Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İnsanın psixoloji vəziyyəti dişlərə təsir edir

16 fevral 2008

 

Alimlər müəyyən ediblər ki, dişlərin və damaqların sağlamlığı xeyli dərəcədə insanın psixoloji vəziyyətindən asılıdır. Daimi stresslər, uzunmüddətli depressiya və həyəcan, tənhalıq hissi cox vaxt parodontun xəstəlikləri ilə müşayiət olunur ki, onlar da bir sıra hallarda dişlərin itirilməsinə səbəb olur.

 

Parodont dişi əhatə edən və onun çənə sümüyündə fiksasiyasını təmin edən toxumalar kompleksidir. Parodontun ən geniş yayılmış xəstəlikləri gingivit, parodontit və parodontozdur. Bu xəstəliklərin xarakterik əlamətləri damaqların tez-tez qanaması, ağızdan xoşagəlməz iy gəlməsi, dişlərin laxlaması, ağır hallarda hətta onların tökülməsidir.

 

Amerika periodontologiya akademiyasının alimləri son 16 il ərzində apardıqları tədqiqatlarının nəticələrini açıqlayıblar. Məlum olub ki, bu nəticələrin 57 faizi parodont xəstəliklərinin inkişafının psixoloji amillərdən birbaşa asılılığının olmasını təsdiq edir. Bu psixoloji amillər sırasında yüksək həyəcanlılıq səviyyəsi, depressiya, güclü tənhalıq hissi, xroniki stress vəziyyətinin adları çəkilir.

 

Tədqiqatçılar güman edirlər ki, psixoloji amillərlə parodont xəstəlikləri arasındakı əlaqə stress hormonu adlandırılan kortizolun təsirindən irəli gəlir. Bu hormonun səviyyəsinin yüksəlməsi parodont xəstəlikləri üçün səciyyəvi olan əlamətlərin üzə çıxmasına, damaqların və çənə sümüklərinin zədələnməsinə səbəb olan amillərdən biri kimi çıxış edə bilər.

 

Bundan əlavə, ağır stress keçirən insanlarda davranışın, adət etdikləri yaşam tərzinin dəyişməsi də müəyyən rol oynaya bilər: “Belə vəziyyətdə insanlar ağız boşluğunun gigiyenasına daha az diqqət yetirir, alkoqoldan, nikotindən və dərmanlardan istifadəni artırırlar. Bunlar da parodont xəstəliklərinin artmasına təsir edir”, - deyə Amerika periodontologiya akademiyasının prezidenti Preston Miller qeyd edib.

 

Mənbə: www.superstyle.ru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013