Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari

 

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlər" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Bakı şəhəri, 7 noyabr 2001-ci il

№ 176

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün  ŞƏRTLƏR

 

Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər aşağıdakılardır:

 

Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması;

 

tibbi təhsillərini Azərbaycan Respublikasında alması (Azərbaycan Respublikası vətəndaşlarına şamil edilən şərtlər daxilində) və ya xarici ölkələrdə alınmış tibbi təhsillərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq olunmuş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası"na uyğun olması;

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılığın və müvafiq sertifikatın alınması, habelə özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajının olması;

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulduqda, bu müqavilələr əsas götürülür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013