Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Məktəblərdə sanitariya-gigiyena problemləri

X.Babayeva

 

Artıq bir aydan çoxdur ki, növbəti tədris ili başlayıb. Sentyabrın 15-dən məktəblilər bir pilləni də adladılar və bir yaş da böyüdülər. Birinci dərs gününə həvəslə hazırlaşan şagirdlər yenidən məktəbin qoynuna atıldılar. Bəs, məktəb onları necə qarşıladı?

 

Təbii ki, söhbət məktəblərdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətdən gedir. Biz də bu suala cavab tapmaq məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə üz tutduq. Və suallarımızı Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımova ünvanladıq.

 

Z.Kazımov məlumat verdi ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Səhiyyə Nazirliyinin müvafiq əmrinə istinadən, həmçinin təsdiqlənmiş əmrlər planına uyğun olaraq, hər il bütün obyektlərdə olduğu kimi, orta ümumtəhsil məktəblərində də sanitariya müayinə baxışları keçirir: "Hər rayon üzrə GEM-in xüsusi mütəxəssisləri var ki, onlar birbaşa rayon uşaq və yeniyetmələrinin sağlamlığı, onların inkişafı, uşaq müəssisələrində sanitar-gigiyenik normalara riayət olunmasına nəzarət edirlər. Bu yoxlamalar tədris ilinin fəaliyyət dövründə aparılır".

 

Heç kəsə sirr deyil ki, yoluxucu xəstəliklər əsasən sanitar-gigiyenik normalara əməl olunmayan yerlərdə baş qaldırır. "Uşaq və yeniyetmələrin kütləvi toplaşdığı müəssisələrdə sanitariya qaydalarının pozulması onlar arasında müxtəlif yoluxucu xəstəliklərin yayılma riskini artırır" deyən şöbə müdiri bu baxımdan 1996-2000 və 2000-2008-ci illəri müqayisə edir: "Yadınıza gəlirsə, 1996-2000-ci illərdə məktəblərdə sanitar-gigiyenik şərtlərə əməl edilməsi mümkün deyildi. Ən əsası, təhsil müəssisələrində daimi axar su yox idi. Yoluxucu xəstəliklərin, yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısının alınması üçün istilik sisteminin işlək olmasının nə dərəcədə vacibliyi hamıya məlumdur. Amma həmin illərdə məktəblərdə istilik sistemi bərbad vəziyyətdə idi. Bəzi məktəblər odunla, kömürlə, solyarka ilə qızdırılır, şagirdlər dərsdə üst geyimi ilə otururdular. Həmin illərlə müqayisədə indi vəziyyət xeyli yaxşıdır. Təmir olunmuş və yeni tikilmiş məktəblər istilik sistemi ilə təchiz olunub, yeni texniki avadanlıqlarla təmin edilib.

 

Eyni zamanda, biz hər il 1-ci, 2-ci, 3-cü siniflər üzrə uşaqların sağlamlıq vəziyyətlərini təhlil edirik. Əvvəlki illərdə məktəblilər arasında skolioz, kifoz kimi xəstəliklər, kariyesli dişlərin olması, bədənin inkişafdan qalma halları ilə tez-tez rastlaşırdıq ki, bu cür uşaqlarda yoluxucu xəstəliklərə tutulma riski də daha böyük olur və belə hallara da tez-tez rast gəlirdik. Ancaq son vaxtlar məktəblərin texniki avadanlıqlarla təchizi, bu sahədə metodiki tövsiyələrin hazırlanması və paylanması və digər tədbirlər vəziyyəti xeyli dəyişdirib. Lakin bütün bunlarla yanaşı, yenə də bir sıra nöqsanlar qalmaqdadır. Məsələn, 2007-2008-ci tədris ilində məktəblərdə keçirilən müayinələr zamanı bir çox nöqsanlar aşkar olunmuşdur.

 

Respublika GEM bu ilin əvvəlindən indiyədək Bakı şəhərində fəaliyyət göstərən uşaq və yeniyetmə müəssisələrində gənc nəslin sağlamlığına təsir edən təhsil və təlim-tərbiyə şəraitinə dair tematik yoxlamalar keçirib. Məlum olub ki, uşaq və yeniyetmə müəssisələrinin əksəriyyətində tez xarab olan ərzaq məhsullarının düzgün saxlanılması üçün normal şərait yaradılmayıb, əsaslı təmir işlərinin aparılmasında və müəssisələrin fasiləsiz axar su ilə təminatında, həmçinin sanitariya normalarının və gigiyena qaydalarının gözlənilməsində çatışmazlıqlar var.

