Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əczaçılıq sektorunda islahatlar mövzusunda dəyirmi masa keçirild

30 iyun 2008

 

Əczaçılıq sektorunda islahatlar mövzusunda dəyirmi masa keçirild

 

ÜST rəsmisi görülmüş işlərdən razı qaldığını bildirdi

 

Ə.NURİ

 

İyunun 19-da Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (DVAEM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) MDB ölkələri üzrə əczaçılıq sektorunda islahatlar proqramının rəhbəri Nina Sautenkovanın iştirakı ilə dəyirmi masa keçirildi. Qeyd edək ki, ÜST nümayəndəsinin DVAEM-ə baş çəkməkdə əsas məqsədi son illər ölkəmizin əczaçılıq sektorunda görülmüş işlərlə yaxından tanış olmaq idi.

 

Tədbiri giriş sözü ilə açan DVAEM-in direktoru Əbülfəz Abdullazadə dövlət başçısının və səhiyyə nazirinin böyük diqqəti sayəsində son bir ildə Azərbaycanın əczaçılıq sektorunda həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar barədə qonağa geniş məlumat verdi: «Bir neçə il bundan əvvəl ölkəmizin əczaçılıq sahəsində ciddi problemlər var idi. Qanunvericilik bazasında olan müəyyən boşluqlar qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, keyfiyyətsiz preparatların ölkəmizin dərman bazarına daxil olmasına şərait yaradırdı. Təbii ki, bu da əhalinin sağlamlığını təhlükə qarşısında qoyurdu. Lakin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən «Dərman vasitələri haqqında» Qanunun qəbul olunması ölkəmizdə əczaçılıq sektorunun inkişafına, bu sahədəki çoxsaylı problemlərin həllinə böyük təkan verdi. Artıq bu ilin mart ayının 1-dən etibarən Səhiyyə Nazirliyində qeydiyyatdan keçməmiş dərmanların ölkəyə idxal olunmasına qadağa qoyulub. İndi DVAEM-in nəzdində müasir tibbi avadanlıqlarla təmin olunmuş, dünya standartlarına cavab verən laboratoriyalar fəaliyyət göstərir. Azərbaycana idxal olunan hər bir preparatın bizim inspektorlar tərəfindən götürülmüş nümunələri burada analizdən keçirilir, onların keyfiyyəti, yararlılığı və digər göstəriciləri ciddi şəkildə yoxlanılır. Məhz bu prosesdən sonra dərmanın idxalına icazə verilir».

 

Ə.Abdullazadə onu da qeyd etdi ki, DVAEM-in Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşları ölkənin istər pərakəndə, istərsə də topdansatış əczaçılıq bazarında müntəzəm olaraq reydlər keçirirlər: «Yoxlamalar zamanı müsadirə olunmuş sertifikatsız və istifadə müddəti bitmiş dərmanlar media nümayəndələrinin iştirakı ilə məhv edilir. Artıq Bakıda, eləcə də ölkənin bəzi rayon və şəhərlərində yoxlamalar başa çatıb. Nəticədə, respublika üzrə indiyədək ümumilikdə 9051 adda, 35 786 qutu sertifikatsız, 873 adda isə yararlılıq müddəti bitmiş dərman müsadirə olunub. 158 aptek isə qeyri-qanuni fəaliyyət göstərdiyi üçün bağlanıb».

 

DVAEM-in direktoru onu da bildirdi ki, rəhbərlik etdiyi qurum ictimaiyyətlə əlaqələr məsələsinə də xüsusi diqqət yetirir: «Səhiyyə Nazirliyinin rəsmi orqanı olan «Tibb qəzeti»nin əlavəsi kimi ayda iki dəfə «Əczaçılıq xəbərləri» nəşr olunur. DVAEM-in gördüyü işlər, həmçinin qeydiyyatdan keçməyən, keyfiyyətsiz və saxta dərmanların siyahısı, habelə apteklərdə aparılan yoxlamaların nəticələri müntəzəm olaraq həmin buraxılışda dərc olunur. Bundan başqa, DVAEM-in «www.pharma.az» saytı yaradılıb. Burada da qurumun fəaliyyəti, ölkənin əczaçılıq sektorunda baş verən yeniliklər, qəbul olunmuş qanun və qaydalar barədə məlumatlar yerləşdirilir. Bütün bunlar isə əhalinin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır».

DVAEM-in direktor müavini Pərvanə Şəfiyeva isə çıxış edərək, son vaxtlar dərman vasitələrinin dövlət qeydiyyatına alınması istiqamətində atılan mühüm addımlardan və bu sahədə əldə olunan uğurlardan danışdı.

 

Daha sonra söz Nina Sautenkovaya verildi. Azərbaycana əczaçılıq sektorunun vəziyyəti ilə bağlı icmal hazırlamaq, həyata keçirilən islahatları təhlil etmək, eləcə də öz təklif və tövsiyələrini vermək məqsədi ilə gəldiyini bildirən ÜST nümayəndəsi ölkəmizdə səhiyyənin, xüsusilə əczaçılıq sektorunun inkişafından məmnun qaldığını vurğuladı: «Mən ötən dəfə, yəni 2005-ci ilin oktyabrında Azərbaycana gələndə tam fərqli bir səhnə ilə üzləşmişdim. Danılmaz faktdır ki, bir neçə il bundan əvvəl ölkənizin əczaçılıq sektorunda xeyli problemlər hökm sürürdü. Məhz bunun nəticəsi idi ki, Azərbaycanın adı ÜST-nin dünya dövlətləri ilə bağlı hazırladığı reytinq cədvəlində həmişə son sıralarda olurdu. Amma indi açıq-aşkar görünür ki, qısa müddətdə burada bütövlükdə səhiyyə sahəsində əsaslı dönüş yaradılıb, o cümlədən əczaçılıq sektorunda da inanılmaz dəyişikliklər baş verib.

 

Onu da nəzərinizə çatdırım ki, mən burada görülmüş işlərdən olduqca məmnun qaldım. Ona görə də ÜST-nin növbəti reytinq sıralamasında Azərbaycanın öz layiqli yerində – ön sıralarda olmasına çalışacağam. Bildiyiniz kimi, bütün beynəlxalq humanitar təşkilatlar öz icmallarını hazırlayarkən məhz ÜST-nin məlumatlarına istinad edirlər. Ona görə də mən güman edirəm ki, Azərbaycanın bundan sonra ÜST-nin reytinq sıralamasında ön cərgələrdə olması bu ölkənin beynəlxalq arenada imici baxımından böyük əhəmiyyət kəsb edəcək».

Sonda dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirildi. Tərəflər bir-birini maraqlandıran suallara cavab verdilər.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013