Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair

Əksər ölkələrdə, xüsusilə də inkişaf etmiş qərb olkələrdə ölduğu kimi Azərbaycanda da qeyri-infeksion xəstəliklərin (QİX) (qan dövranı sistemi xəstəlikləri, bədxassəli yenitörəmələr, şəkərli diabet və tənəffüs sisteminin xroniki xəstəlikləri) son 10 il ərzində xəstələnmə və ölüm strukturunda payı artmışdır.

Bunu nəzərə alaraq həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklər üzrə mübarizəsi səhiyyə sistemlərinin və ümumiyyətlə dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir.

 

2012-ci ildə qəbul edilən “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair strategiyanın hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur. Artıq 2013-cü ildən strategiyanın hazırlanması prosesi başlanmışdır.

 

23 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın əsas məqsədi Azərbaycanda həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldılmasına nail olmaqdır.

 

Strategiyanın vəzifələri bu xəstəliklərə mübarizə üzrə səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması, QİX-nin risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün effektiv tədbirlərin həyata keçirilməsi, QİX-in qarşısının alınması və ona nəzarətin yaxşılaşdırılması üçün tibbi xidmətlərin (o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya və palliativ qayğının) gücləndirilməsi, bu sahədə informasiya imkanlarının təkmilləşdirilməsi və tədqiqatların dəstəklənməsi, və QİX üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması vasitəsi ilə Strategiyanın icrası və nəticələrinin izlənilməsidir.

 

Strategiya çərçivəsində nəzərdə tutulan tədbirlər səmərəlilik, bərabərlik və ədalətlilik prinsiplərinə əsaslanaraq sektorlararası sıx əməkdaşlığı, QİX-ə yalnız səhiyyə problemi kimi deyil, ümumiyyətlə cəmiyyətin problemi kimi yanaşmağı və məhz bu nöqteyi nəzərdən görülən işlərin eyni zamanda bir sıra istiqamətlər üzrə həyata keçirilməsini tələb edir.

 

Burada tək səhiyyə sisteminin tədbirlərinin və tibb xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsi, həyat tərzinin dəyişməsinin və öz sağlamlığına məsuliyyətli yanaşmanın təbliği, QİX-in risk amilləri ilə mübarizə üzrə hüquqi-normativ bazanın gücləndirilməsi, vergi və maliyyə sistemilərinin təkmilləşdirilməsi, şəhərsalma prosesində müvafiq şəraitin (idman obyektlərinin və parkların) daim nəzərdə saxlanılması, informasiya sistemlərinin və kommunikasiya vasitələrinin QİX-lə mübarizə prosesində fəal istifadəsi və ümumi siyasi və qərarvermə səviyyələrində QİX probleminin daim nəzarət altında saxlanılması zəruridir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/12/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->