Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Keşəli sağlamliğin keşiyini çəkir

21 may 2008

 

Son illər səhiyyənin çox vacib sahələrindən olan əczaçılıq xidmətinin təkmilləşdirilməsi istiqamətində ciddi uğurlar əldə edilib. «Dərman vasitələri haqqında» Qanunun qəbul olunması, Səhiyyə Nazirliyi tərəfindən həmin qanundan irəli gələn məsələlərin həlli istiqamətində lazımi addımların atılması, dərman vasitələrinin qeydiyyatı ilə əlaqədar normativ sənədlərin təsdiqi və s. məhz bu uğurların göstəricisidir.

 

Qeyd edək ki, əldə edilən nailiyyətlər Azərbaycanda əczaçılıq şirkətlərinin fəaliyyətində də özünü göstərir. Bu gün ölkəmizdə təkcə xarici deyil, milli əczaçılıq şirkətləri dəyüksək səviyyədə fəaliyyətdədir. Belə şirkətlərdən biri artıq 6 ildir Respublikamızda aparıcı əczaçılıq şirkətləri ilə rəqabətə davam gətirə bilən və ilbəil inkişaf edən «Keşəli MMC»dir.

 

«Keşəli MMC»nin fəaliyyəti haqqında daha ətraflı şirkətin prezidenti Razim İsayevlə danışdıq.

 

- Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə dərman təminatı ilə bağlı müəyyən problemlər, dərman qıtlığı var idi. Dərmanla mərkəzləşdirilmiş təminat sistemi pozulmuşdu. Məhz bu vəziyyəti və insanların keyfiyyətli dərman preparatlarına ehtiyacını nəzərə alaraq, «Keşəli» dərman şirkətini yaratmaq qərarına gəldik. Şirkətimiz rəsmi olaraq 2002-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyatından keçdi.

 

«Keşəli MMC» respublika əhalisini dünyanın məşhur şirkətlərinin istehsal etdiyi keyfiyyətli dərman preparatları ilə təmin etmək məqsədi ilə yaradıldı.

Şirkətimiz təkcə Bakı şəhərində deyil, Azərbaycanın bütün şəhər və rayonlarında fəaliyyət göstərir. Quba, Gəncə, Lənkəran, Şəki və Zaqatalada regional ofislərimiz var. Təxminən 1000-1500 apteklə bilavasitə əməkdaşlıq edirik.

 

- Şirkətiniz əsasən hansı ölkələrin dərman firmaları ilə əməkdaşlıq edir? Ümumiyyətlə, partnyor seçərkən nəyə üstünlük verirsiniz?

 

- Şirkətimizin ən üstün cəhətlərindən biri məhz partnyor seçimini düzgün etməsidir. Biz fəaliyyətə başladığımız ilk dövrlərdən etibarən beynəlxalq standartlara cavab verən dərman preparatları istehsal edən xarici şirkətlərlə əməkdaşlıq edirik. Ona görə də Avropa, Asiya, ABŞ və MDB ölkələrinin ən tanınmış, GMP standartlarına uyğun zavodları olan qabaqcıl şirkətləri ilə əlaqələr qururuq. Dərmanların keyfiyyət göstəricilərinə xüsusi fikir veririk. Azərbaycana idxal etdiyimiz bütün dərmanların istifadə üsulları harada? qeyd edilir və hər birinin yararlılıq sertifikatı var. Dərmanlar laborator yoxlamadan və dövlət qeydiyyatından keçirilir. Əməkdaşlıq etdiyimiz şirkətlər sırasında dünyada qabaqcıllığına görə 5-ci yerdə olan ABŞ-ın Elililly, Hindistanın təcrübəli, böyük və dünyada tanınmış Cipla LTD (Bütün dünya şirkətlərinin xammalının 50 faizini bu şirkət verir), HİV-ə qarşı ən öncül dərman preparatları istehsalçısı olan Emcure və s. şirkətlər var.

 

- “Keşəli” şirkətinin kadr siyasəti necə qurulub?

 

- Kadr seçərkən biz işçilərin savadına, yeni texnologiyaları mənimsəmə qabiliyyətinə və ünsiyyət qurmaq bacarığına xüsusi diqqət yetiririk. Ümumiyyətlə, bilik və müasirliyin vəhdəti bizim üçün əsas meyardır. Bu gün şirkətimizin 90 nəfər işçisi var. Onlardan 65 nəfəri ali təhsilli mütəxəssislərdir. Qeyd edim ki, biz hər il təxminən 10 mütəxəssisimizi Avropa ölkələrinə, həmçinin Hindistana və Rusiyaya ixtisaslaşma kurslarına göndəririk. Bu yolla həkimlərimizin elmin ən yeni uğurlarına bələd olmalarına nail oluruq.

 

- Ölkəyə gətirdiyiniz yeni dərmanların əczaçılıq bazarında yaxşı tanınması üçün şirkətiniz hansı işləri görür?

 

- Öncə qeyd edim ki, “Keşəli” yaranan gündən indiyə qədər ölkəmizə yeni dərmanlar idxal edir. Yəni şirkətimiz bu sahədə qabaqcıldır. Ümumiyyətlə, “Keşəli”nin strateji inkişaf məqsədi sınaqdan keçmiş yeni orijinal dərman preparatlarını Azərbaycan bazarına daxil etməkdir.

