Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gözlərin deyir ki…

21 may 2008

 Ü.FƏRZƏLİYEVA

 

Son dövrlər əhali arasında ənənəvi (Şərq) təbabətə marağın artması müşahidə edilir. Bir zamanlar “şamanlıq”, “yalançı elm” adlandırılmasına baxmayaraq, artıq qədim Şərq təbabətinin iridodiaqnostika, nəbz diaqnostikası, linqvodiaqnostika kimi diaqnostika metodları və akupunktura, homeopatiya, manual terapiya və sair kimi terapevtik üsulları müasir təbabət elminin də tədqiqat obyektinə çevrilib.

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Şərq təbabətinə marağın artdığını nəzərə alaraq, onun bir sahəsi kimi iridodiaqnostika haqqında yazmaq qərarına gəldik. Bunun üçün bu sahədə mütəxəssis, «İridodiaqnostika» monoqrafiyasının müəllifi, tibb elmləri doktoru, professor Rafiq Təhməzov ilə həmsöhbət olduq.

 

- Orqanizmin bütün orqanlarının vəziyyəti qüzehli qişada 1 kvadrat santimetr sahədə əks olunur. Orqanizmdə baş verən patoloji dəyişikliklərin qüzehli qişadakı spesifik təzahürlərinin tutduğu sahə isə millimetrlərlə ölçülür. Onlar iridoloji xəritələr vasitəsilə analiz edilir və iridodiaqnostik müayinənin əsasını təşkil edir. Bir çox tədqiqatçılar tərəfindən iridoloji xəritələr də təsvir olunub. Hazırda iridoloji sxemlərin 30-dan çox variantı məlumdur. Klinik tədqiqat metodları inkişaf etdikcə, bu sxemlər daha da dəqiqləşir. Artıq sübut edilib ki, stenokardiya, xolesistit, pankreatit, mədə xorası, plevropnevmoniya və kəskin ağrılarla müşayiət olunan digər xəstəliklərin 70-96 faizində qüzehli qişanın müvafiq zonalarında dəyişikliklər baş verir.

 

- İridoloji müayinə yolu ilə dəqiq diaqnozun qoyulması nə dərəcədə mümkündür?

 

- Qüzehli qişada ümumi və lokal əlamətlərin araşdırılması bir çox patoloji proseslərin dəqiqləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. İridodiaqnostika metodu ilkin müayinə zamanı bütün orqan və sistemlər haqqında fikir yürütməyə imkan verir. İridoskopiya və iridoqrafiyanın köməyi ilə xəstəliklərin topik diaqnozu qoyulur, yəni orqanizmdə problemli yer müəyyənləşdirilir. Lakin qüzehli qişada topik diaqnozu təsdiq edən əlamətlər elmi cəhətdən tam öyrənilməyib və təkcə bu metoda əsaslanmaqla, bütün xəstəliklərə dəqiq diaqnoz qoymaq mümkün deyil.

 

İridodiaqnostik müayinə ilə bağlı öz təcrübənizdən yaddaqalan hansısa hadisəni bizimlə bölüşə bilərsinizmi?

 

- Bir neçə il bundan öncə bir nəfər xəstə mənə müraciət etmişdi. Onun çiyni ağrıyır, əli işləmirdi. Həmin şəxsə pleksit diaqnozu qoyulmuşdu. Bir il bu diaqnozla müxtəlif müalicə üsulları, fizioterapiya və s. yolu ilə müalicə olunmuş, amma heç birinin effekti olmamışdı. Nəhayət, xəstəni iynəbatırma üsulu ilə müalicə etməyi məsləhət görmüş və mənim yanıma göndərmişdilər. Onu da bildirim ki, mən xəstəni ancaq müayinə etdikdən sonra iynəbatırma ilə müalicə edirəm. Çünki akupunktura vasitəsilə müalicə çox məsuliyyətli işdir, şərq təbabətində iynəbatırma hətta cərrahiyyə əməliyyatı hesab edilir. Bu üsul düzgün tətbiq edilmədikdə ağır fəsadlar törədə bilər. Ona görə də həmin xəstəni əvvəlcə akupunktur və iridodiaqnostik üsullarla müayinə etdim. Gözün müayinəsi zamanı məlum oldu ki, əslində xəstəyə yanlış diaqnoz qoyulub, onun əlində yaranmış bu problem və ağrılar birbaşa beyni ilə əlaqəlidir. Həmin xəstəyə kompyuter tomoqrafiyası müayinəsindən keçməsini məsləhət gördüm. Müayinə nəticəsində ona beynin dağınıqlı sklerozu diaqnozu qoyuldu.

 

Həmin xəstədə iridoloji müayinə nəticəsində ağciyər nahiyəsində də dəyişikliklər olduğu müəyyənləşdi. Rentgen müayinəsi zamanı isə xəstənin ağciyərində bədxassəli şiş metastazları aşkar edildi.

Daha bir hadisə isə xəstənin özünə sui-qəsd etməsi ilə bağlıdır. Qeyd edim ki, göz bəbəyinin yastılaşması kimi iridoloji meyar var. R.İ.Bourdiolun fikrincə, bəbəyin “saat 12” sektorunda kəskin yastılaşma özünəqəsdin əlaməti hesab edilir. Bir neçə il öncə xəstələrdən birində bu iridoloji meyarı müşahidə etdim. Xəstənin yaxınına onun psixikasının normal vəziyyətdə olmadığını və özünə sui-qəsd edə biləcəyini dedim. Təəssüf ki, o mənim dediklərimə əhəmiyyət vermədi, buna inanmadı. Ancaq həmin xəstə təxminən 7 aydan sonra özünə qəsd etdi.

 

- Rafiq müəllim, iridodiaqnostika sahəsi ilə məşğul olan həkim hansısa xüsusi özəlliklərə malik olmalıdırmı?

 

- Bəli, göz diaqnostikası üçün yaxşı vizual yaddaş lazımdır. Məşqlər vasitəsilə möhkəmləndirilən və inkişaf etdirilən müşahidə qabiliyyəti iridodiaqnostikanı öyrənmək üçün vacib şərtdir. Bu metodu yeni öyrənməyə başlayan həkim hər gün müəyyən vaxtlarda qüzehli qişada bir neçə rəmzin forma və rəngini müşahidə etməli və onları yaddaşında saxlamalıdır. Rəngi və formanı görmək iridodiaqnostika metodunu mənimsəmək üçün vacibdir.

 

Amma unutmaq olmaz ki, ən təcrübəli iridoloq belə səhv diaqnoz qoya bilər. Bəzən bu, xəstəliyin ağrısız keçməsi ilə əlaqədar olur. Gözlərinin rəngi açıq olan xəstələrdə piqment ləkələri daha asan seçilir. Bəzən oftalmologiya sahəsində praktik fəaliyyəti olmayan iridoloqlar gözdə baş vermiş xəstəliklər nəticəsində əmələ gələn dəyişiklikləri digər orqanların xəstəlikləri kimi qiymətləndirirlər. Bütün məlumatların başa düşülməsi və klinik iridoloji paralellərin aparılması üçün həkim-iridoloq dərin anatomik-fizioloji və klinik biliklərə yiyələnməlidir.

 

Sonda qeyd edim ki, bu gün iridodiaqnostika yalnız təcrübəli mütəxəssislər tərəfindən ekspres-diaqnostik və əlavə müayinə metodu kimi tətbiq edilə bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013