptek!

 

Onlardan 4-ü Ağsuda, 5-i İsmayıllıda, 3-ü isə Tovuzda aşkar olunub

 

"Əczaçılıq xəbərləri"nin ötən saylarında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin rayon apteklərində keçirdiyi reydlərin nəticələri barədə geniş məlumat vermişdik. Həmin silsilədən olan yazılarımızı davam etdiririk. Bu dəfə daha bir neçə rayonda aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirəcəyik.

 

 

Ağsu

 

Gəlin əvvəlcə Ağsu apteklərinə diqqət yetirək. DVAEM-in əməkdaşları bu rayonda 5-i nömrəli, 3-ü lisenziyalı, 4-ü isə qanunsuz olmaqla ümumilikdə 12 aptekdə yoxlama aparıblar. Baxış zamanı sözügedən əczaxanalarda irili-xırdalı xeyli nöqsanlar aşkar olunub. Fikrimizcə, onlardan bəzilərini nəzərdən keçirməyə dəyər...

Ağsu şəhəri, H.Əliyev küçəsi, 60-da yerləşən 69 nömrəli aptekə (müdiri Məmmədov Möhübbət Nuğay oğlu) baxış zamanı məlum olub ki, bu əczaxana şüşə ayırıcı, kondisioner, soyuducu və sanitariya qovşağı ilə təmin olunmayıb. Vidadi küçəsi, 39-da yerləşən 624 nömrəli aptekdə (müdiri Şəlalə Fikrət qızı Əzizova) isə şüşə ayırıcı və standart ad asılqanı yoxdur.

Vidadi küçəsində yerləşən 436 nömrəli aptek də (müdiri Fəridə Səmədpaşa qızı Səmədova) qüsurlardan xali deyil: şüşə ayırıcı, soyuducu, sanitariya qovşağı və standart ad asılqanı ilə təmin edilməməsi bu obyektdə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir.

Eyni sözləri Vidadi küçəsində yerləşən 490 nömrəli aptekə də (müdiri Vahid Əlisa oğlu Əzizov) aid eləmək olar.

Vidadi küçəsi, 43 "A" ünvanında yerləşən 702 nömrəli aptekdə (müdiri Samirə Fəxrəddin qızı İsayeva) isə cəmisi bir çatışmazlıq qeydə alınıb: bu əczaxananın ad asılqanı standarta uyğun deyil.

Ağsuda fəaliyyət göstərən lisenziyalı apteklərdə də vəziyyət elə təxminən nömrəli əczaxanalarda olduğu kimidir. Məsələn, Ağsu şəhəri, Nizami küçəsində yerləşən, Seymur Teyyub oğlu Bədəlova məxsus (lisenziya 016063) aptek köşkü şüşə ayırıcı və standart ad asılqanı ilə təmin olunmayıb. M.Ə.Rəsulzadə küçəsi, 10-da fəaliyyət göstərən, Cəlal Nurəhməd oğlu Məmmədova məxsus (lisenziya 015220) aptek köşkündə isə qapalı şkaflar, şüşə ayırıcı, kondisioner və standart ad asılqanı yoxdur. Vidadi küçəsi, 43-də yerləşən, Yaşar Əlisimran oğlu Kərimova məxsus (lisenziya 015190) aptek məntəqəsində qeydə alınan qüsurlar isə şüşə ayırıcı, sanitariya qovşağı, standart ad asılqanı, termometr və hiqrometrin olmamasından ibarətdir.

Nəhayət, Ağsuda aşkar olunmuş qanunsuz aptekləri təqdim edirik: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində Murad Ağamurad oğlu Mikayılova məxsus aptek; Ağsu şəhəri, Vidadi küçəsində Vasif Ağamurad oğlu Mikayılova məxsus aptek; Vidadi küçəsində 463 nömrəli aptek (müdiri Cahid Qulaməli oğlu Abbasov olan bu əczaxananın qanunsuzların siyahısına düşməsinə səbəb həmin obyektin icazə verilən ünvanda (kolxoz bazarının içərisində) fəaliyyət göstərməməsidir); Hacıbəyov küçəsində yerləşən 157 nömrəli aptek (müdiri Fəxrəddin Alcan oğlu İsayev). Qeyd edək ki, bu aptek də yerdəyişmə sənədi olmadığı üçün qanunsuz elan olunub.

