Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Helmintozlar haqqında nəyi bilmək lazımdır?

Helmintozlar müxtəlif parazit qurdların-helmintlərin törətdiyi və əhali arasında, xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklərdir. Ölkəmizdə insanlar arasında bu qurdların bir neçə növü (askarid, bizquyruq, tükbaş, öküz teniyası, exinokokk və s.) xəstəlik törədir.

 

Askarid qurdları 15-20 sm uzunluğunda olub, insanlarda askaridoz xəstəliyi törədir. İnsan bağırsağında 1 ilə qədər yaşayır. Bunların törətdiyi xəstəlik zamanı, ümumi zəiflik, qarın nahiyəsində ağrı, yatanda ağızdan su axması və dişləri biri-birinə sürtmə halları baş verir. İnsanlar askarid yumurtaları ilə əsasən çirklənmiş meyvə-tərəvəz, göyərti və su vasitəsi ilə yoluxurlar.

 

Bizquyruq qurdları 1-1,5 sm uzunluğunda nazik sapabənzər formada olur. Bu qurdlar insanlarda enterobioz xəstəliyi əmələ gətirir. İnsan bağırsağında 25-30 günə qədər yaşayır. Ən çox uşaqlar arasında müşahidə edilir. Bu xəstəlik nəticəsində xəstənin anus (oturacaq) nahiyəsində tez-tez qaşınma baş verir. Belə uşaqlar əsəbi olub, gecələr pis yatırlar. İnsanlar bu xəstəliyə əsasən, təmas vasitəsi ilə, yəni, bu qurdların yumurtaları ilə çirklənmiş məişət əşyaları və çirkli əllərlə yoluxurlar.

 

Askarid və bizquyruqla yoluxmuş uşaqlar boy və zehni cəhətdən zəif inkişaf edir, dərslərdən geri qalırlar.

 

Öküz teniyası lent şəkilli, 5-6 metr uzunluğunda olur. Bu qurdların törətdiyi xəstəliyə teniarinxoz, əhali arasında isə “kəpənək qurdu” xəstəliyi deyilir. Müalicə olunmadıqda insan bağırsağında uzun illər (10-20 il) qalaraq ağır fəsadlar törədir. Bu xəstəlik insanlara tam bişməmiş mal əti yedikdə yoluxur.

 

Exinokokk qurdları 3-5 sm uzunluğunda olub, insanlarda, əsasən qara və ağ ciyərlərin çox ağır exinokokkoz xəstəliyini əmələ gətirirlər. Bu qurdlar ev itlərinin, canavarların, çaqqalların və s. itlər ailəsinə aid olan vəhşi heyvanların bağırsağında parazitlik edirlər. Bu heyvanlar xırdabuynuzlu xəstə heyvanların (qoyun, keçi və s.) daxili orqanları ilə qidalandıqda yoluxurlar. İnsanlar isə belə vəhşi heyvanların ifrazatları ilə çirklənmiş meyvə- tərəvəz, göyərti, su və s. ilə yoluxurlar. Bu xəstəliyin müalicəsi yalnız cərrahi yolladır.

 

Müşahidələr göstərir ki, sanitar-gigiyenik rejimə və şəxsi gigiyena qaydalarına düzgün əməl olunmadıqda məktəbyaşlı uşaqlar arasında qurd xəstəliklərinə daha çox rast gəlinir.

 

Bu xəstəliklə mübarizədə əsas amil xəstəliyin profilaktikası və onun vaxtında aşkar edilib müalicəyə cəlb olunmasıdır.

 

Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Rostropoviç -Vişnevskaya Fondunun dəstəyi ilə bir neçə ildir ki, profilaktika məqsədilə respublikanın 47 rayonunda ildə 2 dəfə olmaqla 380 min nəfərdən çox I-VI - sinif şagirdləri arasında dehelmintizasiya tədbiri həyata keçirilir.

 

Qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Belə ki, mütəmadi olaraq dırnaqların artıq hissələri kəsilməli, hər dəfə ayaqyolundan sonra və yemək qəbulundan əvvəl əllər sabunla yuyulmalı, yataq ağları və alt geyimləri sabunlu suda və ya hər hansı yuyucu məhlullarda qaynadılmalı və ütülənməlidir. Meyvə-tərəvəz məhsulları və xüsusilə də göyərti yaxşı yuyulmalıdır. Bunun üçün istifadə olunacaq göyərtilərin bərk hissələrini (köklərini) kəsdikdən sonra onu axar su altında ilkin yuduqdan sonra xüsusi qaba yerləşdirmək üzərinə su əlavə edib xeyli müddət saxladıqdan sonra axar su altında təmiz yumaq lazımdır. Mal ətindən hazırlanmış xörəklər mütləq tam bişirilməlidir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013