Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 060 / 09.04.2009-cu il

 

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin müddəti 2010-cu il yanvarın 1-dək uzadılsın.

 

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

4. Bu qərar 2009-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubov

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013