Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Heydər Əliyevin 85 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi

21 may 2008

 

Heydər Əliyevin 85 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi

 

Ü. FƏRZƏLİYEVA

 

Azərbaycan Tibb Universitetində ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Səhiyyə Nazirliyi ilə bu təhsil ocağının birgə elmi-praktik konfransı keçirildi.

Konfransı giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev bəşəriyyətin yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olan dünya şöhrətli siyasətçi Heydər Əliyevin 85 illik yubileyinin bütün xalq tərəfindən qeyd olunduğunu dedi. Dahi liderin Azərbaycanda rəhbərlik etdiyi 30 illik müddət ərzində ölkədə bütün sahələrin inkişafı üçün çalışdığını və uğurlu nəticələr əldə edildiyini bildirdi: «Bu sahələrdən biri də səhiyyədir. Müstəqil Azərbaycanın yaradıcısı olan Heydər Əliyev səhiyyə sahəsinin inkişafı istiqamətində də çox işlər görüb. Onun Respublikamıza rəhbərliyi dövründə əvvəllər çox bərbad vəziyyətdə olmuş tibb müəssisələri əsaslı təmir edilib, yeni səhiyyə ocaqları tikilib, onlar müasir tibb avadanlıqları və aparatlarla təmin edilib”. Nazir qeyd etdi ki, ulu öndər yeni tipli bu tibb müəssisələrində çalışmaq üçün yüksək ixtisaslı tibb kadrlarının tələb olunduğunu çox gözəl bilirdi: “Məhz ona görə uzaqgörən siyasətçi həm tibb elminin yüksək səviyyədə inkişafı, həm də milli tibb kadrlarının hazırlanması üçün böyük səy göstərirdi. 1970-1980-ci illərdə bir qrup gənc Azərbaycan həkim və alimlərinin Moskva və digər şəhərlərə təhsillərini davam etdirmək üçün göndərilməsi bu səyin nəticəsi idi. Belə diqqət və qayğı səhiyyə sahəsində yeni uğurların qazanılmasına gətirib çıxarırdı».

 

Səhiyyə naziri sovet dövründə ölkədə çox geniş yayılan malyariya, difteriya, vərəm və s. kimi yoluxucu xəstəliklərin qarşısının alınmasında da ümummilli liderin çox böyük xidmətlərinin olduğunu vurğuladı: «Heydər Əliyev uzaqgörən siyasətçi kimi profilaktik tədbirlərin önəmini və ilkin tibbi xidmətin gücləndirilməsinin əsas şərtlərdən biri olduğunu bilirdi və bu istiqamətdə tədbirlər həyata keçirirdi. İnsanların sağlamlığının sahə həkimlərindən asılı olduğunu deyirdi. Təsadüfi deyil ki, sahə həkimlərinin ilk qurultayı məhz onun rəhbərliyi dövründə Bakı şəhərində keçirilib. Ümumiyyətlə, Heydər Əliyevin səhiyyənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar və irəli sürdüyü ideyalar ölçüyəgəlməzdir və bütün zamanlar üçün dəyərlidir».

 

O.Şirəliyev bu gün Prezident İlham Əliyevin ümummilli liderin siyasi kursunu uğurla davam etdirdiyini və genişləndirdiyini dedi: «Səhiyyənin müxtəlif sahələrinə aid yeni Dövlət Proqramları qəbul edilib və həyata keçirilir, ölkənin elmi-tibbi potensialı gücləndirilir, bütün ölkə ərasizində, hətta ucqar regionlarda yeni tibb müəssisələri tikilir, xəstəxana və poliklinikalar əsaslı təmir edilir». Səhiyyə naziri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə respublikamızda 15-ə qədər yeni tikilmiş və ya əsaslı təmir edilmiş tibb müəssisəsinin açılacağını vurğuladı.

Sonra ümummilli lider Heydər Əliyevin gərgin və səmərəli fəaliyyətini əks etdirən qısa film nümayiş etdirildi.

