Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Krevetlər infarktdan xilas edə bilər

16 fevral 2008

 

Məlumdur ki, müxtəlif antioksidantların uzunmüddətli profilaktik istifadəsi ürək-damar sistemini möhkəmlətməyə, ürəyin işemik xəstəliyinin, miokard infarktının, hipertoniya xəstəliyinin və insultun yaranma riskini azaltmağa imkan verir. Bu maddələrə isə bəzi balıqların, quşların və bitkilərin toxumalarında daha çox rast gəlinir.

 

Avstraliya alimləri kiçik dəniz heyvanları olan krevetlərin başlarından antioksidant maddə olan astaksantin piqmenti almağa müyəssər olublar. Bu kəşfin müəllifi Yeni Cənubi Uels Universitetinin əməkdaşı Renak Karappasvamidir. Onun sözlərinə görə, bu xırda dəniz xərçənglərinin bişirilmə zamanı qızarmasına səbəb olan həmin piqment öz xassələrinə görə meyvə və tərəvəzlərdə aşkar edilmiş ən güclü antioksidantlardan 10 dəfə, E vitaminindən isə 500 dəfə təsirli antioksidantdır. O, insan hüceyrələrini qocalmadan müdafiə edir.

 

Astaksantin ilk dəfə alimlər tərəfindən 1936-cı ildə iri dəniz xərçəngləri olan omarlardan alınıb. Bu maddə dərinin epiteli qatının qabıqdan çıxması prosesində iştirak edir, hüceyrələrin yeniləşməsini stimullaşdırır, insan orqanizmini xarici və daxili toksik təsirlərdən müdafiə edir.

 

Ümumiyyətlə, bəzi qida maddələri, A, C və E vitaminləri, selen və sink də antioksidantlardır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013