Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- öz səlahiyyətləri daxilində "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

- "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü, altıncı və səkkizinci (tərkibində narkotik maddələr olan dərman vasitələrinin saxlanması, buraxılması qaydasının müəyyənləşdirilməsi hissəsində) abzaslarında göstərilmiş vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci, üçüncü (Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ilə birlikdə), beşinci, yeddinci (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə), səkkizinci (tərkibində narkotik maddələr olan dərman vasitələrinin istifadəsinə nəzarətin təşkili hissə-sində), doqquzuncu (Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ilə birlikdə), onuncu, on birinci (qanunvericilikdə müəyyən edilmiş qaydada və öz səlahiyyətləri daxilində) və on ikinci abzaslarında göstərilmiş vəzifələr Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir; - həmin Qanunun 1-ci maddəsinin yeddinci abzasında, 7-ci maddəsinin birinci və ikinci hissələrində, 8-ci maddəsinin birinci və ikinci hissələrində, 12-ci maddəsinin birinci, ikinci və beşinci hissələrində, 15-ci, 17-ci, 19-cu (öz səlahiyyətləri çərçivəsində) və 22-ci maddələrində, 24-cü maddəsinin ikinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

- həmin Qanunun 29-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

- həmin Qanunun 19-cu maddəsində (öz səlahiyyətləri çərçivəsində) və 20-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi həyata keçirir;

 

- həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini müvafiq yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 yanvar 1997-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013