Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI

TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI

 

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
"08" sentyabr 2010-ci il tarixli 69 №-li əmri ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında" 09.01.2004-cü il tarixli 2 nömrəli qərarına uyğun olaraq hazırlanmış, büdcədən maliyyələşdirilən səhiyyə  müəssisə, idarə və təşkilatlarında tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən rəhbər (həkim, provizor və digər tibb ixtisası tələb olunan), həkim, provizor və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə (bundan sonra ismin müvafiq halında "tibb işçiləri" adlandırılacaq) ixtisas dərəcəsinin verilməsi qaydalarını müəyyən edir.

 

1.2. Tibb xidmət sahəsindəmyüksək iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçilərinə ali, birinci  və ikinci ixtisas dərəcəsi verilir. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasının nəticələrinə uyğun olaraq müəyyən edilir.

 

2. İxtisas dərəcəsinin verilməsinə qoyulan tələblər

 

2.1 Səhiyyə müəssisələrində çalışan və ixtisası üzrə əmək stajı beş ildən az olmayan ali və orta təhsilli tibb işçiləri ardıcıllıqla (ikinci, birinci, ali) ixtisas dərəcəsini almaq hüququna malikdirlər.

 

2.2. İxtisas dərəcəsini almaq üçün tibb işçiləri sertifikasiya təqdim etdikləri sənədlər ilə yanaşı müəssisənin möhürü və rəhbərin imzası ilə təsdiq edilmiş ixtisası üzrə 5 illik fəaliyyəti haqqında hesabatı və xasiyyətnaməni təqdim etməlidirlər.

 

2.3. Tibb işçilərinə ixtisas dərəcəsinin  verilməsi  haqqında  qərar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən tibb işçilərinin sertifikasiyasının müsahibəsini aparan İxtisas Komissiyalarının rəyi əsasında qəbul edilir.

 

2.4. İxtisas  Komissiyanın üzvləri tərəfindən   praktik tibb  və  ya  əczaçılıq  fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçən tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi məqsədi ilə səhiyyə mütəxəssisinin beş il ərzində ixtisası üzrə fəaliyyəti barədə hesabatı ilə tanış olaraq, onların ixtisasına aid praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir.

 

2.5. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə İxtisas Komissiyası tərəfindən rəy hazırlanarkən onların mövcud ixtisas dərəcəsinin təsdiq və ya dəyişdirilməsi barədə Nazirlik qarşısında vəsatət qaldırılır.

 

2.6. İxtisas dərəcələrinin verilməsi aşağıda qeyd olunan meyarlara əsasən müəyyən edilir:

- II ixtisas dərəcə: ixtisası üzrə 5 il stajı olan, tutduğu vəzifədə ixtisası üzrə sərbəst fəaliyyət göstərən, mütəxəssis kimi iş yerindən müsbət xarakterizə ounan;

- I ixtisas dərəcə: ixtisası üzrə 10 ildən artıq stajı olan, ixtisası üzrə sərbəst fəaliyyət göstərən, ixitsasına aid müxtəlif tədbirlərdə iştirak edən, mütəxəssis kimi iş yerindən müsbət xarakterizə ounan;

- ali dərəcə: ixtisası üzrə 15 ildən artıq stajı olan, ixtisasına uyğun yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərməyə bacarığı olan, elmi-praktiki konfranslarda iştirak edən,  mütəxəssis kimi iş yerindən müsbət xarakterizə ounan.

Ixtisas komissiyası tərəfindən namizədin tibbi fəlsəfə doktoru və ya tibb elmlər doktoru elmi dərəcəsi olması, rezidenturanı bitirilməsi, elmi məqalələrin dərc edilməsi nəzərə alınır.

 

2.7.    İxtisas Komissiyaları tərəfindən verilən rəy müvafiq formada (əlavə 1)  hazırlanır və komissiyanın sədri, katibi və üzvləri tərəfindən imzalanır və təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə müvafiq formada ixtisas dərəcəsi barədə Şəhadətnamə (əlavə 2) verilir.

 

2.8.   Tibb işçilərinə ixtisas dərəcəsi beş il müddətinə verilir.

 

3. İxtisas dərəcəsinə görə əlavə haqq

 

3.1. İxtisas dərəcəsi olan tibb işçisinə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

   -ali ixtisas dərəcəsinə görə - vəzifə maaşının 25 faizi miqdarında;                                 

   -birinci ixtisas dərəcəsinə görə - vəzifə maaşının 15 faizi miqdarında;                          

   -ikinci ixtisas dərəcəsinə görə - vəzifə maaşının 10 faizi miqdarında.

 

3.2.  İxtisas dərəcəsinə görə əlavə haqq ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən asılı olmayaraq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə (sonuncu ay tam nəzərə alınmaqla) ixtisas dərəcəsinin alındığı növbəti aydan başlayaraq ödənilir.

İş yerini dəyişən tibb işçisinin ixtisas dərəcəsi saxlanılır.

 

4. Yekun müddəalar

 

4.1. İxtisas dərəcəsinin verilməsi ilə əlaqədar mübahisəli məsələlərə qanunvericiliyə müvafiq qaydada məhkəmədə baxılır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013