 

Konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov öncə bütün xalqı, o cümlədən tibb ictimaiyyətini bu tarixi gün münasibətilə təbrik etdi. Sonra ümummilli liderin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ictimai-siyasi sabitliyin qorunması istiqamətində apardığı məqsədyönlü siyasət haqqında danışdı. Ə.Əmiraslanov ulu öndərin elm, təhsil, səhiyyə sahələrinə xüsusi diqqət yetirdiyini dedi: «Dahi rəhbər bildirirdi ki, elmi olmayan ölkənin gələcəyi yoxdur. Məhz bu devizə uyğun olaraq da fəaliyyət göstərirdi. Onun tərəfindən Azərbaycan Tibb Universitetinin inkişafı istiqamətində atılan addımlar bunu sübut edir».

 

Rektor bu önəmli günün qeyd edildiyi məkanın - Tibb Universitetinin yeni tədris korpusunun da ulu öndərin əməyinin bəhrəsi olduğunu dedi. O, Heydər Əliyevin Azərbaycan müstəqillik qazandıqdan sonra 2 dəfə ATU-da olduğunu və çox dəyərli nitq söylədiyini, bütünlükdə ölkə əhalisinin rifahı üçün tibb təhsilinin xüsusi əhəmiyyət daşımasını önə çəkdiyini vurğuladı.

 

Konfransda çıxış edən Səhiyyə Nazirliyinin kollegiya üzvü, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova 85 illik yubileyi qeyd edilən ümummilli liderin apardığı siyasətin mühüm istiqamətlərindən birinin məhz səhiyyənin möhkəmləndirilməsi və inkişafı olduğunu dedi: «Həkim sənətinə böyük məhəbbət və hörmətlə yanaşan, ölkənin inkişafının və çiçəklənməsinin bünövrəsini insanların rifahı və sağlamlığında görən Heydər Əliyev daim xalqın səhhəti haqqında düşünür və onun qayğısına qalırdı. O, ölkə səhiyyəsində islahatların aparılmasına xüsusi önəm verirdi. Qısa vaxt ərzində ulu öndərin bilavasitə iştirakı ilə ölkədə bir sıra səhiyyə ocaqlarının – urologiya xəstəxanasının, diaqnostika mərkəzinin, neyrocərrahiyyə mərkəzinin, toksikoloji mərkəzin, ailə planlaşdırması mərkəzinin və sair tibb müəssisələrinin yaradılması və əhalinin istifadəsinə verilməsi də deyilənlərin sübutudur».

 

H.Qədirova Heydər Əliyevin müstəqillik dövründə səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunverici bazanın yaradılması və təkmilləşdirilməsi işinə start verməsindən də danışdı: “Qısa dövr ərzində - 1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar, o cümlədən, əhalinin sağlamlığının qorunması haqqında, vərəmlə mübarizə, qan donorluğu, HİV/AİDS-in yayılmasının qarşısının alınması haqqında və digər proqramlar qəbul edildi».

 

Kollegiya üzvü Azərbaycanın müasir tarixinin otuz ildən artıq bir dövrünün Heydər Əliyev şəxsiyyəti və onun çoxsahəli fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu dedi: «Ümumiyyətlə, bu gün Azərbaycan səhiyyəsinin tarixini, səhiyyədə baş verən dəyişikliklər və yüksəlişləri nəzərdən keçirərkən, cəsarətlə deyə bilərik ki, Azərbaycanda səhiyyənin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır».

Konfransda çıxış edən ATU-nun “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Əkrəm Zeynalov ümummilli liderin Azərbaycanın inkişafı yolunda atdığı tarixi addımlardan, Azərbaycan dövlətçiliyi tarixində onun tutduğu yerdən danışdı.

 

Sonra elmi-praktik konfrans öz işini bölmə iclasları ilə davam etdirdi.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013