Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərari

 

1. Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin siyahısı təsdiq edilsin (əlavə olunur).

2. İctimai təhlükəli xəstəliklərin siyahısı təsdiq edilsin (əlavə olunur).

3. Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydası təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

Bakı şəhəri, 12 yanvar 1999-cu il, № 5

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1999-cu il 12 yanvar tarixli

5 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması

 

QAYDASI

 

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun "Tibb və əczasılıq fəaliyyəti ilə məşğul olmaq hüququ" barəsindəki 46-cı maddəsinin 5-ci əbzasına uyğun olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir.

 

Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksəkixtisaslı elmi, elmi-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

 

Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin Respublikanın Dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və ekvivalent olmasını araşdırır, lazım olan tədbirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir.

 

Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir.

 

Qeyd olunan arayış, tədris müəssisəsini bitirmək haqqında diplomun təqdim edilməsi şərtilə, hüquqi şəxslə (işə götürənlə) əmək müqaviləsinin bağlanmasına və ya müvafiq qaydada xüsusi razılığın (lisenziya) alınmasına icazə verir.

 

Diplomunun ekvivalentliyi respublika standartlarına uyğun olmayan şəxslərə onların təhsillərinin davam etdirilməsi və ya bilik səviyyələrinə müvafiq işlə təmin olunması haqqında arayış verilir.

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1999-cu il 12 yanvar tarixli

5 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin

 

SİYAHISI

1. Ərin 1-2 qrup əlil olması.

2. Hamiləlik dövründə ərin ölməsi.

3. Valideynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma barədə məhkəmə qərardadının olması halları.

4. Müəyyənləşdirilmiş qaydalar əsasında qadının və yaxud onun ərinin işsiz hesab edilməsi.

5. Qadının və yaxud ərinin azadlıqdan məhrum edilmə yerlərində olması.

6. Nigahdankənar hamiləlik.

7. Hamiləlik dövründə nigahın pozulması.

8. Hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi.

9. Çoxuşaqlılıq (5 və daha artıq uşaq).

10. Ailədə əlil uşağın olması.

11. Qadının qaçqın və ya məcburi köçkün statusunun olması.

12. Mənzilin olmaması, yataqxanada, şəxsi evdə, kirayədə yaşama.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 1999-cu il 12 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

İctimai təhlükəli xəstəliklərin

 

SİYAHISI

1. Ruhi xəstəliklər

2. Narkomanlıq

3. Xroniki alkoqolizm

4. İnsanın qazanılma immunçatışmazlığı sindromu (QİÇS)

5. Vərəm

6. Sifilis

7. Qonoreya

8. Lepra

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013