Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

4 may 2015-ci il tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı

2015-ci il 4-5 may tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ” Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı. Konqresin açılışı və ilk günü Ə.Əliyev ad.ADHTİ-da baş tutdu. Giriş sözü ilə Ə.Əliyev ad. ADHTİ-nun rektoru professor N.A.Qasımov çıxış edərək konqres iştirakşılarını və dəvət olunmuş qonaqları salamladı. Rektor N.Qasımov Azərbaycanda müstəqillik əldə edildikdən sonra, xüsusən də son illərdə bütün sahələrdə olduğu kimi səhiyyədə də özünü biruzə verən dinamik inkişafdan danışdı. Bildirdi ki, Azərbaycan Dövləti başda Prezident İlham Əliyev cənabları olmaqla xalqın sağlamlığının qorunmasını prioritet məsələ kimi qarşıya qoyaraq əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün bütün zəruri tədbirləri əzmlə həyata keçirir. Bu baxımdan ADHTİ-nin professor-müəllim heyəti də öz məsuliyyətini dərindən anlayaraq gündəlik fəaliyyətini məhz bu prioritetlər üzərində qurur. O, qeyd etdi ki, alimlərin qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycan tibb elmini inkişaf etdirmək və onun dünya tibb təcrübəsinə inteqrasiya olunmasına nail olmaqdır. Bunun üçün Dövlətimiz tərəfindən bütün imkanlar yaradılmışdır. Təsadüfi deyil ki, məhz son illərdə institut Səhiyyə Nazirliyinin bilavasitə dəstəyi ilə Türkiyə, Rusiya, Belarusiya, Almaniyanın və digər ölkələrin aparıcı universitetləri ilə tibb təhsili və elmi araşdırmalara dair beynəlxalq sazişlər imzalamışdır. Həmin sazişlər əsasında institutun onlarla əməkdaşı adı çəkilən təhsil müəssisələrinə ezam olunaraq orada ən müasir texnologiyalara yiyələnir və geri dönərək əldə etdikləri bilik və təcrübəni müvəffəqiyyətlə öz gündəlik iş praktikasına tətbiq edirlər. Artıq fərəh hissi ilə qeyd etmək olar ki, bu gün respublikamızda əhaliyə ən müasir diaqnostika və müalicə metodları əsasında tibbi xidmət göstərilir, ən mürəkkəb cərrahi əməliyyatlar, o cümlədən orqan transplantasiyası yerli həkimlər tərəfindən məharətlə icra olunur. Beynəlxalq əməkdaşlığın digər forması birgə elmi araşdırmalar, əldə edilmiş nailiyyətlərin müxtəlif səpkili elmi toplantılarda aparıcı alim-mütəxəssislərin iştirakı ilə müzakirə olunmasıdır. Bu məqsədlə onlarla əməkdaşımız müxtəlif beynəlxalq tibb assosiasiyalarının təşkil etdiyi çoxsaylı konqres, konfrans və simpoziumlarda məruzələrlə çıxış edir, onların elmi araşdırmalarının nəticələri yüksək impakt faktorlu tibb jurnallarında nəşr olunur. Natiq bildirdi ki, ölkəmizin artan nüfuzu, elmi potensialın durmadan yüksəlməsi bizə olan inamı artırmış və təsadüfi deyil ki, biz hazırda iri miqyaslı elmi toplantılara ev sahibliyi edirik. Bu gün işinə başlayan Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi məhz bu cür tədbirlərdəndir.Qeyd etmək istərdim ki, azərbaycanda cərrahiyyənin bölmələrindən biri olan urologiyanın inkişafı institutumuzun uzun illər rektoru olmuş akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1966-cı ildə keçmiş Sovetlər Birliyində ilk dəfə olaraq Bakı şəhərində ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi-Respublika Klinik Uroloji xəstəxana yaradılmış, burada urologiya və operativ nefrologiyanın bütün bölmələri, o cümlədən hemodializ, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi-genetik məsləhətxana təşkil olumuşdur. Akademik M.Cavadzadə azərbaycan uroloji məktəbini yaratmış, onun tərəfindən 1972-ci ildə Qafqaz və Orta Asiya ölkələrində ilk dəfə böyrəkköçürmə əməliyyatı aparılmışdır. Bu gün də dünyaşöhrətli alim, akademik M.Cavadzadənin adını daşıyan və Ə.Əliyev adına ADHTİ-nun klinik bazası olan RKUX-nın Azərbaycan səhiyyəsində özünəməxsus yeri vardır. Son illərdə bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə əsaslı təmir və ən yüksək standartlara uyğun təchiz olunan klinikada yaradılan şərait əhaliyə göstərilən uroloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, urologiya sahəsində çoxistiqamətli elmi-tədqiqat işlərinin aparılmasına, Urologiya və operativ nefrologiya kafedrasında mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə geniş imkanlar yaradır. Fəxrlə qeyd etmək olar ki, bu gün Azərbaycanda ən qabaqcıl müxtəlif endo-uroloji mini-invaziv cərrahi əməliyyatlar, böyrək transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Daha sonra Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti prof.S.Cavad-zadə də öz növbəsində çıxış edərək iştirakçıları və qonaqları salamladı və onları konqresin gedişində aktiv iştirak etməyə səslədi. O qeyd etdi ki, konqresdə Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan və Belarusiyadan dəvət olunmuş professorlar iştirak edəcəklər. Həmçinin konqres çərçivəsində müasir endoskopik texnologiyaların tətbiqi ilə əməliyyatların icrası və onların konfrans salonuna birbaşa ötürülməsi nəzərdə tutulmuşdur.