 

 

İsmayıllı

 

DVAEM-in inspektorları İsmayıllıda 13 aptekə baxış keçiriblər. Onlardan 2-si nömrəli, 6-sı lisenziyalı, 5-i isə qanunsuzdur. Əvvəlcədən qeyd edək ki, Ağsuda olduğu kimi, İsmayıllıda da dövlət apteklərinin əczaçılıq avadanlıqları ilə təminatı lazımi səviyyədə deyil. Amma bu sözləri qətiyyən lisenziyalı apteklərə aid eləmək olmaz...

Ismayıllı şəhəri, H.Əliyev küçəsində yerləşən 265 nömrəli aptekdə (müdiri Hüseyn Mamed oğlu Hüseynov) aparılan yoxlama zamanı məlum olub ki, burada kondisioner və standart ad asılqını yoxdur. İsmayıllı rayonu, İvanovka kəndində fəaliyyət göstərən 198 nömrəli aptekin (müdiri Rasim Mamed oğlu İsayev) qüsurları isə kondisioner və standart ad asılqanı ilə yanaşı, həm də qapalı şkaflar və şuşə ayırıcının olmamasından ibarətdir.

 

Nömrəli apteklərdən fərqli olaraq, bu rayonda fəaliyyət göstərən lisenziyalı əczaxanaların vəziyyətini qənaətbəxş hesab eləmək olar. Məsələn, İsmayıllı şəhəri, H.Əliyev küçəsində yerləşən, "Şəfa-R" MMC-yə məxsus (lisenziya 017343) aptek məntəqəsində və M.F.Axundov küçəsində yerləşən, Hətəm Məmməd oğlu Şirinova məxsus (lisenziya 017316) aptek məntəqəsində heç bir qüsur aşkar olunmayıb.

 

Cavanşir küçəsində fəaliyyət göstərən (Bazar meydanında yerləşən ticarət cərgəsində), Mətanət Novruz qızı Səfərovaya məxsus (lisenziya 017232) aptek məntəqəsi ilə M.F.Axundov küçəsində yerləşən, Əhməd Qüdrət oğlu Mahmudova məxsus (lisenziya 017182) aptek məntəqəsindəki yeganə çatışmazlıq isə ad asılqanının standarta uyğun olmamasıdır..

Cavanşir küçəsi, 21 "A" ünvanında fəaliyyət göstərən, Xəyyam Eyvaz oğlu Həmzəyevə məxsus (lisenziya 017116) aptek məntəqəsində cəmi iki nöqsan qeydə alınıb. Bunlar həmin obyektin kondisionerlə təmin edilməməsi və ad asılqanının qeyri-standart olmasıdır.

 

DVAEM-in inspektorları bu rayonda ən çox qüsurla S.Vurğun küçəsi, 1-də yerləşən, Elnarə Natiq qızı Salmanlıya məxsus (lisenziya 006383) aptek məntəqəsində qarşılaşıblar. Yoxlama zamanı məlum olub ki, sözügedən əczaxana qapalı şkaflar, standart ad asılqanı, termometr və hiqrometrlə təmin olunmayıb.

İsmayıllıda aşkar olunan qanunsuz apteklər isə bunlardır: İsmayıllı şəhəri, bazarın ətrafında Rəşad İbrahim oğlu İbrahimova məxsus aptek; Yenə bazarın ətrafında Tavus Bağır qızı Abdullayevaya məxsus aptek; Axundov küçəsində Eynur Nadir oğlu Novruzova məxsus aptek; H.Əliyev küçəsində Ağasəməd Məlik oğlu Şirinəliyevə məxsus aptek; M.F.Axundov küçəsində 316 nömrəli aptek (müdiri Samir Fikrət oğlu Məmmədov). Bu obyektin qanunsuzların siyahısına düşməsinə səbəb İsmayıllı Mərəkəzi Rayon Xəstəxanasının ərazisində yerləşməsidir. Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinin ərazisində və yaxud onların giriş qapısında hər hansı əczaxananın fəaliyyətinə qadağa qoyub.

