Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev ÜST Assambleyasının 68-cı sessiyasında iştirak etmişdir

18-26 may 2015-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 68-cı sessiyası keçirilmişdir. Səhiyyə naziri cənab Oqtay Şirəliyev və nümayəndə heyəti tədbirdə iştirak etmişdir.

Tədbirin gündəliyinə ÜST Baş Direktoru Dr. M. Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, əlillik və həssas qrupların sosial həyata qaytarılması, sağlam həyat tərzinin təşviqi, səhiyyənin sosial determinantları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, layihə- büdcə komitəsinin hesabatı, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilmişdir.

ÜST İcraiyyə Komitəsinin 135-cü yanvar və 136-cü may sessiyalarının xülasəsi, habelə ÜST islahatları, resursların strateji bölgüsü, inzibati məsələlər, 2014-2020-ci illər üçün qeyri infeksion xəstəliklərə qarşı mübarizə konsepsiyası, ana və uşaqların sağlamlığı, dərman vasitələrinin istehlakı üçün qanun-hüquqi bazanın təkmilləşdirilməsi, tibbi araşdırmalar üzrə ekspert qrupların rəyi, üzv ölkələrin daxili siyasətində səhiyyə və sosial məsələlərin əhəmiyyəti, beynəlxalq sanitar qaydalar, və digər məsələlər əks etdirilmişdir.

Sessiyanın açılış mərasimində Almaniyanın Federal Kansleri xanım Angela Merkel dəvət olunmuş məruzəçi qismində sıxış etmişdir.

Xanım Merkel məruzəsində yeni təzahür edən Ebola virus infeksiyasına qarşı inkişaf etmiş ölkələrin maliyyə və texniki yardımı, səhiyyə sistemlərinin təkmilləşdirilməsi, qlobal dünyada bütün insanların səhiyyə xidmətlərinə hüququnu, beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən danışmışdır.

Hər il olduğu kimi 68-ci sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Marqaret Çan hesabat məruzəsi ilə çıxış etmişdi.

Baş Direktor öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin inkişaf məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən söz açmışdı.

Baş Direktor ana və uşaq sağlamlığının qorunması və yenidən son zamanlar Yaxın Şərqdə baş verən siyasi hadisələrdə səhiyyə məsələlərinin həlli, habelə infeksion və qeyri infeksion xəstəliklərə qarşı aparılan mübarizənin uğurlu nəticələrindən söz açmışdır. Baş Direktor öz nitqində qeyri infeksion xəstəliklərə qarşı mübarizənin qloballaşdırılması və bunun bütün ÜST regionlarına şamil edilməsinin əhəmiyyətini vurğulayaraq infeksion xəstəliklərlə mübarizədə 2005-ci ildə qüvvəyə minən Beynəlxalq Tibbi Sanitar Qaydalarının əhəmiyyətini xüsusi qeyd etmişdir.

 

Sessiya ərəfəsində nümayəndə heyəti başda O.Şirəliyev olmaqla, bir sıra əhəmiyyətli görüşlər keçirmişdir. Belə görüşlərdən biri, ÜST Baş Direktoru Dr. Marqaret Çanla baş tutmuşdur. 18 may 2015-ci il tarixdə Cenevrə şəhərində Dr. Marqaret Çan ilə keçirilən görüşdə dünyada baş verən Ebola virus infeksiyasına qarşı mübarizə və hazırlıq tədbirləri, infeksion xəstəliklərin trans milli sərhədlərdən yayılması və ÜST ekspertlərinin bu sahədə qazandığı müsbət təcrübə məsələləri müzakirə olunmuşdu.

Azərbaycan tərəfi də öz növbəsində ölkəmizdə bu infeksiyaya qarşı aparılan çevik hazırlıq tədbirlərindən, kifayət qədər xəstəxana çarpayı və müvafiq müalicə ehtiyatının olması haqqında baş direktora təfsilatı ilə məlumat vermişdi.

M. Can Azərbaycanın son zamanlar bir sıra beynəlxalq tədbirlərin keçirilməsi üçün ev sahibliyi etdiyini təqdirlə vurğulayaraq, eyni zamanda tədbirlərin təhlükəsizliyinin təmini və infeksiyalara qarşı mübarizə fəaliyyətlərinin müstəsna əhəmiyyətini qeyd etmişdi.

Görüşün sonunda Baş Direktor Birinci Avropa Oyunlarının Açılış Mərasiminə dəvət üçün Zati Alinizə təşəkkür edərək, iştirakını təsdiq etmişdi.

Assambleyanın ilkin plenar müşavirəsindən sonra Türkmənistan, və Belarus Respublikasının Səhiyyə Nazirləri ilə görüş keçirilmişdi. Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunmuşdu.

Portuqaliya nümayəndələri və Qlobal Fond təşkilatı ilə işçi görüşlər keçirilmişdi.

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında Vərəmə qarşı mübarizə, Təbii çiçək virusunun ləğvi, immunoprofilaktika, epilepsiyaya qarşı mübarizə, malyariyanın eliminasiyası, epidemioloji nəzarətə dair çıxışlar etmişdi.

20 may 2015-ci il tarixində Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyəti vətənə qayıtmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

27/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->