Konqresdə ilk məruzəni Almaniyalı mütəxəssis, prof.Yens Rassvayler ” Sidikdaşı xəstəliyinin intervension müalicəsinin nailiyyətləri“ mövzusunda etdi. Daha sonra prof.A.Martovun (Rusiya) ” Endourologiyada innovasiyalar“, prof. V.Fiqarov və prof.S.Cavad-zadənin (Azərbaycan)” Sidik axarı daşlarının endoskopik müalicəsi“, prof.K.Sarıca ” Sidik daşı xəstəliyinin müalicəsində tutukonun effektivliyi. Yeni pre-klinik tədqiqatların nəticələri“,prof.F.Asfandiyarov(Rusiya) ” Uretra strikturalarının müalicəsində stent qoyma əməliyyatının tətbiqi“,prof.Q.Karazanaşvıli(Gürcüstan) ” Prostat vəzin oliqometastatik xərçənginin cərrahi müalicəsi“,prof.İ.Masanski (Belarus) ” Sidik kisəsi xərçənginin müalicəsində yeni monoblok TUR tətbiqi: cərrahiyyə texnikasının xüsusiyyətləri və nəticələr“, prof.E.Çeban(Moldova) ” Sidik daşı xəstəliyinin metafilaktikası“, M.Hüseynov(Azərbaycan) ” Uretranın hipospadiyasında apardığımız rekonstruktiv əməliyyatlar“mövzularında məruzələri dinlənildi.Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılandı, mövzu ətrafında diskusiyalar aparıldı, çoxsayli suallar cavablandırıldı.

Nəzərdə tutulduğu kimi 5 may 2015-ci il tarixində A.Martov(Rusiya) tərəfindən ” Böyrək daşının retroqrad intrarenal cərrahiyyəsi“ və ” Sidik kisəsi şişinin SPİESvizuallaşması ilə En-bloc rezeksiyası“, E.Qallyamov tərəfindən (Rusiya) ” Radikal laparoskopik nefrektomiya“kimi canlı əməliyyatlar aparılacaq və onların icrası konfrans salonuna birbaşa ötürüləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

5/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->