Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır

2015-ci il yanvarın 1-dən Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən mütəmadi olaraq diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ictimai maarifləndirmə işləri həyata keçirir.

 

Belə tədbirlərin davamı kimi, 2015-ci ilin dekabr ayında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirilib.

 

Reproduktiv yaşda olan qadınlar üçün keçirilən görüşlərdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində zəruri addımlara diqqət ayrılıb. Məlumat üçün qeyd edildi ki, bildirildi ki, Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılması ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir. Vurğulandı ki, düzgün həyat tərzi keçirmək və zərərli vərdişlərdən uzaq olmaq, erkən yaşda hamiləlikdən çəkinmək, hamiləliyin 3 aylığından etibarən mütəmadi həkim nəzarətində olmaq vaxtından əvvəl doğuşların qarşısının alınmasına kömək edir. İnteraktiv şəkildə qurulan təqdimatların sonunda mövzu ilə əlaqədar maarifləndirmə materialları paylanılıb.

 

Anoloji maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar-fevral ayları üçün nəzərdə tutulub. Tədbirlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->