Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Harda olsan gələrəm…

30 iyun 2008

 

Harda olsan gələrəm…

 

DVAEM-in inspektorları ilk reydlər zamanı diqqətdən kənarda qalmış daha iki aptekə baxış keçirdilər

 

Ə.NURİ

 

«Əczaçılıq xəbərləri»nin ötən saylarında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) Binəqədi rayonu ərazisində yerləşən apteklərdə apardığı yoxlamaların nəticələri barədə ətraflı məlumat vermişdik. DVAEM-in inspektorları bu günlərdə ilk reydlər zamanı diqqətdən kənarda qalmış daha iki əczaxanada yoxlama apardılar.

 

Öncə Binəqədi şossesi, 4-də fəaliyyət göstərən 412 nömrəli aptekə baxış keçirildi. Məlum oldu ki, bu obyekt müvafiq normativ tələblərə qətiyyən cavab vermir. Bəzi kiçik nöqsanları bir kənara qoyaq, ən acınacaqlısı odur ki, burada nə standart ad asılqanı, nə aptek mebeli, nə qapalı şkaflar, nə də soyuducu var idi. Bütün preparatlar adicə taxtadan düzəldilmiş vitrinlərə yerləşdirilmişdi. Bu hələ harasıdır, inspektorlar hansı dərmana əl atdılarsa, oradan toz qalxdı! Bir sözlə, burada ciddi antisanitariya hökm sürürdü. Elə buna görə də aptekin müdiri İlham Məhiyədin oğlu İsmayılova qüsurları qısa müddətdə aradan qaldırmaq üçün rəsmi xəbərdarlıq olundu.

 

Qeyd edək ki, DVAEM-in əməkdaşları bu əczaxanada 10 adda (71 qutu) sertifikatsız dərman aşkar etdilər. Həmin preparatlar müvafiq akta əsasən müsadirə olundu.

İnspektorlar daha sonra Binəqədi şossesi, 6 ünvanında yerləşən 420 nömrəli aptekə (müdiri Təhminə Müslüm qızı Vəliyeva) baxış keçirdilər. Qeyd edək ki, bu aptekdəki şərait inspektorların bundan əvvəlki əczaxanada yaranmış pessimist əhval-ruhiyyəsini tamamən dəyişdi: Standart ad asılqanı, yaxşı təmir, xüsusi aptek mebeli, qapalı şkaflar, kondisioner, soyuducu və s. burada vəziyyətin qənaətbəxş olduğundan xəbər verirdi. Şərait baxımından yeganə çatışmazlıq isə hiqrometr və termometrin olmaması idi.

 

Dərmanlara gəldikdə isə bu aptek də digəri kimi “sudan quru çıxa bilmədi”. İnspektorlar buradan 7 adda (40 qutu) sertifikatsız preparat aşkarlayaraq müsadirə etdilər.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013