Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səhiyyə sahəsində çox böyük işlər görüldüyünü və uğurlar qazanıldığını qonaqların diqqətinə çatdırdı. İtaliyanın səhiyyə sistemi ilə artıq bir neçə il əvvəldən müəyyən qarşılıqlı əlaqələrin qurulduğunu vurğuladı. Nazir bu əlaqələrin daha da genişləndirilməsinin vaxtının çatdığını bildirdi. Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrində kifayət qədər İtaliya istehsalı olan tibbi avadanlıqların olduğunu dedi. O cümlədən tibbin müxtəlif sahələri üzrə mütəxəssis mübadiləsinn həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Oqtay Şirəliyev hazırda tibb sahəsində çalışan mütəxəssislərin yüksək səviyyədə hazırlanmasının zəruriliyini bildirdi. İtaliyada fəaliyyət göstərən yaxşı mütəxəssislərin ölkəmizdə öz sahələri üzrə çalışmasından və eyni zamanda Azərbaycanda kadrların hazırlanması, tədris işinə vaxt ayırmalarından, bu istiqamətdə yardım etmələrindən məmnun olacağını vurğuladı.

 

Bundan əlavə ölkəmizdə yeni tibb müəssiələri yaradılarkən onların dizaynı, təchizatı və idarə edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın önəmini diqqətə çatdırdı.

 

İqtisadi inkişaf naziri Federika Quidi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi. O, ölkəmizlə İtaliya arasında ikitərəfli əlaqələrin, xüsusilə neft və qaz sahəsində çox yüksək inkişaf etdiyini bildirdi. İtaliya şirkətlərinin ölkəmizdə fəaliyyətinin digər sahələr üzrə də gücləndiriləcəyinə ümid etdiyini dedi. Xanım F.Quidi həmçinin qeyd etdi ki, İtaliya şirkətləri səhiyyə müəssisələrinin tikilməsi, avadanlıqla təminatı və onların idarə edilməsi sahəsində də geniş təcrübəyə sahibdirlər və bu təcrübəni bölüşməyə hazırdırlar.

 

Qonaq artıq İtaliyanın böyük şirkəti ilə Azərbaycan Səhiyyə Nazirliyinin əlaqələrinin olmasını, onların xəstəxana tikintisi ilə bağlı layihə təqdim etməsini qarşılıqlı əlaqələrin başqa sahələrdə də inkişafına töhfə verdiyini dedi.

 

İqtisadi inkişaf naziri Federika Quidi İtaliyada tibb sahəsi üzrə milli idarəetmə sahəsi yaradıldığını diqqətə çatdırdı. O, həmin sistemə aid bir sıra pilot layihələri təqdim edə biləcəklərini bu pilot layihələrdən birinin də milli tikinti şirkətinin xəstəxana layihəsi olduğunu dedi.

Səhiyyə naziri Oqtay Şirəliyev qonağa maraqlı təkliflərinə görə təşəkkür etdi. İtaliya şirkətləri yaxşı layihələr təqdim edəcəkləri təqdirdə onlarla birlikdə işləyə biləcəklərini vurğuladı.

 

Sonda nazir Azərbaycan Səhiyyə Nazirliyinin yüksək səviyyəli italiyalı mütəxəssislərin ölkəmizdə praktik və tədris fəaliyyəti göstərməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd etdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/04/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->