Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi geniş reydlərə başlayıb

30 iyun 2008

 

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi geniş reydlərə başlayıb

 

Məqsəd rayonlarda fəaliyyət göstərən apteklərin müvafiq norimativ tələblərə cavab verməsini təmin etməkdir

 

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) regionlarda fəaliyyət göstərən apteklərdə irimiqyaslı reydlərə başlayıb. Bu məqsədlə DVAEM-in inspektorlarından ibarət üç qrup təşkil olunaraq, bölgələrə ezam olunub. Bu barədə «Əczaçılıq xəbərləri»nin növbəti saylarında geniş məlumat verəcəyik. Hələlik isə oxucularımızı Hacıqabulda aparılan yoxlamaların nəticələri ilə tanış edirik.

 

DVAEM-in Rauf Əliyev, Bəhruz Bağırov və Ramil Abbasovdan ibarət inspektorlar qrupu Hacıqabulda əvvəlcə H.Həmidov küçəsində yerləşən, Afər Ağalar oğlu Orucova məxsus əczaxanaya baxış keçirdilər. Elə ilk sorğu-sualdan sonra məlum oldu ki, bu obyekt xüsusi razılıq sənədi (lisenziya) olmadan, yəni qanınsuz fəaliyyət göstərir. Qanunsuz olması bir yana, bu əczaxananın şəraitindən də danışmağa dəyməz. Aptek mebeli, qapalı şkaflar, kondisioner və soyuducunun olmaması burada dərmanların saxlanma şəraitinin ciddi narahatlıq doğurduğundan xəbər verirdi.

Daha sonra dərmanlar yoxlanıldı. Nəticədə 14 adda (19 qutu) sertifikatsız dərman aşkarlanaraq müsadirə olundu.

 

Maraqlıdır ki, aptekin işçiləri bu obyektin elə həmin küçədə yerləşən «Loğman» aptek köşkünün, bir növ «filialı» kimi fəaliyyət göstərdiyini bildirdilər və bu addımı əhalinin ehtiyacını ödəmək məqsədi ilə atdıqlarını vurğuladılar. Lakin hər bir addımın qanun çərçivəsində atılmasının vacibliyini qeyd edən inspektorlar akt tərtib edərək, elə həmin andan aptekin fəaliyyətini dayandırdılar.

 

DVAEM-in əməkdaşlarının növbəti yoxlama obyekti H.Həmidov küçəsində fəaliyyət göstərən, Afər Ağalar oğlu Orucova məxsus həmin «Loğman» aptek köşkü (lisenziya 016896) oldu. Doğrudur, bu əczaxana yaxşı təmiri və səliqə-səhmanı ilə göz oxşayırdı. Amma, təbii ki, bu heç də hər şeyin öz qaydasında olması demək deyil. Məsələ burasındadır ki, aptek standarta uyğun ad asılqanı, qapalı şkaflar, xüsusi aptek mebeli, sanitariya qovşağı ilə təmin olunmayıb.

 

Dərmanların yoxlanılması zamanı isə daha ciddi qusurlar aşkara çıxdı. Məlum oldu ki, burada dövriyyəsinə xüsusi nəzarət olunan preparatlar (revotril, fenobarbital və s.) satılır. Həmin dərmanlar da daxil olmaqla bu əczaxanadan ümumilikdə 19 adda (54 qutu) sertifikatsız, 3 adda (3 qutu) isə istifadə müddəti bitmiş preparat müsadirə olundu.

Sonda bütün çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün aptekin rəhbərinə rəsmi xəbərdarlıq olundu.

 

«Loğman» aptek məntəqəsi barədə dediklərimizi H.Həmidov küçəsində fəaliyyət göstərən, Nazim Baxış oğlu Mənsimova məxsus «Nur» aptekinə də (lisenziya 006395) aid eləmək olar. Bu əczaxana da standart ad asılqanı, qapalı şkaflar, şüşə ayırıcı, sanitariya qovşağı ilə təmin olunmayıb. Dərmanlara baxış zamanı isə məlum oldu ki, sözügedən obyektdə vərəm əleyhinə preparatlar satılır. Xatırladaq ki, bu qəbildən olan dərmanlar xəstələrə pulsuz verildiyi üçün Səhiyyə Nazirliyi onların apteklərdə satılmasına qadağa qoyub. Təbii ki, həmin dərmanlar satışdan yığışdırıldı. Bundan başqa, daha 2 adda (27 qutu) sertifikatsız, 1 adda (1 qutu) istifadə müddəti bitmiş dərman müsadirə olundu.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013