Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hamiləlik və dərmanlar

Hamiləlik və dərmanlar

 

Bütün anadangəlmə anomaliyaların azı 5 faizi dərman preparatlarının qəbulu ilə bağlıdır

 

“Tibb qəzeti”nin ötən sayında biz anadangəlmə patologiyaların profilaktikası üçün professor Ənvər Quliyevin təklif etdiyi sadə metod haqqında danışmışdıq. Mövzunu davam etdirərək, bu sahədə tədqiqatlar aparmış digər mütəxəssislər - «Sağlam körpə» təşəbbüs qrupunun araşdırmalarının nəticələri barədə söz açırıq.

 

Alman-Azərbaycan Tibb Assosiasiyası «Sağlam körpə» qrupunun həyata keçirdiyi «Dərman preparatlarının dölə və yeni doğulmuş körpəyə mənfi təsiri haqqında» layihəsinin iştirakçıları həkimlərin bu barədə nə dərəcədə bilikli olmaları üzrə test keçirmiş və onun nəticələrini bizimlə bölüşmüşlər.

 

“Dölün anadangəlmə inkişaf qüsurları problemi son dərəcə çoxcəhətlidir. Bu məsələnin öyrənilməsi ilə müxtəlif mütəxəssislər - genetiklər, neonatoloqlar, embrioloqlar, doğuşaqədərki (prenatal) diaqnostika mütəxəssisləri məşğuldurlar. Səbəbləri araşdırıb üzə çıxarmaq hər zaman asan olmur, - deyə «Sağlam körpə» təşəbbüs qrupunun nümayəndələri fikirlərini bildirirlər. - Dölün anadangəlmə inkişaf qüsurlarını mütəxəssislər iki böyük qrupa bölürlər: irsən şərtlənmiş, yəni genlərdən və xromosomlardan gələn, irsən ötürülən qüsurlar və bətndaxili inkişafın gedişində qazanılanlar. Yəni, məsələn, tədqiqatçıların məlumatına görə, bütün anadangəlmə anomaliyalardan ən azı 5%-i dərman preparatlarının qəbulu ilə bağlıdır .

 

Dərmanlar hamiləliyin bütün müddətlərində dölə öz mənfi təsirini göstərə bilir. Xüsusən də körpənin orqanları və sistemlərinin təşəkkülü və formalaşmasının getdiyi ilk üç ayda dərman preparatları qəbul etmək heç məsləhət görülmür. Bəzi preparatların anadangəlmə qüsurlara səbəb olduğu dəqiq bəllidir. Potensial baxımdan təhlükəli olan bir çox başqa preparatlar da var. Onların təsiri yalnız müəyyən əlverişsiz faktorlar olduqda üzə çıxır.

 

Teratoloqlar - müxtəlif preparatların insan orqanizminə təsirini öyrənən mütəxəssislər əmindirlər ki, dərmanlarla istənilən inkişaf qüsurunu «proqramlaşdırmaq» olar. Təcrübəli teratoloq yeni doğulmuş uşaqda hər hansı anomaliyaya əsasən müəyyənləşdirə bilər ki, qadın hamiləlik dövründə məhz hansı dərmanları qəbul edib. Məsələn, hormonlar ürək qüsurunu, sidik-cinsiyyət xəstəliklərini doğurur. Estrogenlər, sintetik progestinlər kimi cinsiyyət hormonları isə cinsi oriyentasiyaya təsir edir. Bəzən hamiləlik müddətində onları qəbul edən qadınların uşaqlarında hermafroditizm, psixikanın pozulması aşkar edilir, cinsi dəyişdirmək istəyi yaranır.

 

Şəkəri azaldan sulfanilamidlər də döldə ciddi çatışmazlıqlara səbəb olur. Halbuki, diabetdən əziyyət çəkən bir çox hamilə qadınlar onları qəbul edirlər.

 

Bədxassəli şişlərin müalicəsi üçün qəbul edilən preparatlar xüsusilə təhlükəlidir. Əslində, onkoloji xəstəlik özlüyündə hamiləlik üçün əks-göstərişdir. Lakin risk etməyə və heç nəyə baxmadan, uşaq doğmağa hazır qadınlar tapılır.

