Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Əhalinin Sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dair bələdçi

Əhalinin sağlamlığının qorunması barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

 

26 iyun 1997-ci il tarixdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

Qanuna uyğun olaraq əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə uyğun olaraq təmin edilir.

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən müəyyən edilir. Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır.

Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir.

Pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, tibbi müdaxilədən imtina etmək, hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək, daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüquqları vardır.

Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.

Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

15 iyul 1997-ci il tarixdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət tibb müəssisələrində göstərilən pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərini, işə qəbul zamanı və iş müddəti ərzində işəgötürənin vəsaiti hesabına yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədi ilə məcburi dövri tibbi müayinədən keçirilən işçilərin peşə növlərinin siyahısını, yetkinlik yaşına çatmayanların güzəştli şərtlərlə qidalanmaq və tibbi-sosial yardım almaq hüquqlarının təmin edilməsi qaydasını, hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin siyahısını, ictimai təhlükəli xəstəliklərin siyahısını, hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydasını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələbləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasını, təhlükəli və ya zərərli əmək şəraiti ilə əlaqədar əlavə haqq, kompensasiya və ya digər güzəştlər almaq hüququna malik olan tibb və əczaçılıq işçilərinin siyahısını, xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş dövlət səhiyyə müəssisələrinin tibb və əczaçılıq işçilərinin ailələrinə verilən birdəfəlik müavinətin miqdarını müəyyən edən müvafiq normativ-hüquqi aktların qəbul edilməsi və bu haqda Azərbaycan Respublikası Prezidentinə məlumat verilməsi tapşırılmışdır;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dövlət səhiyyə sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində yetkinlik yaşına çatmayanların pulsuz dispanser nəzarətində olması və müalicəsi qaydasını, hamiləliyin süni surətdə pozulmasına dair tibbi göstərişlərin siyahısını, tibbi sterilizasiyaya dair göstərişləri, ilkin tibbi sanitariya yardımının göstərilməsi qaydasını, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını, ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını, tibbi-sosial yardımın növlərini və həcmini, insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını, patoloji-anatomik yarmanın aparılması qaydalarını, ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslərin orta tibb təhsilli işçi vəzifəsində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasını, səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartlarına, tibb və əczaçılıq peşələrinin nomenklaturasına uyğun olan fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının məcmusunu müəyyən edən normativ-hüquqi aktların qəbul edilməsi və bu haqda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına məlumat verilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 nömrəli 3 yanvar 2000-ci il tarixli Qərarı ilə “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin Siyahısı”, 5 nömrəli 12 yanvar 1999-cu il tarixli Qərarı ilə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”, “İctimai təhlükəli xəstəliklərin Siyahısı” və “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”, 48 nömrəli 18 mart 2000-ci il tarixli Qərarı ilə “Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası” və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair Tələblər” və 92 nömrəli 5 iyul 2004-cü il tarixli Qərarı ilə “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı” təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013