Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə tədbirlər proqramı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 26 noyabr tarixli 224 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

1. Giriş

Hemofiliya - bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1300-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.

 

Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.

 

Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə, dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.

 

Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

 

"Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olmuşdur. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur.

 

Lakin buna baxmayaraq, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Belə ki, hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili, faktorlarla müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, artropatiyaların cərrahi reabilitasiyası üsullarının tətbi-qi həllini gözləyən məsələlərdir.

 

2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlmişdir.

 

2. Tədbirlər Proqramının maliyyələşdirilməsi

 

Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

3. Tədbirlər Proqramının məqsəd və vəzifələri

 

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

  • hemofiliyalı xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması;
  • hemofiliyanın fəsadlarının diaqnostikasının, müalicəsinin və profilaktikasının təkmilləşdirilməsi;
  • hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili.

 

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

 

Sıra № Tədbirin adı İcraçı təşkilatlar İcra müddəti
1. Hemofiliyalı xəstələrin müalicəsi
1.1 Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası üçün faktor preparatları ilə müalicənin və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2012
1.2 Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopik sinovektomiya, eləcə də oynaqların müasir endoprotezlərlə əvəz olunması əməliyyatlarının Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təşkili Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2012
1.3 Hemofiliyalı xəstələrə tibbi yardımın göstərilməsi üzrə rayonlararası kabinetlərin təşkil edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011
1.4 Hemofiliya üzrə kliniki protokolların, metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2012
1.5 Hemofiliyalı xəstələrin registrinin yaradılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011
2. Hemofiliyaya dair maarifləndirmə
2.1 Hemofiliyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3. Kadr hazırlığı
3.1 Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3.2 Hemofiliya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015

 

5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

 

Tədbirlər Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

  • hemofiliyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsi;
  • hemofiliyalı xəstələrin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması;
  • hemofiliya xəstəliyinin fəsadlarının və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013