Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Çimərlik mövsümü

2009-cu ilin çimərlik mövsümünün başlanması ilə əlaqədar Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyəti və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə sanitariya müayinələri aparılmışdır.

 

Mərdəkan-Şüvəlan çimərliyinin sanitariya mühafizə zolağında yerləşən Mərdəkan-Şüvəlan kanalizasiya təmizləyici stansiyasında aparılan təmir-yenidənqurma işləri başa çatdırılmış və hal-hazırda dənizə buraxılan çirkab suların tam mexaniki və bioloji təmizlənməsi, zərərsizləşdirilməsi təmin edilir. Mərdəkan-Şüvəlan və eyni zamanda Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan çimərliklərində aparılan laboratoriya müayinə nəticələrinə əsasən, dəniz suyunun keyfiyyət göstəriciləri norma səviyyəsindədir.

 

Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarına həmin ərazilərdə yerləşən yaşayış məntəqələrinin təmizlənməmiş çirkab sularının axıdılması nəticəsində dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir.

 

Novxanı çimərliyinin sanitariya mühafizə zolağına Novxanı qəsəbəsindən və dəniz kənarı bağ massivindən, eləcə də Corat qəsəbəsində yerləşən yaşayış sahələrindən çirkab suların axıdılması dəniz suyunun və çimərliyin sahil ərazilərinin çirklənməsinə səbəb olmuşdur. Mövsümə hazırlıq işləri burada qeyri-qənaətbəxş təşkil edilmiş, ərazidən tullantılarını kənarlaşdırılması təmin edilməmiş, çirkab sulardan əmələ gəlmiş gölməçələr və bataqlıqlar, qamışlı sahələr antisanitariya vəziyyəti yaratmışdır.

 

Hövsan çimərliyinin sanitariya mühafizə zolağına istehsalat çirkab suları üçün nəzərədə tutulmuş “Hövsan” kanalı vasitəsi ilə sutkada 150-200 min m3 istehsalat, təsərrüfat-məişət və Hövsan Aerasiya Stansiyasından layihə üzrə nəzərdə tutulmamış ərazidən çirkab sularının birbaşa sahildən dənizə buraxılması dəniz suyunun çirklənməsinə səbəb olur.

 

Şıx, Sahil, Novxanı və Hövsan çimərliklərində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilmişdir.

 

Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən Şıx, Novxanı, Hövsan, Qaradağ rayonun Sahil çimərliklərinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsi qadağan edilmişdir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

24/06/2009

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013