Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elektron Səhiyyə Mərkəzinin fəaliyyətinin bir ili tamam oldu

29.12.2015-ci il tarixində Səhiyyə Nazirliyini nəzdində fəaliyyət göstərən Elektron Səhiyyə Mərkəzinin yaradılmasından bir il ötür.

Mərkəz ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinin rəyi, xahiş, təklif və şikayətlərinin operativ, asan həlli, habelə, korrupsiya hallarının qarşısının alınması sahəsində göstərişlərinin icrası məqsədilə xüsusi tapşırığı və bundan irəli gələn səhiyyə nazirinin imzaladığı əmr əsasında yaradılıb.

 

Elektron Səhiyyə Mərkəzinin əsas məqsədlərinə Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həlli də daxildir.

 

Eyni zamanda, Elektron Səhiyyə Mərkəzi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə dövlət təminatının gücləndirilməsi, yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, vətəndaşların operativ qaydada əlaqələndirilməsini təmin edir.

 

Mərkəzin iş prinsipi də sadə vətəndaş üçün daha sadələşdirilmiş qaydada qurulmuşdur. Belə ki, ölkənin istənilən bölgəsindən vətəndaşın zəngi, müraciəti Səhiyyə Nazirliyinin bütün şöbələri və strukturları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən peşəkar həkimlərdən ibarət operatorlar tərəfindən diqqətlə dinlənilir. Mövzuya dair ətraflı məlumat toplandıqdan sonra məsələnin həlli üçün müvafiq addımlar atılır.

 

Zəruri hallarda “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.

 

Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. bu kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisəsələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə də məlumat verirlər. Belə olan halda “Qaynar xətt”in əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayır vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır.

 

Məlumat qeyd edək ki, son bir il ərzində 2015-ci il ərzində “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 31 mindən artıq müraciət daxil olmuşdur.

 

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinə əhalidən dəfələrlə minnətdarlıq məktubları daxil olub. Çoxsaylı müraciətçi minnətdarlıqları, mərkəzin kollektivini bundan sonrada daha əzmlə və həvəslə öz peşəsinə yanaşmağa sövq edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

29/12/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->