Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2010-cu il ərzində görülmüş işlər barədə Hesabat

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən

2010-cu il ərzində görülmüş işlər barədə

HESABAT


  Respublika rəhbərliyinin sosial yönümlü siyasətinin təzahürü kimi  səhiyyəmizin  inkişafında son illər  əldə edilmiş dinamik inkişaf tendensiyası 2010-cu ildə daha sürətlə davam etdirilmiş, bu da öz növbəsində səhiyyənin bütün göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır.

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır.  Son beş ildə bu vəsait  8 dəfə artmış və 500 milyonluq həddi keçmişdir. Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaratmışdır.

 

Cari il ərzində Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır, nazirliyin yeni inzibati binası, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikası, M.Cavadzadə adına Respublika Klinik Uroloji  Xəstəxanası, Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq   Xəstəxanası, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 3 korpusları, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsi, Balakən Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmiş və müasir tibbi avadanlıq və inventarla təchiz olunmuşdur. Bunların əksəriyyətinin açılışında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  iştirak etmişdir.  

 

Yaxın günlərdə Sabirabad rayonunda Perinatal Mərkəz, Bakı şəhər 18 və 20 nömrəli poliklinikaları və digər səhiyyə müəssisələri təmirdən sonra ilk pasiyentlərini qəbul edəcəklər.

 Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Bakı şəhər  təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin avtoparkı ən müasir avadanlıq və cihazlarla təchiz olunmuş “Mersedes” markalı avtomaşınlarla tamamilə yeniləşdirilmişdir. Hazırda bu iş digər şəhər və rayonlarda da davam etdirilir.  Bakı şəhərində təcili və təxirəsalınmaz tibbi xidmətin təşkili bir sıra ölkələr tərəfindən yüksək qiymətləndirilərək bu təcrübənin tətbiqinə maraq göstərilmişdir.      

 

Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə  tam gücü ilə işləməyən, özünü doğrultmayan,  binaları bərbad vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi,  çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində islahatlar rayonlar üzrə artıq başa çatdırılmışdır. 

         Aparılan islahatlar nəticəsində respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55%, stasionarların sayı 50%-dək azaldılmışdır.

Hazırda Bakı və digər şəhərlər üzrə bu iş davam etdirilir.

 

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatının yaxşılaşdırılması istiqamətində də işlər görülmüşdür.

Bakı şəhərində fəaliyyət göstərən 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi xəstəxanaların ərzaq və zəmanətli paketə daxil olan dərmanlarla təminatını tam ödəyir.  Bu ildən  xəstələrə pəhriz yeməkləri də verilir.  

 

Həyata keçirilən tədbirlər nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artmışdır və bu tədbirlər stasionar xidmətin göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır.

 

Bununla bərabər xəstəxanalarda müalicə olunan, təcili tibbi yardım göstərilən xəstələrin və ambulator müraciətlərin  sayı  da  artmışdır.

 

Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla davam etdirilmişdir. Proqramların icrasına 5 il ərzində 200 milyon  manata yaxın  büdcə vəsaiti sərf olunmuşdur. Fərəhləndirici haldır ki, səhiyyənin prioritet sahələri olan  şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası  üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

 

Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi,  böyrək çatışmazlığı və s.   xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış,   ölüm hallarının sayı azalmışdır.

 

Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı  2 dəfədən çox artmış və 118 mini  keçmişdir.

 

Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enmişdir.

 

Onkoloji xəstəliklərin aşkarlanması da yaxşılaşmışdır.  Bununla bərabər bu xəstəlikdən ölüm azalmışdır.

 

Hazırda  respublikanın şəhər və  rayonlarında fəaliyyət göstərən 21 dializ mərkəzində  1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar.

 Uzun illərdən bəri mövcud olan  növbə demək olar ki, ləğv edilmişdir.   

 

Ana və uşaqların  sağlamlığının qorunması dövlət proqramı ilə   nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Qısa müddət ərzində doğuşayardım xidmətinin fəaliyyətini tənzimləyən bir çox sənədlər hazırlanmış,  seminarlar, təlimlər keçirilmişdir. Görülən tədbirlərin nəticəsi olaraq uşaq və ana  ölümü   göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir.

 

Ötən il ərzində qan xidmətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.   

 

Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

 

Qan xidməti sahəsində qısa müddət ərzində müsbət istiqamətdə köklü dəyişiklərə təkan verən “Qan xidməti müəssisələrinin şəbəkəsinin optillaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmr və “Tədarük olunan qanın laborator müayinəsinin təşkili barədə”   sərəncam imzalanmışdır. B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun və Mərkəzi Qan Bankının rəhbərliyi möhkəmləndirilmiş,  tədarük olunan qanın qeydiyyatı, qan komponentlərinin buraxılışı məsələləri nizamlanmışdır.   Qan komponentlərinin   tibb müəssisələrinə çatdırılması üçün instituta 2 ədəd avtomaşın ayrılmışdır.  

 

Respublikanın şəhər və rayonlarında Mərkəzi Qan Bankının 3 bölməsindən (Gəncə, Şəki və Quba) əlavə daha 5 (Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran)  bölməsi yaradılmışdır.  

