Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

05.12.2012

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 278

Bakı şəhəri, 5 dekabr 2012-ci il

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.5-ci və 1.1.6-cı yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

 

2. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları" təsdiq edilsin (2 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli qərarı ilə təsdiq edilmişdir

1 nömrəli əlavə

 

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi

Q A Y D A S I

 

1. Bu Qayda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində dağınıq skleroz xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini tənzimləyir.

 

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi hər il dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicəsi və müayinəsi ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

 

4. Pulsuz dərman preparatları və inyeksiya vasitələri ilə təmin olunmaq üçün dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edərək, xəstəlik haqqında sənədlərini təqdim etməlidirlər.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli qərarı ilə təsdiq edilmişdir

2 nömrəli əlavə

 

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət

S T A N D A R T L A R I

 

1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi dağınıq sklerozun diaqnostikası və müalicəsi üzrə klinik protokolla müəyyən edilir.

 

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi yardımın keyfiyyət standartları beynəlxalq tələblərə uyğun həyata keçirilir.

 

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə ambulator-poliklinika tibbi yardımı, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq profilli tibb müəssisələri tərəfindən həyata keçirilir.

 

4. İxtisaslaşdırılmış tibbi yardım dağınıq sklerozun müxtəlif əlamətləri olan, müəssisələrin dispanser qeydiyyatı qruplarına aid edilən və xüsusi müalicə, sağlamlaşdırma və reabilitasiya üsulları tələb olunan xəstələrə göstərilir.

 

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 18 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir.

 

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin tibb müəssisələrində müalicəsi üçün aşağıdakı tədbirlər həyata keçirilir:

 

6.1. xəstəliyin xarakterinə və ağırlığına uyğun olaraq zəruri müalicə-diaqnostika tədbirləri;

6.2. xüsusiləşdirilmiş yardımın göstərilməsi zamanı zəruri dərman təminatı;

6.3. manipulyasiyaların və digər müalicə üsullarının aparılması;

6.4. stasionar müalicə müddətində qidalanmanın təminatı.

 

7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi xidmətlər göstərən hər bir dövlət tibb müəssisəsi təchizat cədvəlinə uyğun olaraq texniki şərtlərə, normativ sənədlərə cavab verən müvafiq növ xidmətlərin lazımi keyfiyyətini təmin edən tibbi və texnoloji avadanlıq və cihazlarla təchiz olunur.

 

8. Tibb müəssisəsinin rəhbəri dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan xüsusiləşdirilmiş yardımın və tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsinə cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013