Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 119 / 05.08.2009-сu il

 

Respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasını həvəsləndirmək, tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. Respublikanın kənd rayonlarında yerləşən səhiyyə müəssisələrinin tibbi kadr tələbatını ödəmək məqsədi ilə dövlət ali və orta ixtisas məktəblərini tibbi ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 33 manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq qurumlarla birlikdə onlara lazımi mənzil-məişət şəraitinin yaradılmasına, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və kreditlərin verilməsinə köməklik göstərilsin.

 

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən tibb müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına 66 manat məbləğində əlavələr ödənilsin.

 

2. Tibbi profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrini bitirərək, ciddi kadr tələbatı olan bölgələrdə əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin.

 

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

 

3.1. 2010-2014-cü illər üçün səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə İnkişaf Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

 

3.2. gənc mütəxəssislər üçün lazımi əmək şəraitinin yaradılması məqsədi ilə səhiyyənin yerli qurumlarının fəaliyyətini gücləndirsin, bu kateqoriyadan olan işçilərə yerlərdə diqqət və qayğını artırsın, müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirsin.

 

4. Bu qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013