Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısını təsdiq etsin;

 

- həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan və (və ya) toxumaların transplantasiyasının qaydaları və şərtlərini, habelə onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını təsdiq etsin;

 

- həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydalarını təsdiq etsin;

 

- bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

 

- öz səlahiyyətləri daxilində «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki, «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində, 4-cü maddəsinin ikinci hissəsində, 6-cı maddəsinin ikinci və üçüncü hissələrində və 7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 yanvar 2000-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013