 

Belə ki, Suraxanı rayonu 7 saylı internat məktəbində duş otağının, 140, 141, 208, 87, 232, 154, 97, 89 saylı orta məktəblərində idman zallarının əsaslı təmirə ehtiyacı var. Binəqədi rayonu orta məktəblərinin su və kanalizasiya xətlərində olan qüsurların aradan qaldırılması məktəb rəhbərliyi tərəfindən su kranlarının və ya məktəblərdəki sanitar qovşaqlarının bağlanması ilə "həll olunur". Habelə 135, 284, 276, 126, 102 saylı orta məktəblərin də sanitar-texniki cəhətdən vəziyyəti qənaətbəxş deyil. Səbayel rayonundakı 163, 189, 203 saylı məktəblərdə sanitar qovşaqlarının, 50 və 203 saylı məktəblərdə bufetlərin, Yasamal rayonundakı 38, 31, 199, 172 saylı orta məktəblərin binalarının, su-kanalizasiya xətlərinin, dam örtüklərinin, hətta pəncərə çərçivələrinin təmirə çox böyük ehtiyacı var. Bu sıraya Nəsimi rayonu 5, 19, 28, 44, 54 saylı, Nərimanov rayonu 57, 212, 73, 37 saylı, Sabunçu rayonu 188, 130, 80, 74, 213, 96, 252, 142, 271, 4, 293, 259, 198 saylı məktəbləri də aid etmək olar.

 

Qaradağ rayonu 274, 233, 195 (köhnə korpus), 105, 110, 224 saylı məktəblərin su-kanalizasiya xətləri, sanitar-texniki avadanlıqları çox köhnəlib və bu səbəbdən də su təminatı pisləşib. 274, 129, 106, 110, 127, 139, 253, 273 saylı məktəblərin bufetləri sağlamlaşdırıcı tədbirlərin aparılmaması səbəbindən yararsız hala düşüb. Xətai rayonu 25, 17, 95, 29, 63, 147, 249, 55, 204, 191, 254 saylı məktəb bufetlərində sanitariya vəziyyətinin qeyri-qənaətbəxş olması əks-epidemik rejimin pozulmasına səbəb olub.

 

Xüsusilə qeyd etmək lazımdır ki, böyük zəhmət və maliyyə vəsaiti hesabına tikilmiş bəzi yeni məktəblərdə, əsaslı təmir olunmuş təhsil ocaqlarında da sanitariya norma və qaydalarına tələb olunan səviyyədə əməl edilmədiyindən, qısa müddət ərzində yuxarıda sadalanan nöqsanlar meydana çıxmışdır. Məsələn, Binəqədi rayonu 182 saylı orta məktəb əsaslı təmir olunmasına baxmayaraq, sanitariya-texniki vəziyyətində nöqsanlar vardır.

 

Belə ki, burada mütəmadi olaraq sanitariya norma və qaydaları pozulur, su və kanalizasiya sistemlərində nasazlıq yaranır. Məktəbin tibb kabineti zirzəmidə, şəraitsiz, rütubətli otaqda təşkil olunduğundan tibb işçilərinin fəaliyyəti qeyri-mümkündür. Məcbur olub, şagirdlərə tibbi xidməti tədris hissə müdirinin otağında həyata keçirirlər, buna görə də bu xidmət çox aşağı səviyyədədir. Məktəbin pedaqoji və tibb işçilərinin əlaqəli işləməməsi nəticəsincə "viruslu hepatit" diaqnozu ilə 06.05.08-ci il tarixdən xəstəxanaya yerləşdirilmiş 3B sinif şagirdi Abdullayev Orxan Zabit oğluna dərsə gəlmədiyi günlərdə davamiyyətdə olmaması barədə qeydlər edilməyib, hətta ona müxtəlif fənlər üzrə qiymətlər də qoyulub. Məktəbin 12 nəfər müəllim və texniki işçi heyəti ilkin və dövri tibb müayinələrindən keçməyib. Analoji vəziyyət Nizami rayonu 227 saylı məktəbdə də müşahidə edilir".

 

Düşündük ki, məktəblərin əksəriyyətinin bufetlərində və sanitar qovşaqlarındakı vəziyyətlə bağlı valideyn və şagirdlərin də fikirlərini bilmək pis olmazdı. 3 övladını məktəbə yollayan Zərifə Mövlayevanın dediyinə görə, o, uşaqlarının məktəb bufetlərindən nə isə alıb yeməsinə qarşıdır:

 

- Baxmayaraq ki, böyük qızım bəzən buna narazılıq edir, amma mən onlara bufetə düşməyi qadağan etmişəm. Hər gün hər üçünün çantasına bülka, peçenye, buterbrod qoyuram, çünki zəhərlənəcəklərindən, xəstələnəcəklərindən qorxuram.

