Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Cərimələr işə yaramadı

Artıq xeyli vaxtdır ki, qəzetimizdə məktəb bufetləri və bazalarının vəziyyətinin yoxlanılması üçün keçirilən reydlərdən söhbət açırıq. Həmin reydlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə birgə biz də iştirak edirdik.

 

Doqquz aylıq yoxlamalar nəticəsində məlum oldu ki, respublikamızın orta ümumtəhsil məktəblərində, xüsusilə onların bufetlərində sanitar-texniki və sanitar-gigiyenik normalar kobud şəkildə pozulur. Bunun nəticəsidir ki, həmin reydlərin yekunu olaraq paytaxt məktəb və bağçalarının 15-i GEM tərəfindən cərimə olunub.

 

Cərimə olunanların sırasına Nərimanov rayonu 39 saylı orta məktəbin bufet işçisi Mahirə Quliyeva (110 manat), Yasamal rayonu 18 saylı orta məktəbin bufet işçisi Hürnisə Ağacanova (110 manat), Nizami rayonu 12 saylı orta məktəbin bufet işçisi Mahrux İbrahimova (110 manat), Sabunçu rayonu 94 saylı orta məktəbin direktoru Şəmsəddin Vəliyev (55 manat), Sabunçu rayonu 169 saylı uşaq bağçası - körpələr evinin müdirəsi Rəna Əliyeva (55 manat), Sabunçu rayonu 15 saylı Qızlar Litseyinin direktoru Rəna Qurbanova (55 manat), Sabunçu rayonu 271 saylı orta məktəbin bufet işçisi Mədinə Səftərova (110 manat), Suraxanı rayonu 262 saylı uşaq bağçası - körpələr evinin müdirəsi Aygün Cəfərova (110 manat), Suraxanı rayonu 318 saylı orta məktəbin direktoru Fərhad Həsənov və məktəb həkimi Alimə Əhmədova (hər biri 100 manat), Qaradağ rayonu 166 saylı orta məktəbin bufet işçisi Səlmi Səfərova (110 manat), Qaradağ rayonu 139 saylı orta məktəbin bufet işçisi Sofiya Babaşova (110 manat), Binəqədi rayonu 102 saylı orta məktəbin direktoru Nailə İsmayılova (110 manat), Xətai rayonu 66 saylı uşaq bağçası - körpələr evinin müdirəsi Hüseyniyyə Məmmədova (55 manat), Xətai rayonu 254 saylı orta məktəbin bufet işçisi Nəzirə Lətifova (110 manat) daxildir. Bundan əlavə, Binəqədi və Xətai rayonlarının məktəbli bazaları da cərimə olunub.

 

Görülən bu tədbirlərdən sonra məktəb bufetlərində az da olsa dəyişiklik edilib. Məsələn, Suraxanı rayonu məktəblərində keçirilmiş növbəti reydlər zamanı bir dənə də olsun kremli peçenye və biskvitlərin satılmasına rast gəlmədik. Yay tətili müddətində bir neçə məktəbdə təmir işləri aparılarkən məktəb bufetləri də kosmetik təmir olunub. Məsələn, 94 saylı orta məktəbə isti-soyuq su çəkilib, o, soyuducularla təmin olunub. Amma bəzi məktəblərdə vəziyyət yenə də dəyişməyib. Elə götürək 271 saylı məktəbin bufetini. Ötən dəfəki reydlərdən sonra ciddi xəbərdarlıqla yanaşı, həm də sanitar-texniki, sanitar-gigiyenik normalara riayət olunmadığına görə cərimə olunan məktəbdə vəziyyətin dəyişməsi ancaq bufetə yeni pərdələrin vurulması və kremli malların satışdan yığışdırılmasıdır. Amma hələ də məktəbdə içməli su problemi qalır, hələ də suyun saxlanması qaydaları pozulur, texniki su plastik qablarda, antisanitar şəraitdə saxlanılır. "Cərimə olunandan sonra hansı tədbirlər görülüb?" sualına bufet işçisi Mədinə Səftərova: "Dəyişiklik var. Siz gələndən sonra bizə axar su çəkilib" desə də, krandan bir damçı da olsun su gəldiyini görmədik. Təmirdən isə söhbət gedə bilməz. Suraxanı məktəb bufetlərinə nəzarət edən baza müdiri isə bildirir ki, digər məktəblərdə vəziyyət artıq yaxşıdır. Onlar əla təmir olunub və lazım olan avadanlıqlarla təchiz edilib. Yalnız 271 saylı məktəbin bufeti qalıb ki, məktəb təmir olunanda buraya da əncam çəkiləcək.

 

Ancaq GEM işçiləri belə hesab edirlər ki, məktəblərdə gedən təmir işləri də onları sanitar-gigiyenik cəhətdən qane etmir:

 

- Burada aparılan təmir işləri ancaq quru ərzaq məhsullarının satılması üçün yararlıdır. Bundan əlavə, yeni alınan bəzi avadanlıqlar da tələblərə cavab vermir. Məsələn, 49 saylı məktəbdə qoyulan elektrik plitəsinin məktəblərə qoyulması qəbulolunmazdır.

 

Respublika GEM-in Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov belə deyir. Onun sözlərinə görə, yaxın gələcəkdə məktəblərdə isti yeməklərin verilməsinin də reallaşdırılması gözlənilir. Amma təmir olunan məktəb bufetləri isti yeməklər verilməsi üçün qurulan bufetin tələblərinə cavab vermir. Məsələn, qoyulan plitələr, qab yuyulan yerlər (hazırda məktəblərdə birgözlü qabyuyanlar qoyulub. İsti yeməklər verilərkən ikigözlü qabyuyanlardan istifadə olunmalıdır) sonradan yararlı olmayacaq. Ona görə də bufetlər təmir olunarkən bütün bunlar mütləq Gigiyena və Epidemiologiya Mərkəzlərinin mütəxəssisləri ilə məsləhətləşdirilməlidir. Amma mütəxəssislər ancaq təmirdən sonra bundan xəbərdar olurlar.

 

Ümumiyyətlə, məktəb bufetlərində vəziyyət nisbətən dəyişsə də, tam yararlı deyil. Hətta bəzən "Narahat olmayın! Gələn il məktəb təmir olunanda bufetlər də düzələcək", "Biz nə qədər iş görsək də, GEM-ə bəyəndirə bilmirik" deyənlər də tapılır. Amma son günlər məktəblərdə bir-birinin ardınca baş verən kütləvi zəhərlənmə hadisələri göstərdi ki, məktəblərdə, bufetlərdə kosmetik dəyişikliklərlə məsələni həll etmək mümkün deyil. Hər dəqiqə, hər an uşaqların həyatı təhlükə altında qala bilər. Buna görə də bu məsələlərdə zahiri yox, köklü dəyişikliklərə ehtiyac var.

 

Tibb qəzeti

27/11/2008

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013