«İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları»nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasinin Nazirlər Kabineti
Qərar № 123 / 11.08.2009-cu il
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)»nın «İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)»nın 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
1. «İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmişdir.
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi qaydalari
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)»na uyğun olaraq hazırlanmışdır və insan alveri qurbanları (bundan sonra - qurbanlar) ilə bağlı milli istiqamətləndirmə mexanizminin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədləri qurbanların hüquqlarının qorunmasını və onların aidiyyəti quruma təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, sosial reabilitasiyasını təmin edəcək səmərəli sistemin yaradılması və bu sahədə qaydaların formalaşdırılmasıdır.
1.3. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:
- 1.3.1. qurbanların hüquq və azadlıqlarının təmin edilməsi;
- 1.3.2. qurbanlar haqqında məlumatların konfidensiallığının təmin edilməsi;
- 1.3.3. müdafiə və sosial reabilitasiya tədbirlərinin tətbiqində qurbanların bərabərliyinin təmin edilməsi;
- 1.3.4. qurbanların ehtiyaclarına uyğun müdafiə və sosial reabilitasiya tədbirlərinin fərdiliyinin təmin edilməsi;
- 1.3.5. dövlət orqanları və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi;
- 1.3.6. regional və beynəlxalq əməkdaşlığın səmərəliliyinin təmin edilməsi.
2.1. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiya yaradılır.
2.2. İdarələrarası komissiyanın tərkibi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət olur.
2.3. İdarələrarası komissiya insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirir.
2.4. İldə bir dəfədən az olmayaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun (bundan sonra - Milli Koordinator) yanında idarələrarası komissiyanın iclası keçirilir. İclasda İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi sahəsində idarələrarası komissiya tərəfindən görülmüş işlər təhlil və müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur. İdarələrarası komissiyanın iclaslarına insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri dəvət edilə bilər.
2.5. İdarələrarası komissiya müvafiq iş qaydasını müəyyən edir.
2.6. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin peşəkarlığının, bilik səviyyəsinin artırılması məqsədi ilə mütəmadi olaraq treninq və təlimlər təşkil olunur.
3.1. Qurbanlar pulsuz hüquqi yardım almaq hüququna malikdirlər. Qurbanlar pulsuz hüquqi yardım və bu yardımı göstərən təşkilatlar barədə xüsusi polis qurumu və qeyri-hökumət təşkilatlarından məlumat alırlar.
3.2. Qurbanlara göstərilən hüquqi yardımın maliyyələşdirilməsi məqsədi ilə qrantlar verilməsi üçün Milli Koordinator Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edə bilər.
3.3. Qurbanlara pulsuz tibbi yardımın göstərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təşkil edilir. Qurbanların hər hansı tibbi müayinəsi qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız onların razılığı əsasında həyata keçirilir.
Tibbi yardım göstərilərkən qurbanların zəruri tibbi ehtiyacları tam ödənilməli, hər biri ilə nəzakətlə davranılmalıdır.
3.4. Qurbanların psixoloji yardıma ehtiyacları təmin edilməlidir.
3.5. Qurbanlara tibbi və psixoloji yardımlar göstərilərkən onlar haqqında konfidensial məlumatları toplama və yayma yolverilməz olmaqla, belə hərəkətlərin cinayət əməli kimi qiymətləndirilməsi nəzərə alınmalıdır.
3.6. Qurbanlar kompensasiya almaq, cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia qaldırmaq hüququna malikdirlər.
3.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzdində yaradılan İnsan Alveri Qurbanlarına Kömək Fondu (bundan sonra – Kömək Fondu) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qurbanlara kompensasiya ödənilir. Kompensasiya zərərçəkmişin hüquq mühafizə orqanları ilə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq ödənilir.
3.8. İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına, bu əmlak kifayət etmədikdə isə məhkəmənin qərarına əsasən Kömək Fondunun vəsaiti hesabına ödənilir.
