Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İldə 500 mindən çox qadın hamiləlik və doğuş zamanı vəfat edir

31 oktyabr 2008

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana və körpə ölümlərinə dair araşdırma həyata keçirilib. Problemə diqqət çəkmək məqsədi ilə aparılan "Ana sağlamlığı haqqında 10 gerçək" adlı araşdırma nəticəsində çox maraqlı nəticələr ortaya çıxıb.

 

Tədqiqat nəticəsində məlum olub ki, bir ildə 136 milyondan çox qadın uşaq dünyaya gətirir. Onların 20 milyondan çoxu doğuşdan sonra hamiləliklə əlaqədar xəstəliklərə məruz qalır.

 

O da qeyd edilir ki, il ərzində körpəsi dünyaya gələn qadınların təxminən 14 milyonu 15-19 yaş arasında yeniyetmələrdir. İldə 500 mindən çox qadın hamiləlik və doğuş zamanı meydana çıxan fəsadlarla əlaqədar vəfat edir. İnkişaf etməkdə olan ölkələrdə qadınlarda hamiləlik və doğuşla əlaqədar olan ölüm hadisələri AİDS-lə bağlı ölüm hadisələrindən sonra ikinci sırada dayanır. Hər yüz ana ölümündən 70-i ciddi qanaxmalar, infeksiyalar və təhlükəli doğuşlar səbəbindən baş verir.

 

Ana ölümlərinin yalnız bir faizi yüksək gəlirli ölkələrdə baş verir. Əgər Nigeriyada hamiləlik və ya doğuş zamanı bir qadının həyatını itirmə ehtimalı təxminən yeddidə birdirsə, İrlandiyada bu rəqəm 48 000-də birdir.

 

Ana ölümü göstəricisinin ən yüksək olduğu bir sıra Afrika ölkələrində qadınların yalnız 40 faizi doğuş zamanı təhsilli həkimlərə, mama-ginekoloqlara, tibb bacılarına müraciət edir. Xüsusən yoxsul qadınlar hamiləlik dövründə gərək olan müayinələrdən keçmirlər.

 

İnkişaf etməkdə olan ölkələrdə hər il təxminən 18 milyon yarımçıq hamiləlik qeydə alınır ki, onlardan 70 mini ana ölümü ilə nəticələnir.

 

Araşdırma nəticəsində məlum olub ki, anaların sağlamlığını yaxşılaşdırmaq istiqamətində əsas maneə onların özlərinə yaxşı qulluq edə bilməmələridir. Bu vəziyyəti dünyada yüksək səviyyəli tibb işçilərinin çatışmaması daha da pisləşdirir. Bütün analarda yüksək səviyyədə doğuş aparmaq üçün 2015-ci ilə qədər 330 min yeni mama-ginekoloqa ehtiyac duyulur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013