 

Digər valideyn isə məktəblərdə bu məsələlərin birdəfəlik həll olunması tələbi ilə çıxış edir:

 

- Uşaqdır. Mən hər gün onu güdə bilmərəm ki. Bufetə də gedir, hər şey alıb yeyir də. Hətta 2 dəfə zəhərlənib. Hər 2-sində də soruşmuşam, deyib ki, məktəbdə kolbasa yemişəm. Mən qəti şəkildə tələb edirəm ki, məktəb rəhbərliyi, aidiyyəti olan şəxslər bu işə ciddi yanaşsınlar. Biz bilmirik ki, dərdimizi kimə deyək.

 

Şagirdləri isə, deyəsən, bufetdən daha çox, sanitar qovşaqları narahat edir. Onlardan biri mənim bərbad halda, üfunətdən içəri girmək mümkün olmayan məktəb tualetlərindən birinə baxdığımı görəndə belə dedi:

 

- Hələ sizə yaxşısını göstərirlər. O birilərə baxın, görün ki, heç içəri girmək yox ey, o mərtəbədən keçə biləcəksiniz, ya yox?

 

Doğrudan da, orta təhsil müəssisələrinin əksəriyyətində sanki spesifik və ənənəvi iyə çevrilmiş bu qoxular sanitariya qovşaqlarının vəziyyətindən xəbər verir. Z.Kazımov bu məsələ ilə bağlı fikirlərini belə çatdırır:

 

- Hər bir obyektin tikilməsi və fəaliyyətə başlaması hələ o demək deyil ki, orada normal sanitar-gigiyenik şərait gözlənilir və bu qaydalara əməl olunur. Bilirsiniz ki, hər bir məktəbdə 1000-1500 uşaq təhsil alır. Və məktəb binası da şagirdlərin sayına müvafiq tikilir. Hər bir ümumtəhsil məktəbinin hər mərtəbəsində ayrıca sanitariya qovşağı olmalıdır.

 

Mütəmadi olaraq onun dezinfeksiya olunması, təmizlənməsi, axar su ilə təmin olunmasına məktəb rəhbərliyi birbaşa cavabdehdir. Bəzən bəhanələr gətirirlər: "Bu mərtəbədəki tualet bağlıdır. Biz hamıya tapşırmışıq ki, o birindən istifadə etsinlər" və sairə. Amma əslində hər mərtəbənin özünün ayrıca tualeti olmalıdır. Və hər biri də işlək vəziyyətdə.

 

Məktəblərdə digər spesifik bir iy də var ki, bu da neft iyidir. Biz uşaqlıqdan həmişə bu qoxunu məktəbin təmizlik iyi olaraq qəbul etmişik. Əslində isə, sən demə: "Məktəblərdə döşəmələrin neft məhsulları ilə silinməsi yolverilməzdir. Bu həm travmatizmin artmasına səbəb olur, həm də allergik xəstəliklərin baş qaldırmasına şərait yaradır. Tələblərə görə, hər bir məktəbin direktoru ərazidə fəaliyyət göstərən dezinfeksiya şöbələri ilə müqavilə bağlamalı və vaxtaşırı məktəblərdə döşəmələrdən, kabinetlərin qapılarının cəftələrindən tutmuş, pilləkənlərə, tutacaqlara qədər hər yer dezinfeksiya edilməli, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır. Amma nədənsə, buna biganə yanaşırlar. Yalnız hər hansı bir yoluxucu xəstəlik aşkar olunarsa və o, kütləvi şəkil alarsa, onda əl-ayağa düşürlər". Bu fikirlər də Respublika GEM-in şöbə müdiri Ziyəddin Kazımova məxsusdur.

 

İş burasındadır ki, dezinfeksiya şöbələri təsərrüfat hesablı olduğundan, bu müqavilələrin bağlanması da könüllü xarakter daşıyır. Amma o yerdə ki söhbət uşaqların, yeniyetmələrin sağlamlığından gedir, burada məsələni könüllülüyə və ya məktəb rəhbərlərinin vicdan və mərhəmətinə buraxmaq düzgün deyil.

 

Sadalanan uşaq və yeniyetmə müəssisələrindəki mövcud sanitariya-epidemioloji durum burada təlim-tərbiyə və təhsil alan uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükə törənməsini, təbii ki, istisna etmir. Bunu nəzərə alaraq, Respublika GEM tərəfindən hələ ötən tədris ilinin sonlarında - iyun ayında Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya məktub ünvanlanıb. Orada bu vəziyyəti yeni tədris ilinədək normallaşdırmaq, nöqsanları aradan qaldırmaq üçün müəyyən tədbirlər görülməsi tövsiyə olunub.