 

Hamiləlik dövründə qıcolmaya qarşı bir çox preparatları da qəbul etmək olmaz. Bu siyahını nə qədər desəniz, uzatmaq olar.

 

Problemi hər ölkədə bir cür həll edirlər. Məsələn, Amerikada «Hamiləlik və dərmanlar» adlı bir neçə yüz səhifəlik böyük bir kataloq hazırlanmışdır. Onu hər kəs əldə edə bilər. İtaliyada «qırmızı telefonlar» deyilən xidmət geniş yayılmışdır. Oraya sutkanın istənilən saatında zəng vurmaqla, hamilə qadınlara məsləhət görülməyən preparatlar haqqında məlumat əldə etmək olar. Azərbaycanda isə hələlik belə xidmətlər yoxdur.

 

O ki qaldı bizim tədqiqatlara, - deyə təşəbbüs qrupunun mütəxəssisləri davam edirlər - Bakı, Sumqayıt, Şəki və Xaçmaz şəhərlərində mama-ginekoloqlar və neonatoloqların anonim testləşdirilməsinin təhlili bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, həkimlər bu gün mamalıq praktikasında istifadə etdikləri bir sıra yeni dərman vasitələrinin təhlükəli embriotoksik təsiri haqqında çox cüzi informasiyaya malikdirlər. Nə qədər kədərli olsa da, rayonlarda hamilə qadınları müalicə edərkən mama-ginekoloqlar çox vaxt artıq istehsal edilməyən, anaya və uşağa teratogen təsiri səbəbindən hamiləlik dövründə istifadəsi qadağan olunmuş preparatlar təyin edirlər.

 

Amma embriotoksik təsirləri olmayan müasir antibakterial preparatlar (vilprofen, rovamitsin, azitromitsin, fansidar, ofloksatsin, pimafutsin, polijinaks və digərləri) var. Lakin bölgələrdə bu dərmanları hamı tanımır və həkimlər onlardan praktikada istifadə etmirlər.

 

Son illər həyatla uzlaşmayan inkişaf qüsurları ilə doğulan anomaliyalı uşaqların sayı kəskin artmışdır. Anensefaliya - beyinin olmaması ilə doğulan uşaqlara daha çox rast gəlinir. Bu dəhşətli faktların müxtəlif səbəbləri var, qüsurlar o cümlədən, hamilə qadınların yanlış müalicəsinin nəticəsidir.

 

Bundan başqa, biz aşkar etmişik ki, mama-ginekoloqlar təhlükəli viruslara qarşı səhvən zoviraks, herperaks, tsikloferon, qantsiklovir, foskarnet, brivudin kimi preparatlardan istifadə edirlər. Halbuki bəllidir ki, onların hamiləlik dövründə istifadəsi dölün inkişaf qüsurlarına səbəb olur.

 

Buna görə də, bizim mütəxəssislərin təhlükəsiz və effektiv immuno-korreksiyaedici terapiya barədə tövsiyələri çox vaxtında və önəmlidir. Belə ki, bu terapiya istifadəsinə hamiləliyin 12-həftəlik dövründən etibarən icazə verilən insan immunoqlobulini, immunovenin, timalin, T-aktivin, viferon şamları kimi müasir təhlükəsiz preparatların tətbiqini nəzərdə tutur.

 

Kədərləndirici haldır ki, Azərbaycanın rayonlarında mama-ginekoloqlar hamiləliyin ilk aylarından etibarən heç bir səbəb olmadan və nəzarətsiz qaydada uzunmüddətli vitamin terapiyası təyin edirlər. C, A, E və s. vitaminlərinin hamiləliyin ilk aylarında təhlükəli təsiri, döldə müxtəlif qüsurlara və uşaqsalmaya səbəb olması haqqında bizim informasiya-maarifləndirmə materialımızı oxuyanda, onlar heyrətləndilər və sarsıldılar.

