Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

25.12.2015-ci il tarixində Səhiyyə Nazirliyinin inzibatı binasında ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda cari il ərzində görülən işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənildi.

 

İclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev iclas iştirakçılarının salamladı və çıxış üçün ilk sözü Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G. Poladova verdi.

 

Şöbə müdiri öz sözlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq hətta bütün dünya üçün çətin olan 2015-ci ildə də ölkəmiz inkişaf etməkdə davam etməsi ifadəsi ilə başladı.

 

Dövlət başçısının sosial yönümlü siyasətinin nəticəsi olaraq son 5 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 2 dəfəyə yaxın artmışdır.

Bunun nəticəsində son illər Azərbaycanda 600-ə yaxın səhiyyə müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmişdir.

2015-ci ildə iri səhiyyə ocaqlarının, o cümlədən Mingəçevir, İsmayıllı, Göyçay və Ucar rayon Mərkəzi Xəstəxanalarının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir.

 

Bu il Respublika Klinik Xəstəxanasında aparılan təmir işləri başa çatdırılmışdır. Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrində, həmçinin Mamalıq - ginekologiya, Tibbi Bərpa İnstitutlarında, o cümlədən Respublika Uşaq Stomatoloji mərkəzində təmir tikinti işləri davam etdirilir.

 

Daha sonra G. Poladov əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolunu qeyd etdi. Bildirdi ki, son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır.

 

Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı ərazidə alır. 2015-ci ildə Mingəçevir, İsmayıllı rayonlarında və Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılmışdır.

 

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. 2015-ci il ərzində 1 xəstəyə Astara rayonunda olmaqla 81 nəfərə böyrək köçürülümüşdür. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürmüşdür.

 

Ana və uşaqların sağlamlığının qorunması məqsədilə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramı, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Bu proqramlar çərçivəsində ana və uşaqlara xidmət göstərən tibbi müəssisələrin maddi-texniki bazası möhkəmləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır.

 

G. Poladov diridoğulmanın beynəlxalq meyarları qəbul olunduğunu və 2015-ci ilin yanvarın 1-dən onların tətbiqinə başlanılacağını diqqətə çatdırdı. Belə körpələrin xilası əvvəllər bir möcüzə kimi qiymətləndirilirdisə, indi ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 260 yenidoğulmuşdan 97-ni xilas edərək yüksək göstəricilərə imza atmaq mümkün olmuşdur.

 

Uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2015-ci ildə uşaqların 92%-dən çoxu müayinələrə cəlb olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 6%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 1%-ı isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur.

Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilmişdir.

Əgər 2010-cu ildə Respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edir. Beləliklə, ana ölümü əmsalı hər 100 min diridoğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enmişdir.

 

Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 240 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

 

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir.

Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə 2015-ci ildə bu rəqəm 33 tondan çox olmuşdur.

 

Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

G.Poladov vurğuladı ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılmış, və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalmışdır. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır.

 

2014-cü ildə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılmışdır. Bu gün biz fəxrlə deyə bilərik ki, artıq Azərbaycanda 25 uşağa sümük iliyi köçürülmüşdür.

 

Cənab Prezidentin təşəbbüsü ilə nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə ki, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilmişdir. Müayinə olunanların arasında 40 cütlük aşkar edilmişdir. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilmişdir. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilmişdir.

 

Hazırda Respublikamızda 1480 hemofiliyalı xəstə qeydiyyatdadır. Uğurla həyata keçirilən Dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunmuşdur.

Bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmış, Milli Onkoloji Mərkəzdə cənubi Qafqazda ilk dəfə ən müasir tibbi diaqnostika üsulu olan pozitron emission tomoqrafın quraşdırılması başa çatmışdır. Bu texnologiyalarla işləmək üçün müvafiq mütəxəssislər hazırlanmışdır.

Onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması nəticəsində ilkin xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 97,0-dən 2015-ci ildə 101,0 qalxmışdır.

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 515 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksəkeffektli dərman preparatları ilə pulsuz təmin olunurlar.

“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə Tədbirlər planı təsdiq edilmiş və bu gün uğurla həyata keçirilir.

 

Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün İİV və QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı” hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Proqram xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədilə geniş profilaktik tədbirlərin aparılmasına, xəstələrin davamlı müalicəsi üçün antiretrovirus preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laborator xidmətin müasir avadanlıq və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəlmişdir.

 

Bu gün Respublikada yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər epidemioloji sabitliyi qoruyub saxlamağa imkan vermişdir.