 

Ziyəddin Kazımovun dediyinə görə, yeni dərs ilinin əvvəlindən artıq məlumatlar toplanmağa başlanıb:

 

- Yay aylarında məktəblərə baxış nəticəsində məlum olmuşdu ki, müsbət dəyişikliklərlə yanaşı, hələ də bəzi nöqsanlar qalmaqdadır. Məktəbli bazalarının paylayıcı bufetlərində vəziyyət hələ də dəyişməz qalır. Bu bufetlərin əksəriyyətində axar su problemi qalmaqdadır, kifayət qədər inventar yoxdur, soyuducular işləmir, ventilyasiya sistemi düzgün qurulmayıb. Biz güman edirik ki, verdiyimiz təkliflər əsasında bütün bunlar düzələcək, çatışmazlıqlar aradan qaldırılacaq.

 

Amma bütün bunlarla yanaşı, o da həqiqətdir ki, son illərdə bütün gigiyenik tələblərə cavab verən bir sıra yeni məktəblər də tikilib. Respublika GEM-in Uşaq və yeniyetmə gigiyenası bölməsinin aparıcı mütəxəssisi Faiqə Yaqubzadə deyir ki, son illər fiziki tərbiyənin təşkilinə diqqət artırılıb. Lakin bəzi amillər, məsələn, tədris otaqlarında işıqlanmanın gigiyenik tələblərə cavab verməməsi, havanın təmiz və lazımi temperaturda olmaması, təmizliyin gözlənilməməsi uşaq və yeniyetmələrin sağlamlığına pis təsir edir. Yeni tədris ilində optimal şəraitdə oxumaq, gigiyenik vərdişlərə yiyələnmək, uşaqların sağlamlığı və harmonik inkişafı müəllim və tibb işçilərindən çox asılıdır: "Bunun üçün, əlbəttə ki, bütün təlim-tərbiyə müəssisələri abad olmalı, təmiz həyətyanı sahəsi olmalı və il ərzində uşaqlar ondan geniş istifadə etməlidirlər. Mütəşəkkil kollektivlərdə kariyes, zəifgörmə, dayaq-hərəkət sistemi patologiyalarının, qurd xəstəliklərinin olmamasına və xüsusi idman qruplarına aid olan uşaq və yeniyetmələrə diqqət artırılmalıdır. Bu müəssisələrdə sanitariya maarifləndirməsi işi daha aktiv və davamlı surətdə aparılmalıdır. Hər bir təlim-tərbiyə müəssisəsinin sağlamlaşdırıcı ocağı olmalıdır. Gün rejiminin aparılmasında mütləq gigiyenik və əks-epidemik tələblər gözlənilməlidir. Bütün bunlar uşaqların və yeniyetmələrin sağlamlığını təmin edir".

 

P.S. Qəzet çapa gedən gün redaksiyaya yeni məlumat daxil oldu: Xətai rayonu 95 saylı orta məktəbdə kütləvi zəhərlənmə halı baş verib. Məktəbin 5-ci sinif şagirdlərindən 10 nəfər təcili yardım maşını ilə Nizami rayonu 1 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

 

Respublika GEM-in Qida gigiyenası bölməsinin müdiri İmran Abdullayevdən aldığımız məlumata görə, zəhərlənmə "Bonjur" adlı peçenyedən baş verib. 21 nəfər şagird təhsil alan sinifdə bir neçə nəfər dərsə gəlmədiyindən həmin peçenyedən 18 nəfər yeyib. Onlardan 10 nəfərinin vəziyyəti yaxşı olmadığından məktəb rəhbərliyi tərəfindən təcili yardıma məlumat verilərək, uşaqlar xəstəxanaya aparılıb.

 

Bölmə müdirinin dediyinə görə, həmin peçenye ad gününü qeyd edən bir şagird tərəfindən Xətai rayonu Qaçaq Nəbi küçəsində 7 saylı poliklinika ilə üzbəüz yerləşən marketdən alınıb. Hazırda orada yoxlama işləri aparılır. Məlumat üçün onu da qeyd edək ki, peçenyenin hələ 2009-cu ilin fevral ayına qədər yararlılıq müddəti var. Mütəxəssislər belə hesab edirlər ki, problem onun içərisinə qatılmış qida əlavələri ilə bağlı ola bilər.

 

Onu da diqqətinizə çatdırmaq istərdik ki, Ukrayna istehsalı olan həmin "Bonjur" peçenyeləri məktəb bufetlərində də satılır. Belə ki, bir neçə ay bundan əvvəl iştirak etdiyimiz reydlərdən biri zamanı məktəblərdən birində vaxtı ötmüş və saxlanma qaydalarına əməl olunmayan həmin peçenyelər aşkar olunmuşdu.

 

Tibb qəzeti

 

31/10/2008

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013