Qısa müddət ərzində bütün qan bölmələri lazımi cihaz və avadanlıqlarla təmin olunmuşlar.

 

Cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər ərzində bu sahədə nəzərə çarpan  müsbət dinamika mövcuddur.  

Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır.

 

Müasir müalicə üsulu hesab edilən miniinvaziv cərrahiyyə əməliyyatlarının,  mürəkkəb və rekonstruktiv xarakterli əməliyyatların sayı da ilbəil artır.

Əməliyyatların sayının artmasına baxmayaraq,  istər planlı, istərsə də təcili əməliyyatlardan sonra ölüm halları azalmışdır.

 

Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən stasionar cərrahiyyə xidmətinin, eləcə də uşaq cərrahiyyəsinin vəziyyətinin təhlili aparılmış, mövcud nöqsanların aradan qaldırılması və xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.

 

Bu,  xəstələrin hospitalizasiyası, xəstəxanaların müasir avadanlıqla təminatı, mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi və cərrahi xidmətinin təşkili ilə bağlı məsələləri əhatə edir.

Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda  sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.

 

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olub. Bu müəssisələrdə əhaliyə  tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti  Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.  Fəaliyyətdə olan və yeni yaradılan özəl müəssisələrinin   qəbul olunmuş tələblərə cavab verməsinə ciddi nəzarət təmin edilmişdir. Standartlara cavab verməyən  bir sıra  müəssisələrə lisenziya verilməsinə imtina edilmiş, əczaçılıq fəaliyyəti ilə məşğul olan 71 müəssisənin fəaliyyəti dayandırılmışdır.

 

Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir.   

 

Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan  xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də azalma qeyd olunmuşdur. 

 

Yoluxucu xəstəliklər üzərində epidemioloji monitorinqin təmin edilməsi məqsədilə Elektron Müşahidə Sisteminin  tətbiqinə başlanılmışdır.

 

Profilaktik peyvənd təqviminə əsasən respublika üzrə uşaqların immunlaşdırılması yüksək səviyyədə həyata keçirilmişdir.

 

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi  nəticəsində xəstələnmə səviyyəsi stabilləşmiş və cari ildə keçən illə müqayisədə 35% azalmışdır.   

 

Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə Dövlət  Proqramı  və Milli Strategiya qəbul edilmişdir. Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər  həyata keçirilmişdir.

 

Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində Xüsusiləşdirilmiş  xəstəxana istifadəyə verilmişdir. Bundan əlavə Quba, Zaqatala, Masallı rayonlarında da bu məqsədlə xəstəxanaların tikintisi və təmiri həyata keçirilmiş, onların nəzdində mikrobioloji laboratoriyalar da yaxın günlərdə fəaliyyətə başlayacaqdır.

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və bu ilin aprel ayında  Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilmiş qaydada gətirilən bəlğəm nümunələrin  bakterioloji müayinəsi təşkil edilmişdir.

Bütün bunların nəticəsində  vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, 2010-cu ildə vərəmin erkən aşkarlanması 29% artmış, ilkin xəstələrdə  Bk (+) səviyyəsi 41%-ə çatmışdır. Vərəmdən ölüm səviyyəsi də azalmışdır.   

 

Bu ilin yazında Kür və Araz çaylarının daşma zonalarında aparılan operativ profilaktik tədbirlər nəticəsində epidemiya təhlükəsinin qarşısı alınmışdır. Təbii fəlakət zonasında ilk günlərdən operativ şəkildə səyyar səhiyyə xidməti yaradılmış və ehtiyacı olanların hamısına tam həcmdə tibbi yardım təmin edilmişdir. Bu dövrdə  səhiyyə orqanlarının fəaliyyəti geniş  ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdir.  

 

Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr  islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

 

Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.

Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaqdır.

 

Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq  gələn ildən rezidentura sisteminə keçid də planlaşdırılır. 

Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilmişdir. 2010-cu ildə məzunların  80%-nə bölgələrə təyinat verilmişdir.  

 

Cari ildə 128 azərbaycanlı tibb işçisi xarici ölkələrin aparıcı klinikalarında təkmilləşdirmə kurslarında ixtisaslarını artırmışdır.

 

Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. Son 5 il ərzində tibb işçilərinin maaşları 5 dəfə artırılmışdır. 2010-cu ildə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səhiyyə müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları artırılmışdır. 

2010-cu ildə  28 tibb işçisinə “Əməkdar həkim”,  10 nəfər – “Əməkdar elm xadimi”,  24 nəfər – “Əməkdar müəllim” fəxri adları verilmiş, 6 nəfər - “Şöhrət” ordeni,  32 nəfər  “Tərəqqi” medalı ilə təltif edilmişlər.

 

Səhiyyə sahəsində son illər ərzində qazanılmış  nailiyyətlər  Azərbaycan səhiyyəsinin  beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur.

 

Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq Təşkilatı  ölkələrinin Səhiyyə Nazirlərinin Birinci İclası bu ilin fevral ayında Bakıda keçirilmiş və Bakı Deklarasiyası qəbul edilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin cari ildə Moskva şəhərində keçirilən 60-cı sessiyasında 61-ci Sessiyasının 2011-ci ildə Bakıda keçirilməsi haqqında müvafiq qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013