 

Yeri gəlmişkən, anadangəlmə inkişaf qüsurlarından söhbət gedəndə, «Müqəssir kimdir?» sualı çox zaman cavabsız qalır. «Nə etməli?» sualına cavab axtarmaq daha doğru olardı. Odur ki, biz də bu sualı verdik və Bakıda, Sumqayıtda və Azərbaycanın rayonlarında həkimlər üçün treninqlər keçirdik. Bizim informasiya materialı treninq iştirakçılarında canlı maraq doğurdu. Onlar diskussiyalar aparır, çoxlu suallar verir, maraqlandıran məlumatları bloknotlarına qeyd edirdilər. Xüsusi informasiya bukletinin hamilə qadınların effektiv və təhlükəsiz müalicəsi bölməsində biz həkimlərə həqiqətən də lazımlı ola biləcək, məlumat hamilə qadınlar və döl üçün təhlükəsiz müasir konkret terapiya sxemi vermişik.

 

Biz əminik ki, həkim yanlışlıqlarının bir çoxu informasiya-təhsil və elmi-tibbi ədəbiyyatın yoxluğu üzündən baş verir. Bu səbəbdən həkimlərin, xüsusən də ölkənin rayonlarında işləyənlərin, öz peşə biliklərini təkmilləşdirmək imkanı yoxdur. Odur ki, bizim son elmi məlumatlar, müasir təhlükəsiz və effektiv müalicə metodları haqqında informasiya portfelimiz çox yerinə düşdü. Həkimlərdən əlavə, qrupumuz Şəki, Xaçmaz, Bakı və Sumqayıtda hamilə qadınlar və gələcək analar üçün xüsusi treninqlər də təşkil etdi.

 

«Sağlam körpə» təşəbbüs qrupunun hazırladığı xüsusi «Hamilə qadınlar üçün yaddaş» vəsaitinə treninq iştirakçıları böyük maraq göstərdilər.

 

Ümid edirik ki, gələcək anaların əldə etdikləri bu nəzəri və praktik biliklər onların öz sağlamlıqlarına və körpələrinə münasibətdə məsuliyyət hissini gücləndirəcək.

 

Layihə həkimlər və hamilə qadınlar arasında savadsızlığın ləğvinə imkan yaradan bu cür işlərin davam etdirilməsinə kəskin zərurət duyulduğunu bir daha sübut etdi. İnanmaq istərdik ki, bizim mama-ginekoloqlarla, eləcə də hamilə qadınların özləri ilə treninq və söhbətlərimiz boşuna getməyib.

 

Ümid edirik ki, onların öyrəndikləri məlumatlar həkim yanlışlıqlarının heç olmasa müəyyən dərəcədə azalmasına, müxtəlif dərman preparatlarının embriotoksik təsirindən doğan anadangəlmə anomaliyaların faizinin aşağı salınmasına imkan verəcək”, - deyə «Sağlam körpə» qrupunun alim-təbibləri sözlərinə yekun vurdular.

 

Dərmanlar dölə hamiləliyin bütün dövrlərində mənfi təsir edə bilər. Hamiləliyin birinci trimestrində (ilk üç ayında) isə dərman preparatlarının qəbul edilməsi xüsusilə arzuolunmazdır, çünki bu dövrdə uşağın orqanları və sistemlərinin yaranması və formalaşması baş verir.

 

Elə dərmanlar var ki, onların anadangəlmə qüsurlara səbəb olması dəqiq sübut olunmuşdur. Bir sıra preparatlar isə potensial təhlükəli hesab olunur, çünki onların dölə mənfi təsiri müəyyən əlverişsiz amillərlə əlaqədar üzə çıxır.

 

Hamiləlik zamanı aşağıda sadalananlar tamamilə əks göstərişlidir:

 

· Hormonlar, o cümlədən kontraseptivlər;

 

· Bəzi antibiotiklər (streptomisin, tetrasiklin);

 

· Antidepressantlar;

 

· Analgetiklər;

 

· Hipotenziv preparatlar;

 

· Sutkada 1000 BV-dən artıq dozada A vitamini.

 

Hamiləlik dövründə bəzi otlar da əks göstərişli ola bilər, o cümlədən xəndəkotu, senna, maqnoliya, dəvədabanı, ardıc hamiləlik zamanı qəbul edilməməlidir.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013