Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gürcüstan

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Gürcüstan Respublikası Əmək, Səhiyyə və Sosial Təminat Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq sazişi imzalanmamışdır. Bununla belə, bu sahədə əlaqələrimiz Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın Protokolu çərçivəsində həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında ilkin səhiyyə xidmətləri, infeksion xəstəliklərə qarşı mübarizə, tibbi mütəxəssislərin mübadiləsi, təcili, təxirəsalınmaz tibbi yardım və digər sahələr üzrə əməkdaşlıq əlaqələri vardır. Azərbaycan Respublikasında və Gürcüstanda pediatriya, onkologiya, cərrahiyyə, qastroenterologiya, reproduktiv sağlamlıq və tibb elminin digər sahələri üzrə keçirilən beynəlxalq konqres və simpoziumlarda hər iki ölkənin nüfuzlu elm xadimləri və mütəxəssisləri iştirak edirlər.

 

Bundan əlavə, Qafqaz regionunda vərəmə qarşı mübarizə tədbirləri layihəsi və Bakıda Regional Vərəm Referens Laboratoriyasının Təşkili layihəsi üzrə müqabil tərəflə məhsuldar əməkdaşlıq aparılmışdır və sözügedən müəssisə hazırda fəaliyyət göstərir.

 

İlkin səhiyyə xidmətlərinin göstərilməsi sahəsində Dünya Bankının “Azərbaycanda səhiyyə sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gürcüstanlı ekspertlər mütəmadi olaraq Azərbaycana dəvət edilir. Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələr GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, habelə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mütəmadi olaraq müqabil tərəflə aparılan danışıqlarda səhiyyəyə aid aşağıdakı təklifləri təqdim etmişdir:

 

- Azərbaycanın və Gürcüstanın görkəmli tibb alimlərinin ikitərəfli elmi - tədqiqat işlərinin aparılmasının təşkili

 

- İnfeksion xəstəliklərlə mübarizə sahəsində informasiya mübadiləsinin aparılması

 

- Hər iki ölkənin Həkimləri Təkmilləşdirmə İnstitutlarında Azərbaycanın və Gürcüstanın ali məktəb müəllimlərinin və həkimlərinin təcrübə mübadiləsinin təşkili

 

- Hər iki ölkənin Tibb Universitetlərində tələbə mübadiləsinin təşkili

 

- Birgə elmi konfranslarda, simpoziumlarda, qurultaylarda və sərgilərdə iştirak

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013