Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda dərman bazarı dirçəlir

Azərbaycanda dərman bazarı dirçəlir

İlk dəfədir ki, ölkədə saxta və keyfiyyətsiz dərman yayanlar məsuliyyətə cəlb olunacaqlar

 

Dərman preparatlarının keyfiyyəti məsələsi bütün dövrlərdə insanları maraqlandıran və narahat edən problemlərdən biri olub. Hazırda bütün dünya ölkələrində dərman istehsalı və satışı genişlənir. Ölkəmizdə də dərman biznesi ən sərfəli biznes sahələrindən birinə çevrilməkdədir. Bəzən isə tamah hər şeyə üstün gəlir və keyfiyyətsiz dərman problemi dərinləşərək, əhalinin haqlı narazılığına səbəb olur. Müxtəlif yollarla ölkəyə gətirilən saxta və keyfiyyətsiz dərmanlar insanların təkcə cibinin deyil, ən təhlükəlisi, sağlamlığının da qəsdinə dayanır. Sevindirici haldır ki, bu problemlərin yaranmaması və saxtakar işbazlarla mübarizə aparılması üçün səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən artıq 2006-cı ilin əvvəlindən İnnovasiya və Təchizat Mərkəzində «Analitik Ekspertiza» ixtisaslaşdırılmış müəssisəsi yenidən qurulub.

 

Ölkəmizə xaricdən gətirilən dərman preparatlarının keyfiyyətini yoxlamaq üçün İngiltərə, Almaniya və İsveçrə istehsalı olan yeni avadanlıqlarla təchiz edilmiş, tam təmirli laboratoriya yaradılıb. Bu günlərdə isə səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə laboratoriyanın açılışı olub.

 

Biz bütün bu məsələlər barədə, o cümlədən respublikamıza idxal edilən dərman preparatlarının tərkibini analiz etmək, onların saxta, keyfiyyətsiz və ya orijinal olub-olmadığını müəyyənləşdirmək istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər haqqında, həmçinin İnnovasiya və Təchizat Mərkəzi «Analitik Ekspertiza» MMC-nin fəaliyyətinin əsas istiqamətləri ilə bağlı müəssisənin direktoru Əbülfəz Abdullazadə ilə söhbət etdik.

 

-«Analitik Ekspertiza» müəssisəsi hazırda hansı funksiya və vəzifələri yerinə yetirir?

 

- Bizim müəssisəmiz bu gün çox geniş funksiyalara malikdir. 2006-cı ilə qədər yalnız nəzarət laboratoriyası kimi fəaliyyət göstərən mərkəzin hazırda əsas funksiyası ölkəyə idxal olunan bütün növ dərman preparatlarının hər bir seriya üzrə analiz edilməsi və müvafiq şəkildə sertifikatlaşdırılmasından ibarətdir. Məhz bu məqsədlə laboratoriya müasir avadanlıqlarla təchiz olunub və bu avadanlıqlardan düzgün istifadə qaydalarını öyrənmək üçün mütəxəssislərimiz xarici ölkələrə göndərilib. Hazırda bu sahədə elmi-texniki potensiala görə Zaqafqaziya ölkələri içərisində bizim laboratoriya qabaqcıl yerdə dayanır.«Analitik Ekspertiza» müəssisəsinin əsas vəzifəsi isə ölkəyə rəsmi yolla idxal edilən dərman preparatları içərisində saxta və keyfiyyətsizlərini aşkarlamaqdır. Və artıq 2006-cı il ərzində bu cür bir neçə dərman preparatının idxalının qarşısı alınıb.

 

- Sizin praktikanızda rast gəlinən saxta və keyfiyyətsiz dərman preparatları hansı meyarlara əsasən müəyyənləşdirilib?

 

- İlk növbədə biz öz işimizdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu sahədə verilən tövsiyələrini rəhbər tuturuq. ÜST-nin ekspertləri, mütəxəssisləri ilə əlaqə saxlayırıq, onları Azərbaycana dəvət edirik. ÜST ilə əməkdaşlıq qurmaq bizim işimizdə prioritet məsələlərdəndir.

 

Qeyd edim ki, ÜST anlayışlarına uyğun olaraq, bizim mərkəzdə saxta və keyfiyyətsiz dərman preparatları 3 istiqamətə görə müəyyənləşdirilir:

 

1. Tərkibində ümumiyyətlə təsiredici maddə olmayan dərman preparatları. Bu növ dərman preparatlarına plasebo deyilir və əlbəttə ki, həmin dərman preparatlarından xəstə heç bir terapevtik effekt ala bilmir. Xəstəlik gün keçdikcə daha pis fəsadlara gətirib çıxarır;

 

2. Tərkibində təsiredici maddənin dozası azaldılmış dərman preparatları;

 

3. Kontrafakt dərman preparatları. Bu dərman preparatları məşhur bir istehsalçının adından istifadə edilərək, naməlum bir yerdə istehsal olunur. Onların içərisində təsiredici maddənin səviyyəsindən və dozasından asılı olmayaraq, onlar qanunsuz hesab edilir.

 

«QAYNAR XƏTT»

 

- Əhali sizin fəaliyyətinizdən daha asan yolla necə yararlana bilər?

 

- «Analitik Ekspertiza» laboratoriyasının nəzdində əhaliyə mütəmadi şəkildə, yüksək səviyyədə xidmət üçün «qaynar xətt» fəaliyyət göstərir (Telefon: 596-07-12; 596-05-46). Hər iş günü saat 9-dan 18-dək ölkəmizin istənilən guşəsindən hər bir sıravi vətəndaş aptekdən aldığı, keyfiyyətinə şübhə etdiyi və ya orijinal olub-olmamasını dəqiqləşdirmək istədiyi dərman preparatı haqqında adını və seriyasını mütəxəssislərimizə söyləməklə bir neçə saniyə ərzində məlumat ala bilər. Bunun üçün müəssisənin nəzdində güclü müasir kompyuter məlumat bazası yaradılıb və xüsusi proqram yazılıb. Ölkəyə gətirilən istənilən dərman preparatı haqqında bütün informasiyalar həmin məlumat bazasında toplanıb. “Qaynar xətt” sayəsində hər gün əhali ilə intensiv təmasımız yaranır və təkcə Bakıdan deyil, Azərbaycanın bütün bölgələrindən bizə müraciətlər edilir.

 

18 CİNAYƏT İŞİ QALDİRILIB

 

- Bu günə qədər ölkəyə idxal edilən dərman preparatlarının keyfiyyətinə necə nəzarət edilirdi?

 

- 2003-cü ilə qədər Səhiyyə Nazirliyi analizdən keçməmiş dərman preparatlarının ölkəyə idxalına icazə verirdi.

 

Ancaq 2003-cü ildən Mərkəzi Nəzarət Laboratoriyası quruldu və dərman preparatları qismən də olsa yoxlanıldı. 2006-cı ildə isə bizim üçün çox gözəl şərait yaradıldı, təmir olunmuş və yeni avadanlıqlarla təchiz edilmiş sahə verildi. Nəticədə, apardığımız analizlərin çeşidi xeyli artdı və həmçinin texniki imkanlarımız genişləndi. Bu gün də müəyyən işlər görülür, yeni cihazlar alınıb və yeni avadanlıqlar sifariş verilib.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013