 

 

Tovuz

 

Tovuz rayonunda 3-ü nömrəli, 3-ü isə qanunsuz olmaqla 6 əczaxanada yoxlama aparılıb. Məlum olub ki, qanunsuzlarla yanaşı, sözügedən nömrəli apteklərdə də vəziyyət acınacaqlıdır.

Tovuz şəhəri, M.Əzizbəyov küçəsində dəmir tikilidə yerləşən 331 nömrəli əczaxana (müdiri Yeganə Rafiq qızı Vəliyeva) "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblər"ə cavab vermədiyi üçün DVAEM-in inspektorları tərəfindən bağlanıb. Onu da qeyd edək ki, buradan 16 adda (25 qutu) sertifikatsız dərman müsadirə olunub.

 

Tovuz rayonu, Aşağı Ayıblı kəndində fəaliyyət göstərən 833 nömrəli aptekdə də (müdiri Xəyalə Allahverdi qızı Umudova) vəziyyət həddindən artıq acınacaqlıdır. Heç bir əczaçılıq avadanlığı ilə təmin olunmayan bu aptekdə sanitar normalara və dərmanların saxlanma qaydalarına riayət olunmur. İnspektorlar buradan vərəm əleyhinə preparatlar, həmçinin 8 adda (12 qutu) sertifikatsız, 3 adda (4 qutu) istifadə müddəti bitmiş dərman aşkarlayaraq müsadirə ediblər.

 

Tovuzda aşkar olunmuş qanunsuz apteklər isə bunlardır: Tovuz şəhəri, R.Məmmədov küçəsində Ofelya İslam qızı Əliyevaya məxsus aptek (buradan 15 adda (72 qutu) sertifikatsız, 4 adda (7 qutu) istifadə müddəti bitmiş dərman müsadirə olunub); Şəhriyar küçəsi, 15-də Mahirə Ziyəddin qızı Rəhimovaya məxsus (lisenziya 017142) aptek köşkü (ünvandəyişmə haqqında sənədi yoxdur). Burada isə 25 adda (269 qutu) sertifikatsız, 3 adda (3 qutu) istifadə müddəti bitmiş dərman aşkarlanaraq götürülüb); Qovlar qəsəbəsi, Vağzal küçəsində Sahib Cahangir oğlu Əskərova məxsus (lisenziya 001951) aptek məntəqəsi (bu ilin may ayında lisenziyanın vaxtı bitib).

 

 

Mərəzə

 

Mərəzədə isə 2-si nömrəli, 1-i lisenziyalı olmaqla 3 aptekdə yoxlama aparılıb. 56 nömrəli aptekə (müdiri İsmət Bakıxan oğlu Qayıbov) baxış zamanı məlum olub ki, bu əczaxana sanitariya qovşağı, soyuducu və standart ad asılqanı ilə təmin olunmayıb. 422 nömrəli aptekdə isə (müdiri Pəri Telman qızı Quliyeva) soyuducu və standart ad asılqanı yoxdur. Amma "MAHI" MMC-yə məxsus (lisenziya 025668) aptek məntəqəsində vəziyyət tam fərqlidir. DVAEM-in əməkdaşları bu obyektdə heç bir nöqsan aşkar etməyiblər.

 

Ə.NURİ

P.S. DVAEM-dən aldığımız məlumata görə, çatışmazlıqlar aşkar edilmiş bütün apteklərin rəhbərlərinə qüsurları aradan qaldırmaq üçün vaxt verilib. Qanunsuz əczaxanaların sahiblərinə isə sözügedən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq olunub.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013