Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı barədə qanunvericilik aktlarına dair

BƏLƏDÇİ QAYDALAR

 

23 dekabr 2003-cü il tarixdə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Qanuna uyğun olaraq şəkərli diabet xəstəliyinin profilaktikası və onunla mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən “Şəkərli diabet üzrə Dövlət proqramı” hazırlanır və təsdiq edilir. Dövlət proqramının həyata keçirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası) təmin edir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları, əlillik və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən yaradılır.

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada həyata keçirilir.

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqları yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri üzrə məhdudlaşdırıla bilər.

12 fevral 2004-cü il tarixdə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsinin maliyyələşdirilməsi qaydasının, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 nömrəli 13 may 2005-ci il tarixli Qərarı ilə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) Həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin Siyahısı və Miqdarı” və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”, 101 nömrəli 7 iyun 2005-ci il tarixli Qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”, 222 nömrəli 26 noyabr 2010-cu il tarixli Qərarı ilə “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 nömrəli 12 yanvar 2011-ci il tarixli əmri ilə “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..