Ölkə üzrə peyvənd planının təxminən 95-96% yerinə yetirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilmişdir.

Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunmuşdur. 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı da azalmışdır.

Son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” yaradılmışdır.

 

Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat almışlar. Hazırda 2356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.

Şöbə müdiri öz çıxışında ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparıldıöını kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunmuşdur. Sevindirici haldır ki, bu gün belə əməliyyatların aparılması üçün hətta qonşu ölkələrin vətəndaşları bizə müraciət edirlər. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılmışdır.

 

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilin sentyabrında Nazirliyin müvafiq əmri ilə “Koxlear implantasiya əməlliyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya yaradılmışdır. Belə ki, bu qısa müddət ərzində 52 nəfər komissiyaya müraciət etmişdir. Artıq 4 uşağa Dövlət hesabına koxlear implantasiya əməliyyatı uğurla icra edilmişdır.

 

Əhalinin sağlamlığının qayğısına qalan cənab Prezidentin təşəbbüsü ilə bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif tibbi müayinələrə cəlb olunmuşdur. Bu da, şübhəsiz ki, xəstəliklərin vaxtında aşkarlanmasına və müalicəyə cəlb edilməsinə, o cümlədən tezliklə əhalinin sağlamlıq göstəricilərinə öz müsbət təsirini göstərmişdır.

 

Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanmışdır. Hazırda satışda olan 3 minə yaxın dərman vasitələrinin qiymətləri aşağı endirilmişdir. O cümlədən preparatların 53%-nin qiyməti 2 dəfədən çox, 28%-nın qiyməti isə 3 dəfədən çox ucuzlaşdırılmışdır. Bu, həqiqətən də, çox ciddi sosial təşəbbüsdür və hər bir insanın gündəlik problemlərinin həllinə yönəldilmiş vacib addımdır.

 

Vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdularsa, indi isə bir növ Səhiyyə Nazirliyinin “Asan Xidmət” funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. İl ərzində Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın insan müraciət etmiş, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunmuşdur.

 

Eyni zamanda Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 528 məlumat araşdırılmışdır..

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən bu il Respublikanın 12 regionunda vətəndaşların qəbulu təşkil olunmuş və müraciət edən hər bir vətəndaş qəbul edilmişdir.

Səhiyyəmizin inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr hazırlığıdır.

 

Bu gün ölkə başçısının səyləri, Azərbaycanın dünyada artan nüfuzu sayəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti özünün ilk və yeganə filialını məhz Bakıda açmışdır. Açılış mərasimində çıxış edən həmin Universitetin məzunu və fəxri professoru Mehriban xanım Əliyevanın da vurğuladığı kimi, Seçenov Universitetinin Bakı filialı ölkəmizdə yüksək ixtisaslı tibb kadrlarının hazırlığında əhəmiyyətli rol oynayacaqdır.

Nazirlik tərəfindən son illər ərzində kadr hazırlığı sahəsındə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

 

2015-ci ildə Rusiya Diplomdansonrakı Tibb Akademiyası, Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti, Minsk Sümük İliyi Transplantasiyası Mərkəzi və Amerika Ürək Assosiasiyası mütəxəssislərin cəlb edilməsi ilə Azərbaycanda aparılan nəzəri praktiki təlimlərdə 255 müdavim iştirak etmişdir.

Beynəlxalq əlaqələr çərçivəsində 2015-cü ildə 65 rezident-həkim təhsillərinin bir hissəsini Almaniya və Türkiyədə davam etdirmişdir.

Tibb işçilərinin təkmilləşdirilməsi və sertifikatlaşdırılması işi də davam etdirilmişdir. İl ərzində 5200 həkim və 9500 orta tibb işçisi təkmilləşmə kurslarından keçmiş, 3354 həkim və 7399 orta tibb işçisi sertifikat almışdır.

 

2015-ci ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilmişdir. Cari ildə keçirilmiş imtahanlar nəticəsində 258 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuşdur.

Vahid Səhiyyə İnformasiya Sistemi”nin formalaşdırılması, o cümlədən səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 38 elektron xidmət artıq fəaliyyət göstərir. 2015-ci il ərzində “Elektron Səhiyyə” internet portalı vasitəsi ilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox istifadə qeydə alınmışdır.

 

Bundan əlavə hesabat ili ərzində tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin (Forma 88) vahid mərkəzləşdirilmiş reyestri yaradılmışdır. Talassemiya ilə mübarizə sahəsində qəbul olunmuş Dövlət Proqramı çərçivəsində nikah üçün tibbi arayışların məlumat bazası yaradılmış və respublika üzrə 69 tibb müəssisəsi və 4 ASAN xidmət mərkəzində tətbiq olunmuşdur.