3.9. Kömək Fondu tərəfindən kompensasiyanın ödənilməsi sonradan qurbanın cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödətdirilməsini tələb etmək hüququnu məhdudlaşdırmır.
3.10. Kompensasiya qurbanın öz istəyi ilə bank əməliyyatları vasitəsilə və ya nağd pulla ödənilir.
3.11. İnsan alveri qurbanlarının müdafiəsi üçün yaradılmış xüsusi müəssisələr qurbanların hüquqlarının müdafiəsini təmin edən vasitələrdən biridir. Xüsusi müəssisələr insan alveri qurbanlarına yardım mərkəzlərindən və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlardan ibarətdir. Yuxarıda göstərilən xüsusi müəssisələr «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş «İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları»na uyğun olaraq fəaliyyət göstərirlər.
4.1. Şəxsin insan alverindən zərər çəkməsi ehtimal olunduqda, yaxud insan alveri cinayətinin hazırlanması və ya törədilməsi digər qurumlar tərəfindən aşkar edildikdə, qurbanların təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardımın göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması məqsədi ilə bu barədə xüsusi polis qurumuna dərhal məlumat verilməlidir.
4.2. İnsan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanları müəyyən edildikdən sonra onların müraciətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək, 24 saatdan gec olmayaraq, şəxsin xüsusi polis qurumuna təhvil verilməsi üçün təxirəsalınmaz tədbirlər görülməklə, onun müvafiq sənədləri həmin quruma təqdim edilir və lazımi köməklik göstərilir.
4.3. İnsan alveri cinayəti qurbanlarının və ehtimal olunan qurbanların müəyyən edilməsi və xüsusi polis qurumuna təhvil verilməsi prosesində onların hüquq və azadlıqları pozulmamalı, şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verilməməli, hər biri ilə nəzakətlə davranılmalıdır.
4.4. İnsan alveri cinayətinin qurbanları, ehtimal olunan qurbanlar və onlar barədə müvafiq sənədlər yalnız xüsusi polis qurumunun növbətçisinə təhvil verilir.
4.5. Qurbanların və ya ehtimal olunan qurbanların başqa polis qurumuna, yaxud hüquq mühafizə orqanına təhvil verilməsi qadağandır.
Qurbanların təhlükəsizliyinin təmin edilməsi insan alverinə qarşı mübarizənin əsas prinsiplərindən biri olmaqla, «İnsan alverinə qarşı mübarizə haqqında» və «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
6.1. Qurbanların sosial reabilitasiyası onların xahişi əsasında «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xüsusi müəssisələr tərəfindən (qurbanların müvəqqəti yaşaması üçün sığınacaqlar, qurbanlar üçün yardım mərkəzləri) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə və «Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)» nda nəzərdə tutulmuş digər aidiyyəti orqanlarla, habelə bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
6.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən yardım mərkəzləri tərəfindən qurbanların reabilitasiyası, həmçinin cəmiyyətə reinteqrasiyası üçün müvafiq fərdi planlar hazırlanır.
6.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-hökumət təşkilatları ilə birlikdə qurbanların əmək bazarına inteqrasiyasını təmin etmək məqsədi ilə müvafiq tədris proqramları hazırlayıb aidiyyəti qurumlar vasitəsilə həyata keçirirlər.
6.4. Qurbanların sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və qurbanlara hüquqi yardım göstərilməsi, onların təhsilini davam etdirməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini özündə ehtiva edir.
6.5. Qurbanların sosial reabilitasiyası həyata keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılması, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.
6.6. Qurbanların sosial reabilitasiyası həyata keçirilərkən onların, xüsusən uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri təhlükəsiz sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınmalıdır.
6.7. Qurbanların sosial reabilitasiyası Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
6.8. Qurbanların cəmiyyətə reinteqrasiyasına qeyri-hökumət təşkilatları cəlb edilə bilər.