 

Ancaq bazara daxil etdiyimiz dərmanın təbliği gərgin əmək tələb edir. Belə ki, mütərəqqi həkimlər yeni preparatların tətbiq olunmasından çəkinmir, yeniliyi həvəslə qəbul edirlər. Bəzi həkimlər isə bu sahədə mühafizəkar mövqe tuturlar. Biz həmin həkimlərlə də iş aparırıq. Və təklif etdiyimiz yeni preparatların müsbət cəhətlərini izah etməyə çalışırıq. Ən yaxşı təbliğat isə preparatla aparılan müalicənin müsbət nəticələridir. Yəni həkimlər müalicənin səmərəsini gördükdən sonra həmin preparatdan istifadə etməyə üstünlük verirlər. Belə bir misal gətirim. 2003-cü ildə biz ilk dəfə «Qatizen» preparatını ölkəyə gətirdik. Həmin dövrdə bu preparatların tətbiqi ilə bağlı müəyyən çətinliklərlə rastlaşmışdıq. Lakin bu preparatın səmərəsini gördükdən sonra həkimlərimiz xəstələrin müalicəsində «Qatizen»dən geniş istifadə edirlər.

 

Ancaq dünyada ən çox satılan bəzi dərmanlar (məsələn, muskaril) var ki, Azərbaycanda hələ də qəbul edilmir. Bəzi dərmanlara tələbat səviyyəsi isə müxtəlif ölkələrdə fərqlidir. Hətta eyni ölkənin rayonlarında da bu fərq hiss olunur. Ona görə də biz hansısa dərmanı ölkəyə gətirməzdən əvvəl bazarın analizini aparırıq, ayrı-ayrı xəstəliklərin ölkə üzrə yayılma səviyyəsini öyrənirik, respublikanın tanınmış mütəxəssislərinin rəyini soruşuruq və qərar qəbul edirik.

 

Bu proses müəyyən vaxt, gərgin əmək, səbr tələb edir və çalışırıq ki, bu işi günün tələbi səviyyəsində həyata keçirək.

 

- Bildiyimizə görə, “Keşəli” şirkəti xeyriyyə işləri ilə də məşğul olur...

 

- Bəli, biz hərbi hissələrə, xəstəxanalara müxtəlif dərman preparatları veririk. Buna görə dəfələrlə hərbi hissə komandirlərindən təşəkkür məktubları almışıq. Bayramlarda və xüsusi günlərdə uşaq və qocalar evlərinə, imkanı olmayan şəxslərin müalicəsi və ya əməliyyatına da kömək edirik. Bizim həyata keçirdiyimiz xeyriyyə işləri ilə öz vətəndaşlıq borcumuzu yerinə yetiririk.

 

Onu da qeyd edim ki, “Keşəli” şirkəti həm də mütəmadi olaraq Səhiyyə Nazirliyi işçilərinin dünyada və MDB məkanında keçirilən konfranslarda iştirak etməsinə təşkilatçılıq edir. Bu yaxınlarda şirkətin 5 nəfər işçisi və 4 nəfər DVAEM əməkdaşı İtaliyada keçirilmiş seminara göndərildi. Seminar dərmanların GMP standartlarına uyğun keyfiyyətli hazırlanması yolları və onların həkimlər arasında təbliğ olunmasının etik cəhətləri mövzularında keçirildi.

 

- Sizin şirkətiniz tərəfindən AİDS xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə də dəstək göstərilir…

 

- Əczaçılıq biznesinin normal fəaliyyət göstərməsi üçün ilk növbədə qanunvericilik bazası və stabillik tələb olunur. Əvvəllər qanunvericiliklə bağlı müəyyən problemlər olduğu üçün xəstələrimiz dərmansız qalmışdı. Hazırda istər qanunvericilik sahəsində, istərsə də səhiyyə sahəsində olan əksər problemlər öz həllini tapıb. Bu, dərman bazarında müəyyən qayda-qanunun yaradılmasına da öz töhfəsini verib. AİDS-dən əziyyət çəkən insanların müalicəsi istiqamətində ölkəmizdə xeyli işlər görülüb. Bizim şirkətimiz isə belə xəstələrin müalicəsində fasilə yaranmaması üçün böyük səy göstərib. Lazid, Tavin-EM, Nevir, Ercure-600 kimi antiretrovirus preparatlarını bazara gətirmişik və həmin dərmanlar xəstələrə verilir.

 

 Sonda gələcək planlarınız haqqında. Şirkətiniz region dərman bazarında hansı yeni addımları planlaşdırır?

 

- Yaxın gələcəkdə qonşu respublikaların – Gürcüstanın, Rusiyanın, Qazaxıstanın əczaçılıq bazarına yeni, keyfiyyətli preparatlarla daxil olmağı nəzərdə tuturuq. Biz ölkəmizə hər zaman insanların sağlamlığının təmin edilməsi üçün keyfiyyətli preparatların gətirilməsi üçün çalışacağıq. Bizim üçün əsas şərt insanlarınn maraqlarının təmin olunmasıdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013