 

Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi təkmilləşdirilmişdir. Tibb işçilərinin mərkəzləşdirilmiş işə qəbulu və sertifikasiya üzrə informasiya sistemləri yeni qaydalara uyğun olaraq hazırlanmışdır.

Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır.

 

Bu ilin ən mühüm hadisəsi Bakı 2015 Avropa Oyunları oldu. Qitə tarixində ilk belə möhtəşəm idman bayramında tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşürdü. Oyunlar müddətində müxtəlif sağlamlıq problemləri ilə 6381 müraciət olmuş və lazımi tibbi yardım göstərilmişdir.

Beynəlxalq mütəxəssislər bu tədbir dövründə tibb xidmətinin təşkilinə yüksək qiymət vermişlər. Tibbi xidmətin səviyyəsi, keyfiyyəti ilə bağlı heç bir irad, nöqsan qeyd olunmamışdır.

 

G.Poladov çıxışının sonunda qısa məruzədə səhiyyə sahəsində görülmüş işlər barəsində tam məlumat verməyin mümkün olmadığını bildirdi. Və sonda hər zaman, hər an, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səhiyyəyə olan xüsusi diqqət və qayğısını hiss etdiyimizi və bunun da tibb işçilərinin məsuliyyətinin artırdığını, gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırdığını vurğuladı. Qeyd etdi ki, dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.

 

Daha sonra çıxış edən Sanitariya-epidemioloji nəzarət sektorunun aparıcı məsləhətçisi N. Məmmədova, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Ə.Məmmədov, Talassemiya Mərkəzinin direktoru C.Məmmədov, Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ə. Əliyev, Səhiyyə Nazirliyin baş məsləhətçi-mətbuat katibi L.Bayramova 2015-ci il ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqda kollegiya iştirakçılarına məruzələrlə məlumat verdilər.

 

Geridə qoymaq üzrə olduğumuz 2015-ci il ərzində görülən işlər haqqında hesabatlar dinlənildikdən sonra kollegiyanın yekun nəticələri haqda səhiyyə naziri Oqtay Şirəliyev danışdı.

 

Cənab nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını vurğuladı və qeyd etdi ki, 2015-ci ilin sosial-iqtisadi inkişafı, səhiyyə sahəsindəki inkişafda da öz əksini tapıb. 2015-ci ilin ölkə səhiyyəsinin həyatında böyük əhəmiyyət kəsb etdiyini, zəngin hadisələrlə yadda qaldığını bildirdi. O.Şirəliyev görülmüş işlərin bir çoxunun ürəkaçan olması gələcəkdə daha da fəal, daha da səylə çalışmaq üçün əlverişli imkan yaratdığını qeyd etdi.

 

Sonra səhiyyə naziri qarşıda görüləsi işlər, üzümüzə gələn 2016-ci il üçün nəzərdə tutulan bir sıra məsələlərə dair fikirlərini kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Cənab Oqtay Şirəliyev əsas məsələlərdən bir necəsini xüsusi vurğuladı. Bunlarda səhiyyənin ən prioritet sahələri olan ana və körpələrin ölüm əmsalları, ÜST diridogulma meyarlarının tətbiqinin üstünlükləri, kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə bu il müdavim olmuş həkimlərin bölgələrdə yüksək səviyyədə işlə təminatı, kadrların lazımı qaydada yerləşdirilməsi məsələsi, il ərzində Səhiyyə Nazirliyinə daxil olan müraciətlər çıxışın əsasını təşkil etdi. Cənab nazir Dövlət Proqramlarına müvafiq məsələlərin həlli, qida və dərman vasitələri ilə təminatını xüsusi vurğuladı və qeyd etdi ki, ölkə başçısının səhiyyəyə böyük diqqət və qayğısı səhiyyə sahəsində çox böyük içlər, geniş layihələr həyata keçirilib. Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, əhalinin sağlamlığını əsas vacib məqam sayan ölkə başçısının ayırdığı vəsaitlər sayəsində bir sıra tibb müəssisələri açılıb istifadəyə verilib. Bir necəsinin təmiri gedir və üzümüzə gələn 2016-ci ildə açılması planlaşdırılır.

 

Cənab nazir öz çıxışında tibb işçilərini indən sonra da daha həvəslə, öz peşələrinə yanaşmağı tövsiyə etdi və hər kəsi “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və “Yeni il” münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı, və işlərində müvəffəqiyyətlər arzuladı.

Bununla da 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası başa çatdı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/12/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->